Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir

 

Prezident İlham Əliyevin yekun nitqi

 

 - Biz bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında ölkəmizin 9 aylıq sosial-iqtisadi inkişafının yekunlarını müzakirə etmişik. Bir daha deyə bilərəm ki, bu yekunlar çox gözəldir, ümidvericidir və əslində gördüyümüz işləri tamamilə əks etdirir. Çünki hər bir statistik göstəricinin arxasında görülən işlər və düşünülmüş siyasət dayanır. Təsadüfi deyil ki, son illərdə, xüsusilə son iki il ərzində qeyri-neft sektoru daha da sürətlə inkişaf etməyə başlamışdır. Bu, təsadüfi deyil, təbiidir. Çünki qeyri-neft sektorunun inkişafı üçün müəyyən qədər vaxt lazım idi. Biz 2004-cü ildə birinci regional proqramı qəbul etdikdə məhz bu reallıqları nəzərə alırdıq və bilirdik ki, niyyətimizi ifadə etmək, konkret layihələrə çevirmək üçün vaxt lazımdır. Biz çox fəal işləmişik və düşünülmüş iqtisadi islahatlar artıq öz gözəl nəticələrini verməkdədir.

Biz indi ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll edirik. Baxmayaraq ki, heç bir dövrdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edə bilmirdi. Sovet dövründə vahid xalq təsərrüfatı kompleksi mövcud idi və Azərbaycan əsas ərzaq məhsullarını başqa respublikalardan idxal edirdi. Biz üzüm, pambıq, meyvə, tərəvəz məhsullarını ixrac edirdik. Ancaq ət, yağ, süd, quş əti, buğda - bütün bu məhsulları başqa respublikalardan gətirirdik. Bugünkü vəziyyət onu göstərir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə ya tam şəkildə təmin etmişik, ya da ki, bu məqsədə böyük dərəcədə  yaxınlaşmışıq. Ətlə bağlı məsələlər öz həllini tapmışdır və biz özümüzü ətlə təxminən 100 faiz səviyyəsində təmin edirik. Gələcəkdə heyvandarlığın inkişafı nəticəsində bizdə ixrac imkanı da yaranacaqdır.

Biz ixrac haqqında da geniş mənada fikirləşməliyik. Biz ənənəvi ixrac məhsullarının həcmini artırmaqla, eyni zamanda, əvvəlki illərdə idxal edilən malların gələcəkdə ixracı haqqında düşünürük və bu barədə müvafiq göstərişlər verilmişdir. Artıq burada deyildi, biz yaxın illərdə özümüzü quş əti ilə tam şəkildə təmin edəcəyik. Bu da düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Çünki biz statistik göstəriciləri təhlil edərkən görürdük ki, özümüzü quş əti ilə heç də yarıya qədər təmin edə bilmirik. Bu məqsədlə sahibkarlığın inkişafı üçün kreditlərin verilməsi məhz bu istiqamətə yönəlmişdir. Hazırda icra olunan və gələcəkdə icra ediləcək layihələr bu imkanı bizə yaradacaqdır. Yəni biz özümüzü yüz faiz quş əti ilə təmin edəcəyik.

Biz heç vaxt özümüzü süd və süd məmulatları ilə təmin edə bilməmişdik. Bu gün də özümüzü təqribən 70 faiz səviyyəsində təmin edirik. Ancaq əminəm ki, 1-2 ilə biz özümüzü bu məhsul üzrə də yüz faiz təmin edəcəyik.

Bildiyiniz kimi, bir neçə ildir ki, Azərbaycana cins mal-qara gətirilir. Bu da dövlət təşəbbüsü idi. Buna böyük ehtiyac var idi. Artıq bir neçə ildir ki, cins mal-qara gətirilir və beləliklə, bu, südçülüyün və heyvandarlığın inkişafı üçün böyük bir dəstək olacaqdır. Mən çox şadam ki, dövlət tərəfindən göstərilən təşəbbüsə sahibkarlar da qoşulmuşlar. Artıq bir neçə yerdə, bir neçə rayonda sırf sahibkarların öz vəsaiti hesabına böyük fermalar, heyvandarlıq kompleksləri tikilir və bu proses geniş vüsət almışdır. Eyni zamanda, bir neçə il bundan əvvəl kənd təsərrüfatının inkişafı ilə bağlı  məsələləri təhlil edərkən gördük ki, məhsulların saxlanılması üçün bizdə kifayət qədər şərait yoxdur. Yəni nəinki müasir şərait, ümumiyyətlə şərait yoxdur. Beləliklə, soyuducu anbarların tikintisinə qərar verildi və biz bu problemi qısa müddət ərzində həll etdik. Bu, həm sahibkarlığın inkişafına verilən böyük dəstəkdir, eyni zamanda, qiymətlərin tənzimlənməsi üçün vacib olan vasitədir. Yəni, deyə bilərəm ki, biz əsas problemləri 2 ilə aradan qaldırdıq. Amma kənd təsərrüfatı məhsulları istehsalının artımını nəzərə alaraq, əlbəttə ki, soyuducu anbarların tikintisi davam etdirilməlidir. Həmçinin taxıl anbarlarının tikintisi davam etdirilir və taxıl istehsalının, ərzaq buğdasının istehsalının artırılmasını nəzərə alaraq, yaxın illərdə biz bu istiqamətə əlavə vəsaitin ayrılmasına da, əlbəttə ki, baxacağıq. 

