Azərbaycan zəngin mədəni irsi ilə Qafqazın incisidir
Bu sözləri Şalon-an-Şampan
şəhərinin meri ölkəmizin zəngin
mədəniyyətini və incəsənətini əks etdirən
eksponatlardan ibarət sərginin
açılışı zamanı söyləmişdir.
Heydər
Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi
ilə ölkəmizi fransızlara yaxından tanıtmaqla
bağlı "Qafqazın mirvarisi olan Azərbaycanın
mədəni dəyərləri" devizi
altında layihə çərçivəsində
oktyabrın 26-da Şampan-Ardenn regionunun Şalon-an-Şampan
şəhərində növbəti tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın
mədəniyyəti ilə bağ lı sərginin
açılışı ilə başlamışdır. Sərgini açan şəhər
bələdiyyə idarəsinin rəhbəri Bruno
Burq-Brok Şərq ilə Qərb
arasında, Xəzər dənizi sahilində yerləşən
Azərbaycanın 2001-ci ildən etibarən 800 milyon
avropalının yaşadığı, 47 ölkəni özündə
birləşdirən, nüfuzlu beynəlxalq
təşkilat kimi tanınan Avropa Şurasının tam
və bərabər hüquqlu üzvü olduğunu diqqətə
çatdırmışdır. Sərgidə nümayiş etdirilən xalçaların, musiqi alətlərinin bu
ölkənin qədim tarixə malik mədəniyyətindən
xəbər verdiyini vurğulayan
mer ölkəmizin təkcə nefti və qazı yox, həm
də zəngin mədəni irsi ilə
Qafqazın incisi olduğunu
bildirmişdir. Bruno Burq-Brok
Azərbaycanın tarixi və klassik musiqisi kimi
muğamın 2003-cü ildə UNESCO-nun
qeyri-maddi mədəni irs
siyahısına daxil edildiyini
bildirmiş, belə tədbirlərin
xalqları bir-birini yaxından
tanımasında, ölkələr arasında mədəni əlaqələrin
inkişafında mühüm rol oynadığını vurğulamışdır.
Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov
"Qafqazın mirvarisi olan
Azərbaycanın mədəni dəyərləri" devizi altında reallaşdırılan layihə
ilə bağlı ilk tədbirin Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Reimsdə keçirildiyini xatırlatmışdır. Azərbaycan ilə Fransa
arasında əlaqələrin inkişafından bəhs edən
səfir ölkəmizin Prezidenti İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandın
dəvəti ilə cari il
sentyabrın 18-19-da Parisə səfər etdiyini,
hər iki dövlət
başçısının Luvr muzeyində
İslam incəsənəti departamentinin açılışında iştirak etdiyini, prezidentlərin Yelisey
sarayında görüşdüyünü
xatırlatmış, sentyabrın 19-da Parisdə səfirliyimizin mədəniyyət
mərkəzinin açılışının Azərbaycan
ilə Fransa arasında ikitərəfli əməkdaşlığın
inkişafında xüsusi əhəmiyyət
daşıyacağını diqqətə
çatdırmışdır.
Azərbaycanın
Fransa ilə bütün
sahələrdə, o cümlədən mədəniyyət
sahəsində əməkdaşlığının inkişaf etdiyini vurğulayan E.Əmirbəyov Parisdə ölkəmizlə
bağlı mütəmadi mədəni tədbirlərin keçirildiyini, sərgilər, festivallar və konsertlər təşkil edildiyini,
Fransanın bəzi universitetlərində Azərbaycan dilinin tədris olunduğunu
bildirmişdir.
Səfir qeyd etmişdir ki, Azərbaycan təkcə yeraltı sərvətləri
ilə deyil, həm də onlardan
daha zəngin tarixi mədəni
irslərə malikdir. Bu
gün azərbaycanlı musiqiçilərin
ifasında fransız tamaşaçılarına təqdim olunacaq muğam UNESCO tərəfindən
bəşəriyyətin qeyri-maddi və
mədəni irsinin şedevri
kimi siyahıya alınmışdır.
Elçin Əmirbəyov şəhər
meriyasının xatirə kitabına ürək sözlərini
yazmışdır.
Sərginin
qonaqları Azərbaycanın tarixi dulusçuluq və misgərlik əşyaları,
qədim kişi və qadın geyimləri və
xalçaçılıq nümunələrinə böyük maraq göstərmişlər.
Sonda əsası Xll əsrdə
qoyulan möhtəşəm
Notr-Dam-an-Vo kilsəsində muğam instrumental ansamblı
konsert proqramı ilə çıxış etmişdir. Tamaşaçılar
azərbaycanlı müğənnilərin və
musiqiçilərin çıxışlarını hərarətlə
qarşılamışlar.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Şalon-an-Şampan
Azərbaycan.-2012.-
30 oktyabr.- S.8.