ANDA SƏDAQƏT
...2003-cü
ilin yayı. Sirli bir sükuta dalmış Bakıda hava nə
qədər isti keçsə də, nisgildən şəhərin
sanki "donu" açılmır. Prezident seçkisi
kampaniyasını yaşayan məmləkətdə bu
mühüm tədbirə münasibət heç də
hansısa namizədin qalib gəlməsi ilə bağlı
müzakirələrlə bildirilmirdi. İndi bütün vətəndaşları
düşündürən məqam xaosdan tərəqqiyə,
parçalanmaqdan qurtuluşa qədər keşməkeşli
yol keçmiş Azərbaycanın müqəddəratı
idi. Üstündən 10 il keçməsinə baxmayaraq,
insanlar bu ərəfədə tez-tez XX əsrin 90-cı illərindəki
acı, qan-qadalı günləri xatırlayır, öz
aralarında bu barədə danışır və sonra hər
iki tərəf "Allah eləməsin!" deyib, küfr
etmişlər kimi əllərini göyə qaldırıb
Tanrıdan mərhəmət diləyirlər.
Bütün diqqətlər uzaq Klivlənddən
gözlənilən xəbərlərə hakim kəsilib...
Heydər Əliyev
siyasəti daim yaşayacaq
...Bu sükut uzun çəkmədi.
2003-cü il oktyabrın 1-də, amansız xəstəliyin hələ
sarsıda bilmədiyi böyük zəka sahibi Heydər Əliyev
uzaq Klivlənddən böyük məhəbbətlə
xalqına müraciət ünvanladı: "Üzümü
sizə - həmvətənlərimə tutaraq qarşıdan
gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin
birinci müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəkdir. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Bu, ölümlə çarpışan bənzərsiz
bir insanın vətənə və xalqa vida sözü idimi?
Əlbəttə yox. Bu, hər şeydən əvvəl
böyük dahinin canı qədər sevdiyi Azərbaycana qənirsiz
xidmətlərin son, möhtəşəm nümunəsi və
xalqına göstərdiyi işıqlı yol idi. Məşhur
Amerika şairi Henri Lonqfello Heydər Əliyev kimi dahi şəxsiyyətlərdən
bəhs edərkən haqlı olaraq yazırdı ki, "dahi
insan vəfat edəndə onun həyatda saxladığı
nur uzun illər insanlığın yolunu
işıqlandırmağa davam edir". Zaman bu fikrin
isbatına elə böyük vaxt istəmədi. O dahinin
saxladığı nur elə şölələndi ki, Azərbaycan
adlı məmləkət ötən 9 ildə dünyanın
əksər siyasi mərkəzlərindən bütün əlvanlığı
ilə görünməyə və nüfuz qazanmağa
başladı. Amma bu, hələ bir qədər sonra
olacaqdı. Prezident seçkisinin uğurla başa
çatmasından və cənab İlham Əliyevin
PREZİDENT kimi sədaqət andı içməsindən
sonra...
Xalq ümummilli liderin son tövsiyəsini
də düzgün qiymətləndirməyi bacardı.
Oktyabrın 16-da cənab İlham Əliyevin prezident seçkilərində
qalib gəlməsi barədə verilən xəbərə
Klivlənddə ilk sevinən də məhz Heydər Əliyev
oldu. Çöhrəsindəki
nigarançılığı xəfif bir təbəssüm
əvəzlədi. Bir anlıq bütün vücudu nura
boyandı. Missiya etibarlı əllərdə idi...
Cənab İlham Əliyev biliyi, erudisiyası
və intellekti sayəsində yaxşı bilirdi ki,
PREZİDENT seçilmiş şəxsin DÖVLƏTƏ və
XALQA sədaqət andı ümumi qəbul edilmiş
"konvensial prosedurda" həyata keçirilən
danışıq aktı olsa da, mahiyyətcə çox
mühüm bir mərasimdir. Köhnəlmiş dəbdəbəli
mərasimlərdən azad olan yeni cəmiyyət onsuz da
özündə xalqla milləti birləşdirən simvolik ənənələrsiz
keçinmir. Qədim yunan islahatçısı Salon deyirdi
ki, "dövləti mərasimlər və qanunverənlər
yox, xalqı arxasınca aparmağa qadir olan şəxsiyyətlər
irəli apara bilər. Əgər onlar kütləni düz
yolla aparsalar, o zaman mərasimlər də, qanunlar da fayda gətirər".