Yəni biz öz iqtisadi imkanlarımızla, öz gücümüzə yaradılan iqtisadi imkanlardan çox səmərəli şəkildə istifadə edirik. İlk növbədə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində vəsaitlər yönəldilir. Eyni zamanda, biz sosial məsələlərin həllinə də lazımi səviyyədə vəsait ayırırıq. İldən-ilə maaşlar, pensiyalar artır. Sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsi prosesi başlamışdır və MDB məkanında ən qısa müddət ərzində, yəni 2 ilə bu əmanətlər ən yüksək əmsalla qaytarılacaqdır.

Ölkə iqtisadiyyatı artıq dünya miqyasında rəqabət qabiliyyətli iqtisadiyyatlar arasındadır. Yaxşı xatırlayıram ki, neft strategiyamızın ilkin illərində bəzi xarici təhlilçilər, müşahidəçilər belə fərziyyələr irəli sürürdülər ki, Azərbaycan neftdən asılı ölkəyə çevriləcəkdir, Azərbaycanda "holland sindromu" olacaqdır, yəni iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Mən çox şadam ki, artıq bu söhbətlərdən əsər-əlamət qalmayıbdır. Çünki bizim düşünülmüş iqtisadi siyasətimiz artıq bütün dünyaya Azərbaycanın imkanlarını təqdim etdi. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, - bu da dünya miqyasında ən mötəbər iqtisadi qurumlardan biridir, - Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdə, MDB məkanında birinci yerdədir. Bu, real iqtisadi islahatların nəticəsidir.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, sadəcə olaraq, bir  xoş niyyət deyil,  bu, artıq reallıqdır. Gələcək illərlə bağlı bizim çox konkret, dəqiq düşünülmüş konsepsiyamız, strategiyamız və konkret layihələrimiz vardır. Hazırda yaranmaqda olan yeni, böyük sənaye mərkəzləri, böyük sənaye müəssisələri, texnologiya parkları artıq bir neçə ildən sonra Azərbaycanın sənaye potensialını yüksək dərəcədə artıracaq və bundan sonrakı illərdə iqtisadiyyatımız qeyri-neft sektorunun hesabına inkişaf etməlidir.

Bu şəraiti biz yaratdıq, yenə də deyirəm, düşünülmüş iqtisadi siyasət nəticəsində. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun təqribən 7-8 faizini təşkil edir. İndi böhran içində olan ölkələrdə bu rəqəm 120-150 faizdir. Böhrana o qədər də çox  məruz qalmayan inkişaf etmiş ölkələrdə bu rəqəm 70-80 faizdir. Bizdə cəmi 7-8 faizdir. Nəyə görə? Çünki biz lazım olmayan borcları götürmədik, populist vədləri icra etmək üçün, necə deyərlər, borclanmadıq. Biz hər şeyi düşünülmüş şəkildə  edirik və elə edirik ki, gələcək nəsillər də bu borcların qaytarılması ilə məşğul olmasınlar. Ümumiyyətlə, mən hesab edirəm ki, yaxın gələcəkdə biz xarici dövlət borcunu daha da aşağı salmalıyıq, baxmayaraq ki, bu borcun böyük hissəsi beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına formalaşmışdır. Bu vəsaitlər uzunmüddətli və aşağı faizlə verilmiş vəsaitlərdir. Yəni bunları belə tələm-tələsik qaytarmağa o qədər də böyük ehtiyac yoxdur. Ancaq bununla bərabər, hesab edirəm ki, növbəti illərdə dövlət xarici borcumuz daha da aşağı düşməlidir ki, biz bu problemi tamamilə aradan götürək.

