Türkiyə
Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Baş nazir!
Əziz qardaşım!
Türkiyənin milli bayramı -
Respublika Günü münasibətilə Sizə və
qardaş xalqımıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimizi və
xoş arzularımızı yetirirəm.
Bu gün Türkiyə özünün
siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun
aparıcı dövlətlərindən birinə
çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda
bütün uğurlarına hədsiz dərəcədə
sevinir və bundan fərəh hissi keçiririk.
Dərin tarixi kökləri ilə
bir-birinə bağlı olan, ortaq mənəvi dəyərlərdən
güc alan xalqlarımızın qardaşlıq
ideallarının təcəssümünə çevrilən
Azərbaycan-Türkiyə birliyi nümunəvi tərəfdaşlıq
modelidir.
Heç şübhəsiz ki, bu
yaxınlarda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının birgə keçirdiyimiz ikinci iclası,
qarşıya qoyduğumuz vəzifələr, imzalanan sənədlər
istər ikitərəfli qaydada, istərsə də regional əməkdaşlıq
zəminində irəli sürdüyümüz məqsədlərə
çatmaq yolundakı səylərimizə yeni təkandır.
Əminəm ki, daim dərinləşən
işbirliyimiz bundan sonra da qardaş xalqlarımızın iradəsini
əks etdirərək ölkələrimizin rifahına və
çiçəklənməsinə xidmət edəcəkdir.
Hörmətli cənab Baş nazir,
bayram sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, qardaş türk xalqına
daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
30 oktyabr.- S.1.