Avropa Şurasının «Mədəniyyətlərarası şəhərlər» layihəsinin Azərbaycanda həyata keçirilməsi barədə ümumi razılıq ifadə olunmuşdur

 

 Oktyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Avropa Şurası baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası (AŞ) arasında mədəniyyət sahəsində əməkdaşlıq, ölkəmizin AŞ-nin mədəniyyət layihələrində fəal iştirakı, Azərbaycanın mədəniyyətlərarası dialoq üzrə təşəbbüsləri və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Həmçinin mədəniyyət siyasətinin təkmilləşdirilməsində Avropa təcrübəsinin tətbiqi və Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" layihəsinin Azərbaycanda həyata keçirilməsi barədə  ümumi razılıq ifadə olunmuşdur.

Görüşdə 2008-ci il dekabrın 2-3-də Bakıda "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda AŞ-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransının yüksək səviyyədə təşkil olunması və bu tədbirin təşkilində Avropa Şurasının dəstəyi, eyni zamanda, həmin tədbirdə Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi"nin qəbul edilməsi, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin başlanması və bu işin uğurla davam etdirilməsi məqsədi ilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsasının qoyulması bir daha diqqətə çatdırılmışdır.

Ötən il aprelin 7-dən 9-dək Bakıda Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi, İSESCO kimi mötəbər beynəlxalq qurumların dəstəklədikləri və dünyada ilk dəfə bu formatda keçirilən forumun əsas məqsədinin mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq olduğu xüsusilə vurğulanmışdır.

Görüşdə nazir Ə.Qarayev xanım Battaini-Draqoninin Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə əlaqələndiricisi olduğu müddətdə Azərbaycan ilə Avropa Şurası arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və bu sahədə əldə olunmuş uğur və nailiyyətlərə görə qarşı tərəfə öz minnətdarlığını bildirmiş, belə əhəmiyyətli nəticələrin bundan sonra da davamlı olacağına ümidini ifadə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.3.