Əslində böyük öndər Heydər
Əliyevsiz bu mərasimin yeni Prezident İlham Əliyev
üçün nə sevinci ola bilərdi ki? Sadəcə,
xalqı qarşısında and içib bütün
dünyaya müstəqil Azərbaycanda Heydər Əliyev
oriyentirlərinin dəyişməyəcəyini bəyan etmək
çox vacib idi! Ədalət və həqiqət naminə
demək lazımdır ki, bu məqamlarda dünyanın
gözü Azərbaycana və onun gənc Prezidentinə
dikilmişdi. Deməli, mərasim yüksək səviyyədə
bayram ovqatında keçirilməli, ancaq təmkin və
ciddiyyət gözlənilməli idi və belə də oldu!
Müstəqil Azərbaycanda çox mühüm bir hadisə
- hakimiyyətin sivil qaydalarla ötürülməsi prosesi
gözümüz önündə möhtəşəm tarixə
çevrildi...
Mərasimdən öncə cənab
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət
etdi, Azərbaycanın ərazi bütövlüyü və
müstəqilliyi, azadlığı uğrunda canlarından
keçmiş vətən oğullarını yad edərək,
əbədi məşəlin önünə əklil qoydu.
O, buradan - bu hündür məkandan doğma paytaxtın mənzərəsinə,
Xəzər körfəzinə göz gəzdirdi. Daim Heydər
Əliyevlə bu uca zirvədə dayanıb şəhərə
tamaşa etməyi çox sevirdilər...
...Andiçmə təntənəsi
Orucluq bayramına təsadüf edirdi. Müqəddəs Quran
və dövlət Konstitusiyası kitablarının
arasında dayanmış cənab İlham Əliyevin deyəcəyi
sözlər ikiqat məna kəsb edəcəkdi. Diplomatik təcrübə
ona emosiyalarını cilovlamağa kömək edirdi. O, əlini
ölkə Kostitusiyasına basıb əvvəlcə "Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirərkən Azərbaycan Respublikasının
Konstitusiyasına əməl edəcəyimə, dövlətin
müstəqilliyini və ərazi
bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə
xidmət edəcəyimə and içirəm!" - deyir.
Sonra Qurani-şərifə əl basır:
"Əlimi Qurani-şərifə basaraq and içirəm:
Azərbaycan xalqının əsrlər boyu
yaratdığı milli-mənəvi dəyərlərə və
ənənələrə sadiq qalacağam, onları daim uca
tutacağam".
Respublika sarayındakı nitqindən sonra
elə həmin gün cənab İlham Əliyevin
"Gülüstan" sarayında təntənəli qəbuldakı
çıxışı daha emosional səslənirdi: "Bu
gün mənim həyatımda çox əlamətdar bir
gündür. Azərbaycan xalqının dəstəyi ilə
mənə göstərilən böyük etimadın nəticəsində
bu gün mən Prezident vəzifəsinin icrasına
başlayıram...
Düşünürəm ki, bu gün ən
çox sevinən və bu günü gözləyən cənab
Prezident Heydər Əliyevdir. Onun əsəri olan müasir Azərbaycan
özünün müəyyən etdiyi yolla gedəcəkdir.
Onun siyasəti yaşayacaqdır və Azərbaycan xalqına
yeni qələbələr gətirəcəkdir".
Beləcə, müstəqil Azərbaycan
dövlətçiliyinin tarixində yeni, gənc və qətiyyətli
bir PREZİDENTLƏ çox məsul bir dövr
başladı!
Mən istənilən
mübarizəyə hazıram
İnsan həyatının
ən mühüm cəhətlərindən biri onun
yaşı və yaşadığı zamandan necə istifadə
etməsidir. Xalqın yeni lideri İlham Əliyev
yaşadığı vaxtdan necə istifadə etməsini Azərbaycanın
ictimai-siyasi həyatına kamil siyasətçi kimi daxil
olması ilə çoxdan sübut etmiş bir şəxsiyyətdir.
