Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəs Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi. Bakıda keçiriləcək birgə biznes forumun önəmini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizi bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmləndirməyin və əməkdaşlığın genişləndirilməsi üçün  yeni imkanları müəyyənləşdirməyin zəruriliyini vurğuladı. Ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edən dövlət başçısı Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun ölkəmizə səfərinin fəal qarşılıqlı əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini dedi.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzov paytaxtda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi. Bakıda keçirilən birgə biznes forumun əhəmiyyətini qeyd edən Rəşid Təmrəzov forumun əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.7.