İmişlidə
«Araz» damazlıq quşçuluq
fabriki ən müasir
standartlar səviyyəsində qurulmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Oktyabrın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İmişli rayonuna səfəri
çərçivəsində "Araz" damazlıq
quşçuluq fabrikinin açılışında
iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin
Mustafayev məlumat verdi ki, "Araz" damazlıq
quşçuluq fabriki regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarına uyğun olaraq
İmişli rayonunun Qaragüvənli kəndində ən
müasir standartlar səviyyəsində qurulmuşdur.
Bildirildi ki, Azərbaycan
Prezidentinin təsdiq etdiyi
regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları çərçivəsində
ölkənin müxtəlif
regionlarında ayrı-ayrı istehsal sahələri
istifadəyə verilir, rayon
və kəndlərdə əhalinin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir.
"Araz" damazlıq quşçuluq
fabriki də belə müəssisələrdən
biridir. Fabrikin ümumi dəyəri 7,3 milyon
manatdır. Bu layihənin də
inşasında dövlətin güzəştli kreditlərindən
istifadə olunmuşdur. İqtisadi
İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin
inşasına 5 milyon manat
güzəştli kredit verilmişdir.
Damazlıq yumurta istehsal
edəcək fabrikin ümumi
sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin aparılmasına və
avadanlıqla təchiz edilməsinə 2010-cu ilin
sonunda başlanılmış, bu ilin oktyabrında isə
işlər tam başa
çatdırılmışdır.
Müəssisə
ilə tanışlıq zamanı məlumat verildi
ki, fabrikdə hər birinin
sahəsi 1728 kvadratmetr olmaqla
yeddi quş ferması
inşa edilmişdir. Quş fermaları Türkiyənin bu sahədə dünyada
məşhur olan "Altuntaş"
şirkətinin avadanlığı ilə təchiz edilmişdir. Buradakı damazlıq cücələr
isə Hollandiyadan gətirilmişdir.
Hazır məhsullara
baxan Azərbaycan Prezidentinə məlumat verildi ki, fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulur. Müəssisədə istehsal
gücü saatda 10 ton olan yem
istehsalı sexi və tutumu
3,5 min ton olan yem anbarı fəaliyyət
göstərir. Fabrikdə laboratoriya, inzibati və digər köməkçi binalar inşa edilmişdir. Layihənin icrası nəticəsində
80 nəfər yeni iş
yeri ilə təmin olunmuşdur.
Dövlət
başçısının diqqətinə
çatdırıldı ki, eyni zamanda, İmişli
rayonu ərazisində illik
istehsal gücü 4 min ton olan
broyler fabrikinin və illik 110 milyon əmtəə
yumurtası istehsal etmək imkanına malik quşçuluq fabrikinin maliyyələşdirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli
kredit ayrılmışdır. Bu müəssisələr də ən müasir avadanlıqla təchiz ediləcəkdir.
Layihələrin icrası nəticəsində 110 yeni iş yeri
açılacaqdır.
Qeyd edildi ki, artıq dövlətin
güzəştli krediti hesabına damazlıq təsərrüfatlar
yaradılır. Həmin təsərrüfatlar hesabına
ölkənin damazlıq yumurtaya olan tələbatının
xeyli hissəsi yerli istehsalla ödənilir. Növbəti illərdə
bu tələbat tamamilə yerli məhsullar hesabına ödəniləcəkdir.
Bu, həm də quş əti istehsalında maya dəyərini
aşağı salacaqdır.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.6.