O, yarımbaşlığa
çıxardığımız bu qətiyyətli bəyanatını
nə dünən, nə beş il əvvəl, nə də
ilk prezident seçkisi ərəfəsində vermişdir. Bu
fikrin tarixçəsi 2000-ci ilə təsadüf edir. O zaman cənab
İlham Əliyev fəal siyasi səhnədə deyildi və
bu fikri "Moskovski komsomolets" qəzetinin müxbiri
Aleksandr Budberqə müsahibəsində söyləyəndə
"neft və qan iyi gələn" Bakıda məhz onun da
gərgin diplomatik səyləri nəticəsində imzalanan
"Əsrin müqaviləsi"nin ilk investisiyaları Azərbaycan
iqtisadiyyatına yeni-yeni dividendlər verməyə
başlamışdı.
Ötən 9 il də, ondan əvvəlki
dövr də göstərdi ki, cənab İlham Əliyevin
siyasətdə yüksək səviyyədə iştirak etməsi
özünütəsdiqə çalışmaq
üçün motivasiya deyildi. Heydər Əliyevin siyasi varisinin
əslində buna elə bir ehtiyacı da yox idi...
İstənilən siyasətçi cəmiyyətin
düşüncəsində müəyyən bir obraza - qəhrəmana,
müdriyə, xilaskar döyüşçüyə,
azadlıq uğrunda mücahidə, ədalətli şaha
uyğun gəlir. Bu obrazların ictimai xarakteri onu göstərir
ki, onlar zamanın tələbləri ilə
bağlıdır. Möhtərəm İlham Əliyevin də
xarizmatik lider kimi təsdiqi həm də
yaşadığı zamanın və mühitin tələbləri
ilə bağlıdır. Müasir siyasətçinin
uğurlu obrazı isə onun xarizmasından çox
asılıdır.
Xarizma nədir?
Bu, günahları dəf etmək və qurtuluş əldə
etmək üçün Tanrı tərəfindən göndərilmiş
nemət, ilahi qüvvədir! Bir anlıq düşünək:
2003-cü ildə seçim doğru olmasaydı, nələr
baş verə bilərdi? Əvvəldə qeyd etdik ki, xalq
artıq Heydər Əliyev siyasətinin hakim olmayacağı
təqdirdə 1990-1993-cü illərin fəlakətlərinin
qayıda biləcəyi barədə qorxulu ehtimallarla
yaşayırdı. Və haqlı idi də! Çünki
müstəqillik hələ o qədər möhkəm
deyildi. Ölkədə daxili bir gərginlik yaranacağı
halda bundan maraqlı qüvvələr bəd niyyətlərini
həyata keçirmək üçün istifadə edə
bilərdilər.
Tanınmış alman sosioloqu və
tarixçisi Maks Veber əbəs yerə demir ki, xarizmatik lider
xüsusi istedada, peyğəmbəranə bacarıqlara,
müstəsna iradəli keyfiyyətlərə malik olur.
Seçkidən dərhal sonrakı hadisələri
xatırlayın. Hər vəchlə hakimiyyətə gəlmək
istəyən və xarici havadarlarına ümid edən bəzi
qüvvələr dərhal "meydan hərəkatına"
başlamağa cəhd göstərirlər. Lakin bu, artıq
köhnə zaman deyildi! Qanunsuz hərəkətlər
dövlət qurumları tərəfindən qətiyyətlə
dəf olunurdu!
Təbii ki, ümummilli nüfuza iddia edən
siyasi xadimin xarizması özündə zamanın
böyük çağırışlarına cavabı da
ehtiva etməlidir və bu baxımdan da Azərbaycan
xalqının doğru seçim etdiyini son 9 ildə
yazılan əzəmətli tarix tam təsdiq etdi.
Məşhur bir ifadədə deyilir ki,
böyük epoxalar böyük insanları dünyaya gətirir.
Hər dəfə hər hansı bir cəmiyyətin və ya
dövlətin ciddi problemləri yarananda ön plana həmişə
xüsusi qabiliyyəti olan insanlar çıxır. Onlar digərlərindən
öz müstəsna bacarıqları və parlaq liderlik
keyfiyyətləri ilə fərqlənirlər. Məhz onlar
bu böhranlı dövrlərdə qərar qəbul etməyin
və məsuliyyətin ağır yükünü
çiyinlərinə götürürlər. Tariximizin
müasir dövrünə ötəri nəzər salsaq
görərik ki, müasir dünyada tarixin dönüş və
məsul məqamlarına uyğun gələn adekvat siyasi
liderlər o qədər də çox deyil. Bu baxımdan
zamanın artıq çoxdan təsdiqlədiyi bir həqiqətə
istinad edərək demək olar ki, bəli, 2003-cü ildə
də, 2008-ci ildə də cənab İlham Əliyev Azərbaycan
xalqının alternativsiz və doğru seçimi idi!
