İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı
təmir işləri ilə tanışlıq
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Oktyabrın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İmişli Rayon Mərkəzi Xəstəxanasında
aparılan əsaslı təmir işləri ilə
tanış olmuşdur.
Səhiyyə naziri Oqtay Şirəliyev
dövlət başçısına məlumat verdi ki, ikimərtəbəli
xəstəxananın ümumi ərazisi
21,2 min kvadratmetrdir. Burada geniş abadlıq və
yaşıllaşdırma işləri görülmüşdür.
Xəstəxananın ayrıca yarımstansiyası vardır və
burada əlavə generator
da quraşdırılmışdır. Yoluxucu xəstəliklər şöbəsi
ayrıca binada yerləşir. Azərbaycan Prezidentinin 2010-cu il 30 mart tarixli sərəncamına
əsasən Prezidentin Ehtiyat
Fondundan ayrılan 1,5 milyon
manat vəsait hesabına 2010-cu ildə xəstəxananın
əsaslı təmirinə başlanmışdır. Ötən
müddətdə həyata keçirilən kompleks
yenidənqurma işlərindən sonra rayon mərkəzi xəstəxanası müasirliyi ilə diqqəti cəlb edir. Dörd korpusdan ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır.
Əsas binası və bütün
şöbələri tamamilə yenidən qurulmuş
xəstəxananın maddi-texniki bazası
ən müasir standartlara
cavab verir. Xəstəxananın
hər bir şöbəsinin interyeri orijinal dizaynı və
zəngin tərtibatı ilə fərqlənir.
Bildirildi ki, xəstəxananın
şöbələrində Yaponiya,
Türkiyə, İtaliya, Koreya
Respublikası və digər ölkələrdən gətirilmiş
avadanlıq quraşdırılmışdır. Qonşu
şəhər və rayonların sakinləri də bu tibb ocağının
xidmətindən yararlana biləcəklər.
Ötən illərdə ölkəmizdə pulsuz
səhiyyə xidmətinin genişləndirilməsi, əhalinin
aztəminatlı təbəqəsinə tibbi
yardım sahəsində dövlət qayğısının
gücləndirilməsi ilə bağlı tədbirlər
sisteminin hazırlanıb həyata
keçirilməsinə bu cür
müasir tibb
ocaqlarının sayının artması da
münbit zəmin yaradır. Respublikamızda səhiyyə sisteminin
yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq
tədbirlərin daha yaxşı təşkili,
bu sahədə qabaqcıl
texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını
özündə dolğun ehtiva
edən dövlət proqramları ölkəmizdə tibbi xidmətin səviyyəsini də yüksəltmişdir.
Azərbaycanda
ən yüksək standartlara cavab verən tibb müəssisələrinin
sayının durmadan artması sayəsində tədricən xaricdə müalicəyə
yollananların da sayı azalır. İndi paytaxt Bakı ilə
yanaşı, müxtəlif bölgələrdə ən
mürəkkəb cərrahiyyə əməliyyatları uğurla aparılır, təcrübəli
xarici mütəxəssislərin dəvət
edilməsi ilə yerli tibbi
personalın hazırlıq səviyyəsi təkmilləşdirilir,
dövlət hesabına dünyanın ən nüfuzlu
ali məktəblərində təhsil almağa göndərilənlərin sayı ilbəil
artır. Hazırda respublikamızın tibb
müəssisələri maddi-texniki
bazasının müasirliyi
baxımından inkişaf etmiş
ölkələrin səhiyyə ocaqları ilə müqayisə
edilir. Bunu ölkəmizə gələn yüksək səviyyəli
qonaqlar da təsdiqləyirlər.
İmişli Rayon Mərkəzi
Xəstəxanası da ən son elmi-texniki yeniliklərin
tətbiqi baxımından ölkəmizin digər tibb müəssisələrindən geri qalmır.
Əsaslı təmir
işləri ilə tanışlıqdan sonra
dövlət başçısı tibb
müəssisəsinin kollektivi ilə görüşdü.
