Prezident İlham Əliyev
İmişli şəhər su anbarları kompleksinin istifadəyə
verilməsi mərasimində iştirak etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Oktyabrın 28-də Prezident İlham Əliyev
İmişli şəhər su anbarları kompleksinin istifadəyə
verilməsi mərasimində iştirak etmişdir.
İmişli rayon ictimaiyyətinin
nümayəndələri dövlət
başçısını hərarətlə
qarşıladılar.
Azərbaycan Prezidenti İmişli şəhərinin
su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin
situasiya planını və İmişli şəhər su
anbarları kompleksinin baş planını əks etdirən
stendlərə baxdı.
"Azərsu" Açıq Səhmdar
Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə
məlumat verdi ki, "Regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na
uyğun olaraq bölgələrdə su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində
genişmiqyaslı işlər həyata keçirilir. Belə
bir böyük layihə İmişli rayonunda da həyata
keçirilir. Şəhərdə mərkəzləşdirilmiş
içməli su şəbəkəsi 1978-ci ildə
yaradılmışdır. Mənbə kimi Bəhrəmtəpə
qəsəbəsinin yaxınlığında qazılan 4
subartezian quyusundan istifadə olunur. Uzun müddətdir istismar
olunan bu mənbənin su ehtiyatlarının keyfiyyətinin
getdikcə aşağı düşməsi və qrunt
sularının qarışması ilə duzlaşma
ehtimalının artması şəhərin içməli su
təsərrüfatının yenidən qurulması zərurətini
yaratmışdır. Buna görə də İmişlidə
yeni su anbarları kompleksi yaradılmışdır.
Su mənbəyinin texniki göstəriciləri
barədə məlumat verilərkən Azərbaycan Prezidentinin
diqqətinə çatdırıldı ki, İmişlinin su
təchizatı və kanalizasiya sistemi şəbəkəsi
tamamilə yenidən qurulacaqdır. Həmçinin rayon mərkəzi
və magistral kəmərin keçdiyi ərazidə yerləşən
6 kəndə su veriləcəkdir. Layihəyə uyğun
olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli
su ilə təmin edilməsi üçün mənbə
olaraq Beyləqan rayonu ərazisindəki yeraltı sular
seçilmişdir. Burada üç əsas subartezian quyusunda
işlər başa çatdırılmış, iki ehtiyat
quyunun qazılmasına isə hazırlıq
görülür. Quyu zonasından İmişli şəhərinə
31 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir.
Layihəyə uyğun olaraq,
İmişli şəhərinə verilən suyun keyfiyyət
göstəricilərini daim nəzarətdə saxlamaq
üçün müasir standartlara cavab verən laboratoriya və
avtomatik idarə olunmanı təmin edən SCADA sistemi
yaradılacaqdır.
Dövlət başçısı rəmzi
olaraq suyun şəhərə verilməsini təmin edən
qurğunu işə salan düyməni basdı.
Sonra Prezident İlham Əliyev rayon
ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Prezident İlham ƏLİYEV mərasim
iştirakçılarını salamlayaraq dedi:
- Əziz dostlar, əziz imişlililər!
Mən sizin hamınızı ürəkdən
salamlayıram. Bu gün biz sizinlə bərabər bu tarixi
günü bir yerdə qeyd edirik. Bir il bundan əvvəl
İmişlinin su təchizatının
yaxşılaşdırılması üçün
çox önəmli hadisə baş vermişdir. Bu
böyük su layihəsinin təməl daşını
qoyduq. Çox şadam ki, bir
ildən sonra artıq İmişliyə içməli suyun gətirilməsini
biz bərabər qeyd edirik. Yaxın həftələrdə bu
su mövcud şəbəkəyə qoşulacaqdır.
Bununla paralel olaraq yeni, müasir supaylayıcı şəbəkə
qurulur. Beləliklə, İmişli şəhərinin
içməli su problemi birdəfəlik həllini
tapacaqdır.