Cənab İlham Əliyevin ilk dəfə
Prezident seçilməsinin sevincini bizimlə bölüşən
dünya şöhrətli yazıçı Çingiz
Aytmatov əsl müdriklər kimi gözünü uzaqlara zilləyib
mənə demişdi: "Qırğızlarda və azərbaycanlılarda
belə bir müştərək deyim var: ot kökü
üstə bitər. Bu, öz təsdiqini Heydər Əliyevin
layiqli varisinin yetişməsində tapdı. Azərbaycan
xalqı İlham Əliyevi öz Prezidenti seçəndə
mən buna öz xalqımın uğuru kimi sevindim. O,
çox ağıllıdır, dünyanın nəbzini tuta
bilir. Ümumiyyətlə, hakimiyyətə İlham Əliyev
kimi siyasətçilərin, ən ali qanunları mənəviyyat
olan siyasətçilərin gəlməsi çox
yaxşıdır. Onlar öz əməlləri ilə cəmiyyətdə
bunu təsdiqləyirlər".
Çox keçmədi ki, Çingiz
Aytmatov Brüsseldən Azərbaycan Prezidenti İlham Əliyevin
ünvanına belə bir təbrik teleqramı göndərdi:
"Hörmətli İlham Heydəroviç! Azərbaycan
Prezidenti seçilməyinizlə əlaqədar olaraq
müasirlərimizin çoxsaylı təbrikləri ilə
yanaşı mənim də ağsaqqal təbrikimi qəbul
edin. Bu, artıq gerçəklikdir. Dünya ictimaiyyəti
ümumxalq seçkilərini diqqətlə izləyirdi və
demək lazımdır ki, bizim gözlədiklərimiz və
ümidlərimiz doğruldu, həyata keçdi. Bunlar
xalqın məhz Sizə necə dərin hörmət bəslədiyini
göstərir. Seçilən adam xalqın gözündə
mənəviyyatca aşkar və namuslu böyüyəndə,
onun siyasi reytinqi, ictimai fəaliyyəti və şəxsi həyatı
müşahidə prosesinin gedişində formalaşanda məhz
belə olur. Siz millətin bu kimi yüksək etimad
haqqını qazanmısınız. Şübhəsiz, bununla
yanaşı, Siz müasirləriniz və ölkəniz
qarşısında məsuliyyətinizi də dərk
edirsiniz".
Hər bir Azərbaycan
vətəndaşının Prezidenti
Prezident
İlham Əliyev dərindən bilirdi ki, müəyyən
ideoloji müstəvi olmadan liderliyi həyata keçirmək
mümkün deyil. Lider mütləq uğrunda mübarizə
apardığı ideologiyanı aydın müəyyənləşdirməlidir,
bununla belə, nə olur-olsun ona sadiq qalmalıdır. Bu
ideologiya Heydər Əliyevin müəllifi olduğu AZƏRBAYCANÇILIQ
ideologiyasıdır ki, cənab İlham Əliyev öz
müqəddəs andının davamı kimi ziyafət məclisində
söylədiyi çıxışında bunu çox parlaq
şəkildə ifadə etdi: "...Mən hər bir Azərbaycan
vətəndaşı üçün yaxşı Prezident
olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən
asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının
Prezidenti olacağam..."
Olduqca şərəfli, ancaq çox məsuliyyətli
bir vəzifədir. Bu, sadəcə vəd deyildi. Hakimiyyət
Olimpinə yeni yüksəlmiş vətənpərvər bir
siyasətçinin qəlbinin dərinliklərindən gələn
müqəddəs istək, milli ideyanın ayrılmaz
parçası idi.
Bu yerdə bir haşiyə
çıxıb Prezident İlham Əliyevin tarix boyu heç
bir dövlət başçısının ayağı dəyməyən
ucqar dağ rayonuna - Lerikə səfərini xatırlatmaq istəyirəm.
Şahid olanlar danışırlar ki, Prezidentin rayona
günorta gəldiyini bilsələr də, ən ucqar kəndlərdən
belə sübh tezdən rayon mərkəzinə axışan
sakinlər 6 saatdan artıq yol boyu yorulmadan ayaq üstə
durub dövlət başçısını gözlədilər.
