Azərbaycan ilə Bolqarıstan
arasında əməkdaşlıq genişlənir
Azərbaycan ilə Bolqarıstanın
inkişaf edən dostluq münasibətləri çərçivəsində
2007-ci ildə iki ölkənin ədliyyə nazirlikləri
arasında əməkdaşlığa dair saziş
imzalanmış, Bolqarıstanın ədliyyə naziri ölkəmizə
səfər etmişdir. Qarşılıqlı fəaliyyətin
davamı olaraq Bolqarıstanın ədliyyə naziri xanım
Diana Kovaçevanın dəvəti ilə
respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədovun
başçılıq etdiyi nümayəndə heyəti
oktyabrın 22-dən 24-dək bu ölkədə səfərdə
olmuşdur.
Ədliyyə nazirləri arasında
keçirilmiş görüşdə ölkələrimiz
arasında hərtərəfli əlaqələri qeyd edən
nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin
1995-ci ildə Bolqarıstana səfərini xatırladaraq
dövlətlərimiz arasında hüquqi əməkdaşlığa
dair mühüm müqavilələrin
imzalandığını, dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
aparılan genişmiqyaslı ədliyyə və məhkəmə
islahatlarını, hakimlərin seçim prosesinin Avropa
Şurası və Avropa İttifaqı tərəfindən
örnək kimi dəyərləndirildiyini
vurğulamış, elektron ədliyyənin inkişafı, eləcə
də penitensiar islahatlar barədə geniş məlumat
vermişdir.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə hərtərəfli
əməkdaşlığa xüsusi önəm verdiyini
söyləyən xanım D.Kovaçeva ölkəsində
aparılan hüquqi islahatlar zamanı Azərbaycanın
müsbət təcrübəsindən
faydalanacağını vurğulamışdır.
Bolqarıstanlı nazir ölkəmizin ədliyyə və məhkəmə
sistemindəki nailiyyətlərinə böyük maraq
göstərərək onlarla yerində tanış
olmağın əhəmiyyətini bildirmişdir.
Səfər zamanı Azərbaycanın ədliyyə
naziri Bolqarıstan hökumətinin başçısı
Boyko Borisovla görüşmüşdür. Azərbaycanın
Bolqarıstan üçün strateji tərəfdaş
olduğunu söyləyən B.Borisov dövlətlərimiz
arasında əlaqələrin inkişafından məmnunluğunu
ifadə etmiş, hərtərəfli əməkdaşlığa
böyük önəm verdiyini vurğulamışdır.
Baş nazir ölkəsinin Avropada Azərbaycanın
etibarlı dostu olduğunu bildirmiş, bu ilin aprelində
Bakıya etdiyi səfərini xatırlatmış, Prezident
İlham Əliyevlə şəxsi səmimi əlaqələrini
qeyd etmiş və dövlətimizin başçısına
salamlarını çatdırmışdır.
Görüşdə ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə yüksələn xətlə
inkişafı və bu əlaqələrin intensivləşməsində
nümayəndə heyətlərinin qarşılıqlı
səfərlərinin, ədliyyə və məhkəmə
sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti
vurğulanmışdır.
Nazir F.Məmmədov, həmçinin
Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska
Tsaçeva ilə görüşmüşdür. Azərbaycan
ilə əməkdaşlığın genişlənməsinin
Bolqarıstanın dövlət siyasətinin əsas prioritetlərindən
olduğunu bildirən parlamentin sədri bu ilin mayında Azərbaycana
səfərini məmnunluqla xatırladaraq, ölkəmizin
sürətli iqtisadi tərəqqisinin şahidi olduğunu
vurğulamış, parlamentlərarası əməkdaşlıq
səviyyəsini və dostluq qruplarının səmərəli
fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonra Bolqarıstan-Azərbaycan parlamentlərarası
dostluq qrupunun sədri Rəmzi Osmanla işgüzar
görüş keçirilmiş, ölkələrimiz
arasında dərin tarixə malik olan əlaqələrin
inkişaf perspektivləri müzakirə edilmişdir.
Səfər çərçivəsində
Bolqarıstanın Konstitusiya Məhkəməsinin sədri
Yevgeniy Tançev, Ali Kassasiya Məhkəməsinin sədri
Lazar Qruyev, baş prokuror Boris Velçev ilə, habelə Ali Məhkəmə
Şurasında, Milli Ədliyyə İnstitutunda
görüşlər keçirilmişdir. Tədbirlərdə
ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə
müraciət imkanlarının asanlaşdırılması
və ictimaiyyətin inamının artırılması,
elektron xidmətlərin göstərilməsi, hakimlərin tədrisi
və etik davranışı müzakirə edilmiş, Azərbaycanda
dövlət başçısının siyasi iradəsi ilə
korrupsiya ilə qəti mübarizə
aparıldığı, bu məqsədlə yeni innovativ və
şəffaf xidmətlərin yaradılması diqqətə
çatdırılmış, beynəlxalq əməkdaşlığın
əhəmiyyəti qeyd olunmuşdur.
Eyni zamanda, Bolqarıstanın ən
böyük məhkəməsi olan Sofiya Şəhər Məhkəməsinə
baş çəkilmiş, onun fəaliyyəti ilə
tanış olunmuşdur.
Səmimi və dostluq şəraitində
keçirilən bütün görüşlərdə Azərbaycanda
aparılan genişmiqyaslı məhkəmə-hüquq
islahatlarına, xüsusilə, hakimlərin seçim prosesinə
və elektron ədliyyənin tətbiqinə böyük maraq
göstərilmişdir. Həmçinin həmsöhbətlərin
diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin acı nəticələrinə,
torpaqlarımızın 20 faizinin işğalı və bir
milyondan çox soydaşımızın qaçqın və
məcburi köçkün vəziyyətinə düşməsi
faktına cəlb olunmuşdur.
Bolqarıstanın regionları ilə
tanışlıq məqsədi ilə Qabrovo vilayətinə
səfər təşkil edilmiş, vilayətin
başçısı, şəhərin meri, dairə məhkəməsinin
sədri və prokuroru, bələdiyyələrlə
keçirilmiş görüşlərdə təcrübə
mübadiləsi aparılmış, habelə Şəki ilə
qardaşlaşmış şəhər olan Qabrovonun mədəni-tarixi
abidələri ilə tanışlıq olmuşdur.
Tədbirlərdə ölkəmizin
Bolqarıstandakı səfiri Emil Kərimov iştirak
etmişdir.
Azərbaycan.-2012.-
30 oktyabr.- S.9.