Dağlar dağımdır mənim...

 

Zəngilanın işğalından 19 il keçir

 

Zəngilanın tarixi dağları, bulaqları və ağacları qədər qədim və təkrarsızdır. Azərbaycanın ən qədim  yaşayış məskənlərindən hesab olunan Əsgülüm və Süsən dağları bu yerlərdə min illər əvvəl də insanların yaşayışından və yüksək inkişafından xəbər verməkdədir. Bir tərəfdən Qubadlı və Cəbrayıl, digər tərəfdən isə İran İslam Respublikası və Ermənistanla həmsərhəd olan rayon ərazisində sıx meşələr, subalpalp çəmənlikləri üstünlük təşkil edir.

Bölgənin adını daşıyan zəngilər qədim türk tayfalarından biridir. Tarixi sənədlərdə adı sanqi (zəngi) şəklində yazılan zəngilər  bir çox yer adının müəyyənləşməsində də xüsusi rol oynayıblar. Zəngibasar  adının götürüldüyü Zəngi çayı da vaxtilə öz adını burada  məskunlaşan zəngi boyundan alıb. Azərbaycanın digər qədim tayfaları kimi, zəngi boyları da  geniş ərazilərə yayılıblar. Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilərin sorağı Türküstan çöllərinə qədər çatır. Böyük qazax mütəfəkkiri Çokan Valixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Qənbər-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlandığını qeyd edir.

Səlcuq əmirlərindən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə başa çatsa da, zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də uzun müddət hakimiyyətdə qalır. Bu isə Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyunun  geniş dayağa malik olmasından xəbər verir. 1403-cü ildə Azərbaycan bölgələrindən keçən  Klavixo  Sanqa (Zəngi) şəhəri haqqında yazırdı: "Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, o, əvvəllər Persiyanın ən iri şəhəri imiş".

Bir sözlə, Azərbaycan xalqının formalaşmasında  qaşqay, qamər, qızıl, polad, ərmən, hun, kuman, kedar, gögər, qorus, dəli, qapan, azər və şad boyları ilə yanaşı, zəngilərin də xüsusi rolu və xidməti olub.

Zəngilanın ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati bölgülərə məruz qalıb. Rusiyanın işğalına qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra - 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları onun tərkibinə verilir: yeni bölgüyə əsasən Zəngilanın ərazisi Zəngəzur qəzasına daxil edilir.

Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk illərdə -  1925-ci il sənədlərində Zəngilan  Cəbrayıl qəzasının tərkibində göstərilir. 1929-cu ildə ZSFSR-in qərarı ilə Zəngilanın Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə daha 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistana verilir.

Zəngilan yalnız 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş əraziyə sahib olur. 1967-ci ildə Zəngilana şəhər statusu verilir. Rayonun sahəsi 707 kv.km, əhalisi isə 35.351 nəfərdir. Bir şəhəri, bir şəhər tipli qəsəbəsi, bir qəsəbəsi, 81 kəndi vardı.

 

29 oktyabr 1993-cü il. Unudulmayacaq tarix, deyilməyəcək dərd

 

Ötən əsrin sonları  həyatımıza faciələrlə dolu bir dövr kimi daxil oldu. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr Qarabağdakı gərgin vəziyyəti bir az da ağırlaşdırdı.  19 il əvvəl bu qədim və zəngin torpaqlarımız erməni silahlı qüvvələri tərəfindən işğal olundu, şəhərlərimiz, kəndlərimiz boşaldı, insanlarımız öz doğma yurdunda məcburi köçkünə çevrildi. 1990-cı ildən başlayaraq Zəngilan da, Qarabağ bölgəsinin digər rayonları kimi, yaxınlaşan fəlakətlə üz-üzə idi. Ermənilər tez-tez dəmir yolunu bağlayır, adamları girov götürürdülər. Əli hər yerdən üzülən yerli əhali  ov tüfəngləri ilə silahlanaraq öz torpaqlarını qorumağa başladı, Zəngilan da cəbhə zonasına çevrildi.

Hələ 80-ci illərin sonlarında bu rayonun kəndlərinə qarşı erməni hücumları başlamışdı. Ermənilər Qarabağ savaşında Zəngilanın strateji rolunu yüksək qiymətləndirir, onun ələ keçirilməsi üçün məkrli planlar qururdular. Zəngilanlılar isə bu təcavüzün qarşısını almaq üçün könüllü özünümüdafiə dəstələrində birləşirdilər. 9 oktyabr 1991-ci ildə Zəngilan rayonunda ilk dəfə  806 saylı yerli özünümüdafiə batalyonu təşkil olundu. 10 dekabr 1992-ci ildə həmin batalyonun əsasında 865 saylı alay formalaşdı.

1992-ci il fevralın 1-də ernənilər Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndlərinə basqın etdilər.  Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxuldular. Həmin ilin dekabrında Qafan istiqamətindən hücum edən erməni qüvvələri rayonun Şayıflı, Ağkənd, Qazançı, Canbaz, Seyidlər, Küyümqışlaq və Pirveyis kəndlərini tutdular. Lakin Zəngilan alayı əks-hücumla bu kəndlərin dördünü tezliklə geri aldı. Qazançı və Ağkənd yarıanklav vəziyyətində olduğundan onları qaytarmaq mümkün olmadı.