Bu, doğrudan da böyük və tarixi
hadisədir. Çünki uzun illərdir ki, İmişli
sakinləri təmiz, dayanıqlı içməli suya
möhtac idilər. Bu problem var idi. Mən bunu bilirdim və
çalışırdıq ki, bu məsələni tezliklə
həll edək. Çox şadam ki, nəhayət biz bu məsələni
həll edirik və bu layihə, eyni zamanda, böyük
ehtiyatla nəzərdə tutulmuşdur. Şəhərin
inkişafını, əhalinin sayının artmasını
nəzərə alır və 2035-ci ilə qədər bu
layihə öz imkanlarını İmişli sakinlərinə
təqdim edəcəkdir.
Bu, çox böyük tarixi layihədir.
Çünki içməli su insan sağlamlığı
üçün ən əsas məsələlərdən
biridir. İnsan sağlamlığı isə bizim
üçün, yəni dövlət üçün ən
əsas məsələdir. Ümumiyyətlə, səhiyyə
sisteminin təkmilləşdirilməsi, ekoloji vəziyyətin
yaxşılaşdırılması, əhalinin təmiz
içməli su ilə təmin edilməsi məsələləri
diqqət mərkəzindədir.
Bu gün İmişlidə yenicə əsaslı
təmirdən çıxmış Rayon Mərkəzi Xəstəxanasının
açılışını qeyd etdik. Bu xəstəxana ən
yüksək standartlara cavab verir.
Bu gün, eyni zamanda, içməli su
layihəsinin açılışını qeyd edirik. Mən
əminəm ki, bu layihələr, görülən işlər
mütləq öz müsbət təsirini insanların
sağlamlığında göstərəcəkdir.
Çünki insan amili bizim
üçün əsas sosial məsələdir. Bu gün bölgə
sahibkarları ilə görüşdə də bu məsələyə
toxundum. Çünki biz, əlbəttə, iqtisadi
islahatları uğurla icra edirik, bölgələr inkişaf
edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri
açılır. Ancaq bütün bu işlərin təməlində
və mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan vətəndaşı sağlam
olmalıdır. Azərbaycan vətəndaşı
yaxşı şəraitdə gözəl şəhərlərdə
yaşamalıdır. Bütün infrastruktur layihələri
icra edilməlidir ki, biz dünyanın inkişaf etmiş
ölkələrinin səviyyəsindən geri qalmayaq. Biz bunu
edirik, edəcəyik. Ölkəmizdə gedən quruculuq,
abadlıq işləri hər bir rayonda öz bəhrəsini
verir.
Xüsusilə İmişli rayonunun son
bir neçə ay ərzində uğurlu inkişafı məni
ürəkdən sevindirir. Mən dəfələrlə
İmişlidə olmuşam. Keçən il də
olmuşam. İmişlinin inkişafı üçün
lazımi tədbirlər görülmüşdür. Kənd
yollarının tikintisinə vəsait
ayrılmışdır. Ancaq mən bilirdim və siz də
bilirdiniz ki, işlər daha da sürətlə gedə bilər.
Son bir neçə ayın təcrübəsi mənim
sözlərimi təsdiqləyir. Əminəm ki, bu
reallıqları sizdən yaxşı bilən heç kim
tapılmaz. Ancaq mən də, yəni, keçən il burada
olduğuma görə öz təəssüratlarımı
sizinlə bölüşmək istəyirəm.
Doğrudan da, son bir neçə ay ərzində
İmişli rayonunun inkişafı üçün çox
böyük, tarixi işlər görülmüşdür.
İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən
çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm,
yoxsa hansısa başqa şəhərdəyəm.
Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir.
Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni
parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin
tikintisi, binaların bərpası, küçələrin
salınması, yeni işıq dirəklərinin qurulması.
Görülən bütün işləri sadalamaq
üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq
bir sözlə, siz İmişli sakinləri bunu yaxşı
bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində
fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir.
