Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir

 

 Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.

Azərbaycan Prezidenti əvvəlcə Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış oldu.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və görülmüş digər işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verdi. Bildirildi ki, fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan artıq güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.

Bildirildi ki, fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Şahin Mustafayev dövlətimizin başçısının tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı görülən işlər barədə də Prezident İlham Əliyevə məlumat verdi.

Sonra Prezident İlham Əliyevin sahibkarlarla görüşü keçirildi.

Dövlətimizin başçısı görüşdə giriş nitqi söylədi.

 

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.1.