Döyüşçülərin söylədiklərindən məlum olur ki, əslində rayon işğal edilməzdən az əvvəl Zəngilan alayı Ermənistan ərazisinə çox uğurlu əks-hücuma keçərək Naxçıvana quru dəhlizi açıb və Qafanla Mehri arasındakı 4 yaşayış məntəqəsini - Hənd, Kilsə, Şıxavuz və Safı götürüb. Bu, Qafanla Mehrini birləşdirən bir dəhliz idi. Oradan xeyli texnika da ələ keçirilib. Lakin beynəlxalq müşahidəçilərin bu bölgəyə səfəri ordu hissələrimizi geri çəkilməyə vadar edib. Bu uğurlu əməliyyatda ordumuz cəmi 2 şəhid verib.

1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. 1993-cü ildən başlayaraq döyüşlər səngimək bilmir.  Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur.

1993-cü ilin ortalarından başlayaraq Bakıda hakimiyyət uğrunda gedən  mübarizədən istifadə edən Ermənistan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları bir-birinin ardınca tutmaqda idiçox keçmədən Zəngilan üç istiqamətdən düşmən mühasirəsinə düşdü. Cəbrayıl rayonunun işğal olunması ilə Zəngilan alayı köməksiz qaldı. Həmin il avqustun 23-də Füzuli və Cəbrayıl,  8 gün sonra -  avqustun 31-də Qubadlı işğal olundu. Daha sonra düşmən Beyləqan istiqamətində hücumları davam etdirib. Bakı istiqamətində hücumların dayandırılmasından sonra düşmən geriyə dönərək mühasirədə qalmış Zəngilana doğru irəliləyib. Bu döyüşlərdə böyük itki verən Zəngilan alayının rayonu saxlamaq üçün heç bir şansı qalmadı. Beləliklə, oktyabrın sonunda rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundubununla da Zəngilanın mühasirəsi başa çatdırıldı. Dədə-baba torpaqlarını qoyub çıxmaqdan başqa zəngilanlıların yolu qalmadı. Qarşıda isə soyuq, bulanıq Araz vardı, arxada isə başı dumanlı dağlar... Təxminən 34 min əhali İran sərhədini - Araz çayını keçərək qismən xilas ola bildi.

 

Zəngilanda qoyub gəldiklərimiz,

bir də arzularımız, ümidlərimiz

 

 Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları - 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min kubmetr olanüzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəng daşı və digər yataqlar məlumdur.

Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd Şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd Şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu.

Zəngilanda 107 hektar sahəsi olan, Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları vardı.

İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Topmeşə sahəsinin qoz, Şərq çinarı və s. qiymətli ağacları tamamilə qırılaraq işlik materialı kimi daşınmış, 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə qırılmışdır. Daşbaşı və Leşkar meşələrində də ermənilər yanğın törətmiş, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılıb daşınmışdır. Bu gün də ermənilər tərəfindən tikinti və mebel sənayesinə yararlı çox qiymətli ağaclar kütləvi şəkildə kəsilərək Ermənistana və xarici ölkələrə satılır.

Ağaclardan, evlərdən qabaq isə onun sahibi, yiyəsi qırılaraq şəhid oldu:  rayonun müdafiəsi zamanı 188 nəfər həlak olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 34 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb. 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib.

Zəngilanda doğulan müəllimlərdən  birinin fikridir, amma bu sözlər hər bir zəngilanlının qəlbindən xəbər verir: "Zəngilanın işğalından ötən bu illər ərzində elə günümüz olmayıb ki, onu anmayaq, həsrətindən qovrulmayaq, yuxularımızda da olsa ora getməyək. Deyirlər, yara köhnəldikcə qaysaq bağlayıb sağalar, amma yox, ötən bu illər vətən dərdini sağaltmayıb. İçimizdəki vətən həsrəti daha da dərinləşib, bizi yandırıb-yaxır. Axı Azərbaycanın o gözəl təbiətli, saf bulaqlı, vüqarlı dağları olan dilbər guşəsini necə unudasan?

Azərbaycanın hər guşəsi əzizdir mənə. İstər səfalı təbiəti olan rayonlar olsun, istərsə də qızmar günəşin yandırdığı aran bölgələri. Fərq etməz, amma böyük Vətənimin kiçik bir parçası olan Zəngilan mənə daha doğmadır. Dünyaya göz açdığım, ayaq tutub yeridiyim, boya-başa çatdığım o yerlər tamam bir başqadır. Ərazicə kiçik olsa da, barlı-bərəkətli, məhsuldar torpaqları, göz oxşayan çəmənlikləri, göz yaşı kimi dupduru buz bulaqları, yazda kükrəyib daşan çayları, əzəmətli dağları var yurdumun. Camaatı əməksevər, mehriban, gülərüz, qonaqpərvərdir. Zəngilan torpağının yetişdirdiyi neçə elm adamı, zabit, jurnalist, əməkdar müəllim, həkim onun şöhrətini bütün Azərbaycana yaymışdı".

Öz şanlı övladları ilə öyünən Zəngilanın, Qarabağın azadlığının qayıtması da elə bir gün böyüməkdə olan vətənpərvər gənclərin, güclü Azərbaycanın sayəsində mütləq baş tutacaq. Ulu öndərin dediyi kimi: "Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir".

 

 

 Bəxtiyar QARACA

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.10.