Onları buna heç kim məcbur etmirdi. İnsanların
sevincinin həddi-hüdudu yox idi. Prezident özü də bu
saf dağ adamlarının ilahi sevgisindən doğan
aramsız alqışlardan təsirləndi. Bu tarixi səfər
Lerikə yeni həyat bəxş etdi və bundan sonra Prezident
daha iki dəfə rayona səfər etdi.
Digər tərəfdən, bir siyasətçi
kimi cənab İlham Əliyevin gücü ondadır ki, o,
daxili determinantlara, ona məxsus olan və onun şəxsiyyətinin
ayrılmaz hissəsinə çevrilmiş mənəvi
normalara və cəmiyyətdəki davranış
qaydalarına dəqiqliklə əməl edir. Onun Qurani-şərifə
əl basıb and içməyinin də mərasim naminə
nümayiş olmadığı, ötən dövr ərzində
islami dəyərlərə dövlət səviyyəsində
göstərdiyi yüksək diqqət və qayğı ilə
təsdiqləndi.
Cənab İlham Əliyevin təkcə
bir Prezident, dövlət xadimi kimi deyil, həm də bir insan
kimi daha mühüm keyfiyyətləri mənəvi zənginliyi,
dözümlülüyü, humanizmi və ədalətli
olması ilə bərabər, orijinallığı, hər
hansı işə yaradıcı yanaşması, maraq dairəsinin
müxtəlifliyi, qeyri-standart düşüncə tərzi və
davranışı, hazırcavablığı və müstəqilliyi,
iti ağla və yüksək mədəniyyətə sahib
olmasıdır. Bir şəxsiyyət kimi bu ali keyfiyyətləri
onu xalqının gözündə bir insan kimi də yüksəldir,
ona etimadı və inamı artırır, sevgi və hörmət
qazandırır. Onun 2008-ci ildə keçirilən prezident
seçkilərində böyük səs çoxluğu ilə
qalib gəlib yenidən ali posta seçilməsinin əsas səbəbi
də, şübhəsiz, məhz xalq məhəbbətinin və
ehtiramının təntənəsi idi.
Unutmaq olmaz ki, Heydər Əliyev kimi dahi
şəxsiyyətdən və xalqının əbədi
sevgisini qazanmış liderdən sonra hakimiyyət Olimpində
onun uğurlarını təkrarlamaq və nəyəsə
nail olmaq o qədər də asan məsələ deyildi. Bunun
üçün ən azından sosial oriyentasiyalı, həssas,
humanist, emosional cəhətdən sabit, qeyri-standart,
güclü, zabitəli, hökmlü və ziyalı olmaq hələ
çox az idi. Çünki Heydər Əliyev bir şəxsiyyət,
siyasətçi, dövlət rəhbəri kimi xalqın
düşüncəsində özünəməxsus və
çox yüksək tələblərlə səciyyələnən,
etalona çevrilmiş, real siyasi lider və dövlət rəhbəri
obrazı formalaşdırmışdı.
Gənc Prezident bu tələbləri dərindən
bildiyi kimi, varisi olduğu ümummilli liderdən gördüklərini
də yüksək səviyyədə mənimsəməyi
bacarmışdı. Əvvəla, cənab İlham Əliyev
hakimiyyətinin ilk illərində həqiqi siyasi lider kimi
öz fəaliyyətində geniş kütlələrin
maraqlarını çox yüksək formada birləşdirə
və ifadə edə bildi. Çünki o, sahib olduğu
siyasi biliklərdən və aldığı ATA dərsindən
intuitiv olaraq bilirdi ki, istənilən hakimiyyət
üçün siyasəti canlı cəmiyyətdən,
insanlardan süni şəkildə ayırmaq olmaz və belə
olarsa, hakimiyyət institutları ilə cəmiyyət
arasında uçurum yaranar. Həqiqi siyasət söz
müstəvisində, ritorik nitqlərdə yox, "yerdə",
cəmiyyətin həyat tərzindədir. Əgər insanlar
öz həyatlarının
yaxşılaşdığını hiss edirlərsə, demək,
o, konkret fəaliyyətdədir.