Prezident İlham ƏLİYEV kollektivin
üzvlərini salamlayaraq dedi:
- Sizi təbrik edirəm. Gözəl xəstəxanadır.
Burada müalicə almaq,
diaqnostikadan keçmək üçün
bütün şərait vardır. Çox gözəl təmir olunub,
dünya standartlarına cavab
verir. Siz - burada işləyən həkimlər
yaxşı bilirsiniz ki,
əvvəlki vəziyyəti necə idi. İndi bu gözəl xəstəxanada
xəstələrə yüksək səviyyədə tibbi xidmət və
qayğı göstərilməlidir.
Həkimlər və
xəstələr üçün
gözəl şərait yaradılıb. Əsas odur ki, dünən dediyim kimi, vətəndaşlar
vaxtında müayinədən keçsinlər. Dünən
Saatlıda, bu gün
İmişlidə gözəl mərkəzi xəstəxananın
əsaslı təmirdən sonra
açılışını qeyd etdik. Beyləqan Rayon Mərkəzi
Xəstəxanası da əsaslı təmirdən
sonra açılışa
hazırdır. Yəni, hər bir rayonda gözəl tibbi
xidmət yaradılır.
Bu da Azərbaycanın
bugünkü reallıqlarını əks
etdirir. Vaxtilə xəstəxanaların vəziyyəti
o qədər də yaxşı deyildi. Onların əksəriyyəti
1970-ci illərdə tikilmişdir,
artıq köhnəlmişdir və əsaslı təmirə
ehtiyac var idi. Əsas da müasir avadanlığın gətirilməsinə
ehtiyac var idi. Çünki müasir avadanlıq olmadan
səviyyəli tibbi xidmət göstərmək
mümkün deyildir.
Burada olan
avadanlıq dünyanın aparıcı klinikalarındakı
avadanlıqlardan fərqlənmir. Bəlkə də bəzi xarici klinikalardan daha da üstündür.
Çünki biz ən
son modelləri gətirdirik. Özü də hər yerə - Bakıya əlbəttə,
paytaxt şəhərinə, eyni zamanda, hər bir rayona, hər bir bölgəyə gətiririk. Dializ aparatları da gətirilmişdir.
Səhiyyə nazirinin dediyinə görə,
30-dan çox dializ xəstəsi
vardır. Onlar indi burada müalicə alacaqlar.
Demək olar ki, bütün bölgələrdəki diaqnostika mərkəzlərində, artıq mərkəzi
şəhər və rayon xəstəxanalarında
dializ aparatları vardır. Bu da çox
vacib məsələdir. Çünki
vaxtilə böyrək çatışmazlığından əziyyət
çəkən insanlar lazımi tibbi xidmət ala bilmirdilər.
İndi isə artıq bu
problem aradan götürülüb.
Ən müasir standartlara cavab verən doğum
şöbəsi vardır. Bu da çox vacibdir.
Dünən də bu məsələ ilə
bağlı fikirlərimi bildirdim. Bu gün də demək istəyirəm, bütün dövrlərdə - sovet dövründə, müstəqillik
dövründə əfsuslar olsun ki, uşaq ölümü
yüksək idi. İndi
doğum şöbələrinin müasir avadanlıqla təchiz edilməsi bu məsələnin həllinə də
kömək göstərəcəkdir. Uşaq
ölümü azalır və həkimlər
elə xidmət göstərməlidirlər ki,
ümumiyyətlə uşaq ölümü olmasın. Uşaq
ölümü inkişaf
etmiş ölkələrin səviyyəsində
olmalıdır. Yəni, biz qarşıya
belə hədəf qoymuşuq.
Əminəm ki, yeni tikilən, bərpa
olunan tibb ocaqlarının fəaliyyəti sayəsində biz
buna nail olacağıq. Həkimlər də xəstələrə
yaxşı xidmət göstərməlidirlər, xüsusilə
belə gözəl şərait olduğu halda bunu etmək
çətin olmayacaqdır. Sizi bir daha təbrik
edirəm.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.5.