Bu dəyişikliklər əlbəttə
ki, məni ürəkdən sevindirir. Əminəm
ki, sizi də sevindirir. Ancaq eyni zamanda, bir
vacib məsələni üzə çıxarır ki, istək,
siyasi iradə və öz xalqına qayğı olan yerdə
hər şey etmək mümkündür. Bir neçə ay bundan əvvəl İmişli
rayonuna yeni icra başçısı təyin edilmişdir.
O, təyin edilərkən mən ona çox önəmli
tövsiyələr, göstərişlər verdim və dedim
ki, İmişli
rayonu geridə qalmamalıdır, əksinə
ölkəmizin ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son neçə ayın təcrübəsi göstərir
ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm ki, gələn səfərdə yeni
gözəl binaları, yeni açılan obyektləri görəcəyəm
və beləliklə, İmişlinin uzunmüddətli
inkişafı təmin ediləcəkdir.
Dövlət isə öz tərəfindən
siyasətini davam etdirəcəkdir. Ölkəmizin
bütün yerlərində infrastruktur layihələri icra
edilir, yollar çəkilir, sürətlə
qazlaşdırma gedir, o cümlədən İmişlidə
də qazlaşdırma gedir və qarşıya məqsəd
qoyulmuşdur ki, İmişlidə qazlaşdırma yüz
faiz səviyyəsində olmalıdır. Bütün
kəndlər qazlaşdırılmalıdır. Əminəm ki, gələn ilin sonuna qədər
biz bu məqsədə çatacağıq.
İçməli su layihəsinin
başlamasını biz artıq qeyd edirik. Çəkilən
su xətti bir ay ərzində ümumi şəbəkəyə
qoşulacaq və imişlililər təmiz, dayanıqlı
içməli suya malik olacaqlar. Eyni zamanda,
kanalizasiya sisteminin yaradılması prosesi başlayıb, kənd
yollarının tikintisi gedir. Sağlamlığı
bərpa etmək üçün gözəl xəstəxana
vardır. İstirahət etmək
üçün gözəl parklar, küçələr,
xiyabanlar salınır, məktəblər tikilir. Əgər
imişlililər bu yüksək templəri saxlaya bilsələr,
- mən əminəm ki,
saxlayacaqlar, - çox qısa müddət ərzində
İmişli ölkəmizin ən qabaqcıl rayonuna
çevriləcəkdir.
Eyni zamanda, bu gün mən yeni sənaye müəssisələrinin
açılışında da iştirak etmişəm. Bu da məni çox sevindirir. Özəl
sektor tərəfindən yaradılan ən böyük
taxıl anbarı İmişlidə
açılmışdır. Eyni zamanda, ən
böyük damazlıq yumurta fabriki
açılmışdır. Bu, həm ölkə iqtisadiyyatına verilən bir
töhfədir, eyni zamanda, yeni iş yerlərinin açılışı deməkdir,
insanların rifah halının
yaxşılaşdırılması üçün
atılan çox vacib addımdır.
Ölkəmiz hərtərəfli
inkişaf edir. Bu inkişaf haradasa
daha da sürətlidir, haradasa o qədər də sürətli
deyildir. Ancaq elə bölgə, elə
rayon yoxdur ki, orada quruculuq-abadlıq işləri
aparılmasın, inkişaf özünü göstərməsin.
Bu, Azərbaycanın reallıqlarıdır.
Azərbaycan hətta dünyanı
bürümüş maliyyə və iqtisadi böhran illərində
öz uğurlu inkişafını təmin etmişdir, bu
böhrandan şərəflə, üzüağ
çıxmışdır. Demək olar
ki, Azərbaycan sakinləri böhranın acı fəsadlarını
hiss etməmişlər. Çünki
bizim düşünülmüş iqtisadi siyasətimiz
vardır.
