İmişlidə Heydər Əliyev
Parkı yenidən qurulmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə
Heydər Əliyev Parkında aparılmış yenidənqurma
işləri ilə tanış olmuşdur.
İmişli Rayon İcra Hakimiyyətinin
başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə
parkda görülmüş işlərlə bağlı məlumat
verdi. Bildirildi ki, parkda yenidənqurma işlərinə
dövlət başçısının sərəncamına
əsasən, Prezidentin Ehtiyat Fondundan ayrılan 1,4 milyon manat vəsait
hesabına başlanılmışdır. Ümumi sahəsi
6,5 hektar olan parkın orijinal memarlıq üslubu ilə
seçilən iki giriş qapısı vardır. Burada
quraşdırılan fəvvarələr kompleksi parkın
gözəlliyini daha da artırır. Parkda geniş abadlıq
və yaşıllaşdırma tədbirləri
görülmüşdür. İşıqlandırma sistemi
də müasirliyi ilə diqqəti çəkir. Ulu öndərin
adını daşıyan bu istirahət ocağı Azərbaycanda
aparılan yenidənqurma tədbirlərinin miqyasının və
keyfiyyətinin əyani göstəricisidir.
Dövlət başçısına
Heydər Əliyev Parkında tikilməkdə olan Gənclər
Mərkəzinin planı təqdim olundu. Məlumat verildi ki,
1,8 min kvadratmetr ərazidə inşa olunan üçmərtəbəli
binanın inşasına bu ilin iyununda
başlanılmışdır. Tikinti işləri 2013-cü
ilin mayında başa çatdırılacaqdır. Burada rayon
gənclərinin istirahəti və ilkin peşə vərdişlərinə
yiyələnmələri üçün hər cür
şərait yaradılacaqdır.
Prezident İlham Əliyev İmişli
rayonunda yeni yaradılan Bayraq Meydanı ilə də
tanış oldu. Əzəməti ilə seçilən
Bayraq Meydanının ümumi sahəsi 8,3 min kvadratmetrdir.
Bayraq dirəyinin hündürlüyü isə 100 metrdir.
Bildirildi ki, meydanın ətrafında
böyük abadlıq və yaşıllaşdırma işləri
görülmüşdür. Vağzal meydanı da tamamilə
yeni görkəm almışdır. İşıqlandırma
sistemi müasir standartlara uyğun yenilənmişdir. Yenidənqurmadan
sonra bu meydan da füsunkarlığı və səliqə-sahmanı
ilə diqqəti cəlb edir.
Dövlət başçısı
görülmüş işləri yüksək qiymətləndirdi,
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.5.