Neft məqsəd yox, güclü
iqtisadiyyat yaratmaq vasitəsidir
Cənab İlham Əliyevin siyasi
karyerasını izləyənlər, yəqin, yaxşı
xatırlayarlar ki, Azərbaycan Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti kimi hələ 2000-ci ilin sonunda
Rusiyanın mətbuat orqanlarından birinə verdiyi müsahibəsində
bildirirdi: "Siyasət - əslində bu, nəsə bir
iş görmək üçün vasitədir. Syasət təkcə
o deyil ki, televiziyalarda çıxış edəsən,
müsahibə verəsən, mitinqlər keçirəsən.
Nəsə bir iş görmək lazımdır ki, insanlar sənə
inansınlar, sənə hörmət etsinlər..."
Bu kontekstdən yanaşsaq, görərik
ki, Prezident ilk gündən milli ideyaya söykənərək
güclü iqtisadi dayaqları olan sosial dövlət
quruculuğu istiqamətində uzun illərə
hesablanmış strateji proqramlar işləyib
hazırlayır və çox böyük təmkinlə, həm
də qətiyyətlə həyata keçirir. Çevik icra
mexanizmləri ilə seçilən bu proqramların
reallaşmasının nəticəsidir ki, hətta Azərbaycan
bu gün dünyanın ən sürətlə inkişaf edən
dövlətləri sırasında qərarlaşmışdır.
Bu da təsadüfi deyil. Elə
prezidentliyinin ilk günlərində cənab İlham Əliyev
çox böyük uzaqgörənliklə deyirdi:
"...Artıq bu gündən neftlə bağlı olmayan
yeni iş yerləri, yeni infrastruktur yaratmaq lazımdır,
çünki o, nə vaxtsa qurtaracaq. Əgər bu proqram bu
gün işə düşəcəksə, sabah gələcək
nəsil neft hasilatından və neftin dünya
bazarlarındakı qiymətindən asılı olmayacaq. Ona
görə də neft bizim üçün məqsəd yox,
güclü iqtisadiyyat yaratmaq üçün vasitədir".
Bu bəyanat yeni dövrün siyasi liderinin
qarşıya qoyduğu vəzifələri və iqtisadi
inkişafın qısa zaman üçün proqramını
aydın şəkildə göstərirdi. Onun tələbləri
və qısa zaman üçün qarşıya qoyduğu vəzifələr
bəlli idi: zaman-zaman artan neft gəlirlərini çevik
şəkildə ölkədə istehsal sənayesinin
yaradılmasına, respublikanın enerji təhlükəsizliyinin
təmin edilməsi üçün qlobal enerji layihələrinin
reallaşmasına, yol-nəqliyyat infrastrukturunun genişləndirilməsinə,
regionların inkişaf proqramlarının maliyyələşməsinə,
ərzaq təhlükəsizliyinin təmin olunması
üçün kənd təsərrüfatının
inkişafına, Azərbaycanda müdafiə sənayesinin
yaradılmasına, informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinə, səhiyyənin və təhsilin
inkişafına və sair sahələrə yönəltmək.
Prezident İlham Əliyev müasir Azərbaycan
cəmiyyətinin, həm də gənc, müstəqil bir
ölkənin inkişaf perspektivlərinə innovasiyalı,
praqmatik və konstruktiv düşüncədən
yanaşaraq, Heydər Əliyev strateji xəttindən kənara
çıxmadan özünün orijinal inkişaf
proqramını yaratdı. Bu, artıq dünya
iqtisadçılarının tez-tez işlətdikləri
"sosial-iqtisadi inkişafın Azərbaycan modeli" ifadəsində
təcəssümünü tapdı.
Artıq prezidentlik fəaliyyətinin ikinci
ilində - 2005-ci ildə Beynəlxalq Valyuta Fondu gənc
müstəqil respublikamız üçün verdiyi proqnozda
göstərirdi ki, inkişaf tempinə görə Azərbaycan
Respublikası ilə MDB-də müqayisəyə gələ
biləcək ikinci bir ölkə yoxdur! Həmin dövrdə
ölkədə ÜDM-in 11,4 faiz olacağı, ikinci yerdə
qərarlaşan Qazaxıstanda isə bu rəqəmin 8,5 faiz təşkil
edəcəyi göstərilirdi. 2004-cü ildə isə bu
göstərici 9,1 faiz təşkil edirdi ki, bu da region dövlətləri
arasında ən yüksək göstərici idi.
Çünki qonşu Rusiyada bu göstərici 7,3 faiz,
İranda 6,6 faiz, qardaş Türkiyədə isə 5 faiz təşkil
edirdi.