Bir daha deyirəm ki, iqtisadi siyasətimizin
bir daha qayıdıram həmin bu məsələyə təməlində
Azərbaycan vətəndaşı dayanır. İqtisadi islahatları aparmaq olar. Bəzi ölkələrdə bu, daha uğurlu olur,
bəzi ölkələrdə o qədər də
böyük uğur gətirmir. Ancaq vacib
olan məsələ ondan ibarətdir ki, islahatları apararkən
sosial məsələlər yaddan çıxmasın. Çünki transformasiya dövrünü
yaşayan ölkələrdə iqtisadi islahatlar bəzi
hallarda çox acı nəticələrə gətirib
çıxarır. İnsanların
yaşayış səviyyəsi aşağı
düşür. İslahatlar insanların
maddi rifahına mənfi təsir göstərir. Bax, gözümüzün qabağında
Avropanın bəzi ölkələrində gedən proseslər
dayanmışdır və biz bunu müşahidə edirik.
Orada indi köklü islahatlar aparılır.
Dövlət xərcləri ixtisar edilir. Bu islahatlar istər-istəməz insanların
yaşayış səviyyəsinə çox mənfi təsir
göstərir. Bizim islahatların
üstünlüyü ondan ibarət idi ki, bu islahatlar
sosialyönümlüdür. İslahatlar
nəticəsində əldə edilən əlavə gəlirlər
insanların rifah halının
yaxşılaşdırılmasına sərf edilmişdir, ədalətli
şəkildə. Ona görə biz gələcəyə
də böyük ümidlərlə baxırıq. Çünki iqtisadi
sahədə növbəti illərdə ancaq və ancaq
inkişaf gözlənilir, xüsusilə qeyri-neft sektoru sahəsində.
Bölgə sakinləri də bu inkişafdan bəhrələnirlər
və əminəm ki, uğurlar daha da böyük
olacaqdır.
Azərbaycan regionda siyasi sahədə
söz sahibidir, çox güclü mövqelərə
malikdir, dünya miqyasında tədbirlərdə də
çox fəal iştirak edir. Biz
dünyanın ən aparıcı, ən böyük qurumu
olan BMT Təhlükəsizlik Şurasının
üzvüyük. Biz dünya məsələlərinin
həllində öz sözümüzü deyirik və gələcək
illərdə bizim təsir imkanlarımız yalnız
artacaqdır.
Sosial sferada nəzərdə
tutulmuş bütün layihələr icra edilir. Bu layihələrin icrası insanların ildən-ilə
artan maddi rifahında özünü göstərir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının ikinci hissəsi artıq başa çatmaq
üzrədir, gələn il başa
çatacaqdır. Artıq növbəti 10 illik
üçün yeni proqram hazırlanır və vaxt gələndə
proqram ictimaiyyətə təqdim ediləcəkdir.
Bütün infrastruktur layihələri
icra edilir. Bir sözlə, biz qürur
hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti
müstəqillik dövründə özünü dünya xəritəsində
təsdiq edib. İqtisadi və siyasi cəhətdən
müstəqil Azərbaycan dövləti uğurla inkişaf
edir. Uğurumuzun dayanıqlı,
davamlı olması üçün bütün bölgələr
sürətlə inkişaf etməlidir. Bir
daha demək istəyirəm ki, İmişli rayonunda gedən
inkişaf çox müsbətdir, uğurludur.
Mən sizi əldə edilmiş bu
uğurlar münasibətilə təbrik edirəm. Bütün İmişli sakinlərinə
cansağlığı və yeni uğurlar arzu edirəm.
Sağ olun.
Rayon sakini Validə ZÜLFÜQAROVA
İmişlinin inkişafına göstərdiyi diqqət və
qayğıya görə dövlət
başçısına təşəkkür edərək
dedi:
- Möhtərəm cənab Prezident! Bu gün biz imişlililər üçün
çox sevimli gündür. Ona görə
ki, biz Sizinlə Muğanın barlı-bərəkətli mərkəzi
olan İmişli torpağında yenidən
görüşürük. Bu dəfə
Siz bizə insan həyatı üçün əvəzsiz
olan bir nemət, təmiz su bəxş edirsiniz. Təmiz içməli su rayonun inkişafı,
insanların sağlamlığı üçün çox
böyük məna daşıyır. İçməli
su həyat deməkdir. Təmiz içməli
su isə sağlam həyat deməkdir. Aran bölgəsində
yaşayan sakinlər daha çox içməli sudan korluq çəkirdilər. Uzun
illər rayonumuzun ərazisindən keçən Araz və
Kür çaylarının suyundan istifadə edirdik. Bu da təbii ki, insanların
sağlamlığına mənfi təsir göstərirdi.
