«Kraun KO» anbar kompleksi bölgədə
taxılçılığın inkişafına təkan verəcəkdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə
"Kraun KO" taxıl
anbarı kompleksinin açılışında
iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin
Mustafayev məlumat verdi ki, "Kraun KO" taxıl anbarı
kompleksi regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili
kəndi ərazisində inşa olunmuşdur. Anbar ən
müasir avadanlıqla təchiz edilmişdir. Kompleksin ümumi
dəyəri 7,3 milyon manatdır. Bu layihənin də
icrasında dövlətin güzəştli kreditlərindən
istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
kompleksin inşasına 4 milyon manat güzəştli kredit
verilmişdir. Kompleksin tikintisinə ötən ilin aprelində
başlanılmış, bu ilin oktyabrında başa
çatdırılmışdır.
Anbar ilə tanışlıq zamanı
diqqətə çatdırıldı ki, 50 min tonluq taxıl
anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir.
Kompleks təmizləmə, qurutma və havalandırma sistemləri
ilə təchiz edilmişdir. Buraya gətirilən taxıl əvvəlcə
tərəzidə çəkilir, sonra açıq-qapalı
kompressora, daha sonra isə şneklər vasitəsilə birinci
anbara ötürülür. Taxıl təmizləndikdən
sonra dərmanlanır və ikinci anbara nəql olunur.
Taxılın təmizlənməsi və yuyulması
üçün ərazidə su çəni
quraşdırılmışdır. Müasir texnologiyanın
tətbiqi yolu ilə kompleksdə taxıl məhsullarını
uzun müddət ərzində itkisiz saxlamaq
mümkündür. Buraya ayrıca dəmir yolu xətti də
çəkilmişdir. Müəssisə tərəfindən
kompleksin xammal bazasının təmin edilməsi məqsədi
ilə 43,5 min hektar ərazidə əkin işləri
aparılır.
Prezident İlham Əliyev müəssisəni
işə saldı.
Anbardan ilk məhsul maşınlara
yükləndi.
Dövlət başçısı
taxıl anbarı kompleksində yaradılmış şəraiti
yüksək qiymətləndirdi, tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.6.