9 il ardıcıl olaraq bütün layihələri
şəxsi nəzarətində saxlayan dövlət
başçısı gündən-günə ölkəsinin
iqtisadi potensialını zənginləşdirdi, onu regionun
iqtisadi, eyni zamanda siyasi liderinə, beynəlxalq arenada söz və
nüfuz sahibinə çevirdi. Lakin bunlar heç də asan və
maneəsiz başa gəlmirdi. Müharibə aparan, karbohidrogen
ehtiyatları ilə zəngin olan ölkənin müstəqil
siyasət yeritməsi özü bir möcüzə idi. Hələ
prezidentliyinin ilk illərində cənab İlham Əliyev
siyasi vəziyyəti təhlil edərək açıq bəyan
edirdi ki, "böyük neftin müsbət tərəfləri
olduğu kimi, mənfi tərəfləri də var..."
Bütün tanınmış siyasi liderlər
kimi, Prezident İlham Əliyev də məhz yenilikçi və
orijinal proqramları ilə XXI əsrdə Azərbaycanın
siyasi-iqtisadi inkişaf modelini yaratmaqla artıq tarixə
düşdü desək, zərrə qədər də
yanılmarıq.
Ulu öndər Heydər Əliyevin şah
əsərlərindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft kəmərinin 2006-cı ildə gerçəkləşməsinin
özü bir qəhrəmanlıq salnaməsidir. Zəngin
neft ehtiyatları olan Azərbaycanın ətrafında
çoxkombinasiyalı oyunların getdiyi bir dövrdə
Prezident İlham Əliyev milli mənafe naminə öz
diplomatik ustalığı sayəsində bu nəhəng
layihəni gerçəkləşdirdi. Vaxtilə bu layihəni
nəinki bəzi daxili siyasi qüvvələr, hətta bir
çox dövlətlər belə xülya sayır və
onun reallaşa biləcəyinə heç cür inanmaq istəmirdilər.
Lakin hələ bu layihə ətrafında kəskin
diskussiyalar getdiyi bir dövrdə cənab İlham Əliyev
çox tutarlı arqumentlərlə çıxış
edirdi.
Ağıl, qətiyyət, dərin zəka,
dünyanın iqtisadi siyasətinin incəliklərinə bələd
olmaq, incə diplomatik gedişlər öz sözünü
dedi. BTC bu gün həm də beynəlxalq enerji təhlükəsizliyi
sisteminin əsas elementlərindən birinə çevrilməklə
Azərbaycanı dünyanın diqqət mərkəzində
saxlamaqdadır. Bu gün illik ötürücülük
qabiliyyəti 60 milyon ton olan BTC vasitəsilə sutkada 1,2 milyon
barel neft Səngəçal terminalından Aralıq dənizi
sahillərinə yola salınır.
Bu illərin yadda qalan mühüm hadisələrindən
biri də ümumi uzunluğu 997 kilometr, ötürmə
qabiliyyəti 20 milyard kubmetr olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
istifadəyə verilməsidir ki, bu gün məhz o kəmər
vasitəsilə qardaş Türkiyə və Gürcüstana
təbii qaz ixrac olunur.
Dünyanın
hesablaşdığı lider
Təbii ki,
Azərbaycan Prezidentinin 9 illik tərəqqi və inkişaf
strategiyasının əsas məramlarından biri xalqın, əhalinin
sosial rifah halının durmadan
yaxşılaşdırılması, qeyd etdiyimiz kimi, Azərbaycanda
sosial rifah dövlətinin qurulmasıdır. Hələ
2010-cu ildə BMT-nin insan inkişafına dair hesabatında 169
ölkə arasında ölkəmiz 67-ci sıraya qalxaraq
"orta insan inkişafı ölkələri" qrupunu tərk
edərək "yüksək insan inkişafı ölkələri"
qrupuna daxil edilmişdir. Təkcə 2010-cu ildə istehsal
olunmuş sənaye məhsulu ötən dövrdə - XX əsrin
50-60-cı illərindəki 10 il ərzində istehsal
olunmuş məhsula bərabər olmuşdur.
