Milli Məclisin bir qrup deputatı, ictimaiyyət və mətbuat nümayəndələri cəbhə xəttində «N» saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər

 

 Milli Məclisin bir qrup deputatı, ictimaiyyət və mətbuat nümayəndələri Tərtər rayonu yaxınlığında "N" saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər.

Milli Məclis Sədrinin müavini Bahar Muradova, deputatlar Arif Rəhimzadə, Bəxtiyar Sadıqov, Sahibə Qafarova, Musa Quliyev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə və başqaları əvvəlcə hərbi hissənin atəş poliqonunda olmuşlar. Burada Azərbaycan Ordusunun əsgərləri müxtəlif silahlardan praktik atış nümayiş etdirmişlər. Qonaqlar sonra ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşmüş, onların sosial problemləri ilə maraqlanmış, texnika və avadanlıqla tanış olmuş, işğal altında olan ərazilərimizi müşahidə etmişlər.

Nümayəndə heyətinə ön xətdəki mövcud vəziyyət, əsgərlərin döyüş hazırlığı barədə məlumat verilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova jurnalistlərə bildirmişdir ki, deputatlar, ictimai xadimlər, görkəmli ziyalılar tez-tez cəbhə bölgəsində, hərbi hissələrdə olurlar. Bu səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Ordusunun necə böyük qüdrətə malik olduğunun şahidi olmuşdur. Ordumuzun maddi-texniki təminatı, xüsusən də əsgərlərin ruh yüksəkliyi bizi sevindirir. Əminəm ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri tez bir zamanda yerinə yetirəcəkdir.

Qonaqlar hərbi hissənin qərargahında da olmuşlar. Əsgərlər qarşısında çıxış edən Milli Məclisin deputatları Bahar Muradova, Musa Quliyev və Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışlar. Bildirilmişdir ki, Azərbaycanın artan iqtisadi potensialı, bütün sahələrdə gedən inkişaf ordunun da maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun müasir texnika ilə təminatına şərait yaradır. Bu gün Azərbaycan Ordusu bölgənin ən güclü ordularından biridir və qarşıda duran bütün hədəflərə çatmağa qadirdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.3.