Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

Oktyabrın 29-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, tikinti, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə fəaliyyət göstərən adamları iştirak etmişlər.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, ölkələrimiz arasında siyasi-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi bazasının yaradıldığını, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu qeyd etmişdir. İndiyədək Azərbaycan iqtisadiyyatına 130 milyard ABŞ dollarından çox investisiya yatırılmışdır ki, bunun da təqribən yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. 2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınmışdır. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 2002-2011-ci illərdə 366 milyon ABŞ dolları həcmində investisiya yatırılmışdır. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə podratçı qismində də iştirak edirlər.

Son 10 ildə Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 563 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Hazırda Azərbaycan şirkətləri Rusiyada uğurla fəaliyyət göstərirlər. 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 47 faiz artmışdır. Azərbaycan və Rusiya Federasiyasının regionları arasında da iqtisadi əlaqələrin inkişaf etdiyini bildirən nazir hazırda ölkəmizin Rusiyanın 71 regionu ilə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.

Rusiya Federasiyası Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzov çıxışında ölkəmizə səfərindən və Azərbaycanın davamlı iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, mövcud imkanlardan səmərəli istifadənin, adamları arasında əməkdaşlığın genişləndirilməsinin Rusiya Federasiyası, eləcə də Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Qaraçay-Çərkəs Respublikasının iqtisadi inkişaf naziri Eldar Tlyabiçev Rusiya Federasiyasının təmsil etdiyi regionunun investisiya imkanları barədə təqdimatlarla çıxış etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.9.