Bizim bütün statistik göstəricilərimiz ən yüksək səviyyədədir. Böhranlı illərdə, bir neçə il bundan əvvəl baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdü, Azərbaycan əhalisi bunu hiss etməmişdir. Yəni biz hansısa obyektiv səbəbləri gətirərək nə manatın məzənnəsini aşağı saldıq, nə  qiymətlərin şişirdilməsinə imkan verdik. Nəyə görə? Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. İqtisadi islahatların aparılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətimizin təməlində də insan amili vardır. Ona görə biz təhlillər apararkən həmişə sosial və iqtisadi inkişafın yekunlarını təhlil edirik. Çünki bu iki məfhum ayrılmazdır. Ancaq güclü sosial siyasət aparmaq üçün güclü iqtisadiyyat lazımdır. İqtisadiyyatımız güclüdür. Onun özəlliyi və üstünlüyü ondan ibarətdir ki, iqtisadiyyatımız heç kimdən asılı deyildir. Biz heç bir xarici qurum qarşısında, necə deyərlər, borclu deyilik. Öz siyasətimizi özümüz aparırıq, o cümlədən siyasi müstəvidə və iqtisadi sahədə.

Yenə də deyirəm, borcun səviyyəsi o qədər aşağıdır ki, ümumiyyətlə, biz bu barədə heç fikirləşməyə bilərik və öz iqtisadi imkanlarımızı böyük dərəcədə artırırıq. Bu gün bölgə sahibkarları ilə keçirilən bu müşavirədə mən bir daha vurğulamaq istəyirəm ki, əsas məqsədə çatmaq üçün bizə bir neçə il vaxt lazımdır ki, ərzaq təhlükəsizliyimizi tamamilə təmin edək və gələcəkdə ixrac potensialımızı gücləndirək. Biz bu məsələlərlə əlaqədar strategiyamızı artıq indidən müəyyən etməliyik. Mən əminəm ki, bir neçə ildən sonra əsas ərzaq məhsullarının istehsalı bizdə böyük ixrac potensialı da yaradacaqdır.

Biz ixrac bazarlarına daha da böyük həcmdə çıxmalıyıq. Yeni bazarları aramalıyıq, araşdırmalıyıq, çıxmalıyıq ki, ixracın olmaması, yaxud da ki, məhdud olması bizim kənd təsərrüfatının ümumi inkişafını əngəlləməsin. Çünki əgər ixrac imkanlarımız olmasa və daxili bazar tamamilə təmin edilsə, o zaman kənd təsərrüfatının inkişafında müəyyən durğunluq yarana bilər. Yəni biz qabaqcadan bütün tədbirləri görməliyik ki, kənd təsərrüfatının  inkişafı daha da geniş vüsət alsın. Onu da qeyd etməliyəm ki, mən bir neçə il bundan əvvəl, bu il və bu günlərdə görülən, gələn illərdə görüləcək tədbirlər nəticəsində kənd təsərrüfatının daha da sürətli inkişafını gözləyirəm, bunu görürəm. Bu ilin 9 ayında kənd təsərrüfatı 6 faizdən çox artmışdır. Görülən tədbirlər nəticəsində və bu gün sahibkarların çıxışlarında yeni layihələr haqqında verilən məlumat kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcəkdir. Biz, bir daha demək istəyirəm ki, bu sahədə düşünülmüş siyasət aparırıq. Bu, həm iqtisadi inkişafdır, həm də sosial təminatdır, işsizliklə, yoxsulluqla mübarizədir, iqtisadiyyatın şaxələndirilməsidir, ölkə potensialının gücləndirilməsidir. Çünki hər ölkənin gücünü müəyyən edən onun iqtisadi dayaqlarıdır. İqtisadi dayaqlar olmadan, iqtisadiyyat asılı vəziyyətdə olan halda heç vaxt ölkə müstəqil siyasət apara bilməz. Bizim müstəqil siyasətimizin təməlində, əlbəttə ki, Azərbaycan xalqının iradəsi dayanır, eyni zamanda, öz gücümüzə güvənməyimiz dayanır. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına, zəhmətinə arxalanırıq. İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və  uğurlu olacaqdır.

Mən əminəm ki, bölgə sahibkarları bütün vəzifələri yaxşı başa düşür və dövlət tərəfindən verilən tapşırıqları yerinə yetirəcəklər. Bu tapşırıqları yerinə yetirməklə ilk növbədə öz maddi imkanlarını genişləndirəcəklər, eyni zamanda bölgədə yaşayan insanlar üçün yeni iş yerlərinin, yeni gözəl şəraitin yaradılması istiqamətində də səylərini göstərəcəklər. O ki qaldı dövlət siyasətinə, bir daha demək istəyirəm ki, dövlət siyasəti bu istiqamətdə tamamilə aydındır, birmənalıdır. Sahibkarlığa alternativ yoxdur. Bazar iqtisadiyyatı Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Yəni bu göstəricilər dövlət siyasətinin nə qədər düzgün olduğunu göstərir. Əminəm ki, dövlət siyasəti bir tərəfdən, sahibkarların  vətənpərvərliyi, məsuliyyəti və işgüzarlığı digər tərəfdən ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bütün bölgə sahibkarlarına yeni uğurlar və yeni, gözəl layihələr arzulayıram. Sağ olun.             

Sonda xatirə şəkli çəkdirildi.  

 

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.2.