Cənab İlham Əliyevin mühüm
liderlik keyfiyyətlərindən biri də onun geniş siyasi
informasiyalılığıdır. Bu geniş və dəqiq
siyasi informasiyalılıq hər şeydən əvvəl ona
imkan verir ki, sosial qrupların, regionların, millətin və
bütövlükdə dövlətin maraqlarını
düzgün təmin edə bilsin. Dövlət
başçısı mühüm diqqət yetirdiyi
regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata
keçirilməsi və nəzərdə tutulan işlərin
yerinə yetirilməsinin gedişi ilə tanışlıq məqsədi
çərçivəsində 9 ildə bölgələrə
200-dən çox səfər etmişdir.
Bəzi qüvvələr 2003-cü il
prezident seçkilərində cənab İlham Əliyevin
"Azərbaycanda bir dənə də olsun çadır
şəhərciyi qalmayacaqdır" bəyanatını
seçki marafonunda bir vəd kimi dəyərləndirsələr
də, beş ilə nəzərdə tutulan bu plan dövlət
başçısının qətiyyəti ilə 4 ilə
başa çatdı və sonuncu çadır şəhərciyinin
ləğv edilməsi kimi mühüm bir hadisə 2007-ci ildə
tarixə qovuşdu.
Prezidentin bu illər ərzində bir an belə
unutmadığı taleyüklü məsələlərdən
biri də, təbii ki, ərazilərimizin işğal
altında olmasıdır. Cənab İlham Əliyev elə
bir tədbir, elə bir beynəlxalq məclis olmur ki, bu problemi
bütün ciddiliyi ilə ortaya qoymasın. Mövqe isə dəyişməz
olaraq qalır - "Azərbaycanın ərazi
bütövlüyü danışıqların mövzusu ola
bilməz". Prezident bu qətiyyətli mövqeyinə onu da
əlavə edir ki, "biz məsələni
danışıqlar yolu ilə həll etmək istəyirik, əgər
danışıqlar yolu ilə problem həll olunmasa, onda biz hərbi
yola əl atmalı olacağıq. Bu, bizim suveren
hüququmuzdur. Heç kim bunu bizim əlimizdən ala bilməz".
Dövlət başçısı bunu kiməsə xoş gəlmək
üçün demir. Bunun ciddi arqumentləri var. Prezident bu
arqumentləri belə ifadə edir: "Son illər bizim hərbi
xərclərimiz 20 dəfədən çox artıb və
hazırda 3,6 milyard dollar təşkil edir ki, bu da Ermənistanın
bütün dövlət xərclərindən 50 faiz
çoxdur". İqtisadiyyatı çökməkdə
olan, varidatı satışa çıxarılan Ermənistan
bundan nəticə çıxarmalıdır və zaman onu buna
məcbur edəcək.
Cənab İlham Əliyevin diqqət
çəkən keyfiyyətlərindən biri onun siyasi
leksikonudur. Açıq etiraf etmək lazımdır ki,
hazırda özlərini siyasi lider sayan əksər
insanların siyasi leksikonu ya köhnəlib, ya da mənasını
dərindən dərk etmədikləri müasir terminlərlə
rənglənib. Amma dünyanın bir neçə dilində
və dünya dövlətlərinin hər hansı lideri ilə
fərqli mövzularda fundamental danışıqlar aparmaq,
yığcam şəkildə fikrini ifadə etmək və
müsahibini inandırmaq Azərbaycan Prezidentinin müstəsna
keyfiyyətlərindən biridir. Bu faktı tanınmış
dövlət başçıları və xarici siyasət
adamları da heyranlıqla etiraf edirlər.
Təkcə Azərbaycanda deyil, regionda
müasir liderlik nümunəsi sayılan Prezidentimizin
mühüm keyfiyyətlərindən biri də siyasi
zamanı həssaslıqla hiss etməsi, onu qabaqlaya bilməsi,
yəni vaxtında qərar vermək, tədbir görmək
bacarığıdır.
...Klassik fəlsəfi fikir sahiblərindən
biri demişdir ki, "siyasətdə böyük insanlar
onlardır ki, keçmişin hazırladığı və
meydana gələcək ehtiyacları, hadisələri qabaqcadan
görürlər və getmək lazım gələn yolu
göstərirlər". Əminik ki, hələ uzun onilliklər
cənab İlham Əliyev xalqımızın getməli
olduğu ən düzgün yolun - Heydər Əliyevin
nurlandırdığı yolun daim önündə irəliləyəcək!
Prezidentin buna hamıdan çox haqqı çatır...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
yazıçı-publisist
Azərbaycan.-2012.-
31 oktyabr.- S.4.