Prezident İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun
açılışında iştirak etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Oktyabrın 28-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad
avtomobil yolunun açılışında iştirak
etmişdir.
Dövlət başçısı
avtomobil yolunun sxematik planını əks etdirən stendə
baxdı.
Beyləqan Rayon İcra Hakimiyyətinin
başçısı Vaqif Abdullayev Azərbaycan Prezidentinə
məlumat verdi ki, son on ildə ölkəmizin yol-nəqliyyat
strukturunda əsaslı dəyişikliklər baş
vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq
əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində
tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin
küçə və yolları tamamilə abadlaşdırılır.
Dövlət başçısının sərəncam və
göstərişlərinə əsasən indi əsas diqqət
regionlarda kənd və qəsəbələri birləşdirən
avtomobil yollarının təmirinə yönəldilmişdir.
Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə
güclənməsini nümayiş etdirməklə
yanaşı, dövlətimizin ölkənin istənilən
yerində yaşayan vətəndaşlara göstərdiyi
qayğı və diqqəti əks etdirir. Bu proses Beyləqan
rayonunda da geniş vüsət almışdır. Rayondakı
Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu tamamilə yenidən
qurulmuşdur.
Bildirildi ki, uzun illər təmir işləri
aparılmaması nəticəsində bu yol istismara
yararsız vəziyyətə düşmüşdü.
Qısa müddətdə yenidən qurulan yol əhalinin
gediş-gəlişini xeyli asanlaşdıracaqdır.
Ümumi uzunluğu 35 kilometr olan və müasir standartlar səviyyəsində
qurulan dördüncü kateqoriyalı avtomobil yolunda iki
körpü, on boru su keçidi inşa edilmişdir. Beyləqan
rayonunun on kəndini və Xocavənddən olan məcburi
köçkünlərin məskunlaşdıqları
yaşayış məntəqəsini birləşdirən həmin
yoldan 34 minə yaxın sakin istifadə edəcəkdir. Bu günədək
yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir
işləri başa çatdırılmışdır.
Hazırda yolun qalan hissəsində
əsaslı təmir işlərinin
yekunlaşdırılması işləri davam etdirilir.
Prezident İlham Əliyev yolun rəmzi
açılışını bildirən lenti kəsdi.
Yol ilə tanışlıqdan sonra
dövlət başçısı kənd sakinləri ilə
görüşdü.
Yolun açılış mərasiminə
toplaşan sakinləri salamlayan Prezident İlham ƏLİYEV
dedi:
- Yeni yolun açılışı
münasibətilə sizi təbrik edirəm. Çox gözəl, rahat yoldur. Əvvəlki yol
çox bərbad vəziyyətdə idi. Gediş-gəliş
də o qədər asan deyildi. Amma indi gözəl, rahat yol
çəkildi. Mən buna
çox sevinirəm, çox şadam. Şadam ki, mənim
sərəncamlarım vaxtında və yüksək keyfiyyətlə
yerinə yetirilir. Bildiyiniz kimi, bu yolun çəkilişi mənim
imzaladığım sərəncamın əsasında
mümkün olmuşdur. Bütün bölgələrdən
bizə məktublar, sifarişlər gəlir, xahişlər
göndərilir ki, yollar abadlaşdırılsın. İndi
gücümüz də, imkanımız da çatır ki,
bunu edək və bunu da edirik.
SAKİNLƏR: Çox sağ olun, Sizə
minnətdarlığımızı bildiririk.
Prezident İlham ƏLİYEV: Sizi bir
daha təbrik edirəm. Əminəm ki, yaxın gələcəkdə
ölkəmizin bütün kənd yolları
abadlaşdırılacaqdır.
Əlbəttə, ilkin mərhələdə
biz magistral yollara üstünlük verirdik. Çünki bu da
təbiidir. Paytaxtımızı şəhərlərlə
birləşdirən yolların tikintisi əlbəttə ki,
ön planda idi. Amma indi kənd yollarının tikintisinə də
vaxt çatıb və biz bunu edirik.
Yol çəkilişi həm insanlara
rahatlıq verir, eyni zamanda, hər bir bölgənin
inkişafını müəyyən edir. Çünki yol
olmasa inkişafdan söhbət gedə bilməz. Həm
insanların rahatlığı, eyni zamanda, biznes
imkanlarının genişləndirilməsi, gələcəkdə
müxtəlif turizm obyektlərinin tikintisi üçün
yol əlbəttə ki, əsas məsələdir.
Yol çəkilişi ilə əlaqədar
bütün bölgələrdə işlər gedir. Eyni
zamanda, digər infrastruktur layihələri icra edilir, o cümlədən
Beyləqan rayonunda. İndi qazlaşdırma prosesi gedir,
içməli su layihəsi artıq başlayır. Yəni,
çalışacağıq ki, yaxın illər ərzində
qalan problemlər də öz həllini tapsın, bütün
bölgələr, bütün rayonlar, o cümlədən Beyləqan
rayonu daha da uğurla və sürətlə inkişaf etsin.
Sizi bir daha bu hadisə münasibətilə
təbrik edirəm.
Kənd sakini Əhməd Əhmədov
dövlət başçısına beyləqanlıların
ən xoş arzularını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.4.