Beyləqanda Heydər Əliyev Mərkəzi açılmışdır

 

 Prezident İlham Əliyev Mərkəzdə sahibkarlarla görüş keçirmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, ulu öndər Heydər Əliyevin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Beyləqanda da daim əziz tutulur. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Burada dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin müdrik fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.

Bildirildi ki, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolar nümayiş etdirilir. Burada kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar, məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər fəaliyyət göstərəcəkdir.

Mərkəzin birinci mərtəbəsində rəsm studiyası, fotostudiya, elektron kitabxana, internet otağı, xarici dil kursu, xalçaçılıq və virtual siniflər yerləşir. Burada həmçinin akt, konfrans və ekspozisiya zalları yaradılmışdır. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrdə və respublikamızın regionlarında keçirdiyi görüşləri əks etdirən fotolar yer almışdır. Burada tarixən Azərbaycan ərazisində mövcud olmuş dövlətlər və onların bayraqları xüsusi lazer görüntüləri vasitəsilə nümayiş olunur.

Kitabxanada ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr olunan kitablar, jurnallar, qəzetlər və müxtəlif nəşrlər toplanmışdır.

Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Azərbaycan Prezidenti Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış oldu.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun  iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və digər görülmüş işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verdi. Bildirildi ki, fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.

Bildirildi ki, fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Şahin Mustafayev Prezident İlham Əliyevin tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar görülən işlər barədə də məlumat verdi.

Sonra Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin akt zalında Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi.

Dövlət başçısı görüşdə giriş nitqi söylədi.

İqtisadi inkişaf naziri Şahin Mustafayev, "Qarabağ Taxıl" müəssisəsinin rəhbəri Rəcəb Orucov, "Araz" damazlıq quşçuluq fabrikinin rəhbəri Əlif Heydərov və Füzuli soyuducu anbarının rəhbəri Aydın Hüseynov çıxış etdilər.

Prezident İlham Əliyev görüşdə yekun nitqi söylədi.

Sonda xatirə şəkli çəkdirildi. (Görüşdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.3-4.