Əvvəlki illərdə Sizin sərəncamınızla
rayonumuzun 13 kəndində quraşdırılmış sutəmizləyici
qurğular insanların təmiz suya olan tələbatını
qismən ödəsə də, bütün rayon əhalisini
tam təmin edə bilmirdi. Bu
gün isə Siz bizi çoxdan gözlədiyimiz arzumuza
çatdırmısınız. Yeni
çəkilmiş su xəttindən İmişli şəhəri
və ətraf kəndlərin hamısı istifadə edəcəkdir.
Biz inanırıq ki, Sizin
tapşırığınızla qısa müddətdə
İmişli şəhərində kanalizasiya xətti də
çəkiləcəkdir. Bütün bunlar Sizin
bizə verdiyiniz böyük töhfə və göstərdiyiniz
qayğının bariz nümunəsidir.
İcazə verin, rayonumuzun sakinlərinin
dərin minnətdarlığını və səmimi təşəkkürünü
Sizə çatdırım.
Cənab Prezident! Siz regionlara səfəriniz
zamanı belə bir fikir ifadə etmişdiniz: "Mən
görülən işləri, insanlara yaradılmış
şəraiti öz gözlərimlə görmək
üçün buradayam!" Siz həmişə
insanların problemləri, çətinlikləri ilə
maraqlanır, onların firavan yaşamasına, rifah
halının yaxşılaşmasına xidmət edəcək
tədbirlər həyata keçirirsiniz. Bütün
Azərbaycan xalqı kimi, biz imişlililər də bunu hər
zaman hiss edir və Sizə arxalanırıq.
2010-cu ildə baş vermiş təbii fəlakət
nəticəsində İmişli rayonunun 3 kəndi tamamilə su
altında qaldığı zaman bizi bu bəladan qurtaran məhz
Siz oldunuz. Sizin
tapşırığınıza əsasən görülən
təcili tədbirlər nəticəsində insan tələfatı
olmadı, insanlar böyük çətinliklə
üz-üzə qalmadı.
Cənab Prezident! Bu gün Azərbaycan
iqtisadiyyatı sürətlə inkişaf edir. Bu
inkişaf bölgələrdə də aydın şəkildə
hiss olunur. Belə ki, İmişli şəhərində
qazlaşdırma işləri artıq başa
çatdırılmışdır. Rayonun
kəndlərində isə qaz çəkilişi davam
etdirilir. Yeni təhsil müəssisələri
istifadəyə verilir, yollarımız abadlaşır. İmişli şəhərinin siması günbəgün
yeniləşir, günbəgün gözəlləşir.
Böyük abadlıq, quruculuq işləri
aparılır. Sakinlərin normal istirahəti
üçün şərait yaradılır. Rayonumuzdakı mərkəzi xəstəxana əsaslı
təmir edilmiş və istifadəyə artıq
hazırdır.
Bu gün isə Siz insanların normal həyatı
üçün müstəsna əhəmiyyəti olan
içməli su xəttinin açılışında
iştirak etməklə rayon sakinlərinə daha böyük
bir sevinc bəxş
etdiniz.
Möhtərəm cənab Prezident! Görülmüş bütün işlərə
və biz imişlililərə göstərdiyiniz
qayğıya görə, ilk növbədə Sizə minnətdarıq.
Sizi əmin edirik ki, rayonumuzun, o cümlədən
respublikamızın daha da inkişafı və tərəqqisi
üçün bundan sonra da əzmlə
çalışacaq, Sizin doğma
İmişlimizə olan diqqətinizi heç vaxt
unutmayacağıq. Ulu Tanrıdan Sizə və ailənizə
səadət, xoşbəxtlik və əmin-amanlıq
arzulayırıq!
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.6-7.