Elnur Aslanov: Avropa dövlətlərində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu onların gələcək fəaliyyətlərinin prioritetlərini müəyyənləşdirmişdir

 

 Xəbər verdiyimiz kimi, oktyabrın 26-27-də Avstriyanın paytaxtında Avropa dövlətlərində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu keçirilmişdir. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirlə bağlı təəssüratlarını AzərTAc ilə bölüşmüşdür.

- Elnur müəllim, Vyana Forumunun əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Vyana Forumunun əsas məqsədi Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq, problemin tarixi, hüquqi, siyasi aspektləri ətrafında fikir mübadiləsi aparmaq, zəruri bilikləri gənclərin diqqətinə çatdırmaq idi. Mütəxəssislərin, siyasi xadimlərin, deputatların və diplomatik korpusun nümayəndələrinin fəal iştirak etdikləri tədbir iki gün davam etmişdir. 

Bu forum formatına görə əvvəlki Strasburq və Budapeşt forumlarından fərqlənirdi. Vyana Forumunda ötən forumlardan fərqli olaraq, xarici ölkələrdə təhsil alan tələbələrin sosial-məişət və yaxud təhsillə bağlı problemləri müzakirə obyekti deyildi. Forum Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş, bu sahədə gənc nəslin, xüsusilə xaricdə təhsil alan tələbələrin rolu müzakirə edilmişdir. Çünki onların üzərinə düşən yeni öhdəliklər təhsil aldıqları elm ocaqlarında və yaşadıqları ölkədə doğma Vətənlərini layiqincə təmsil etməkdir.   

Forumda tarix elmləri doktorları Musa Qasımlı, İradə Bağırova və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov münaqişənin tarixi aspektləri ilə bağlı çıxış etmişlər. Xarici işlər nazirinin müavini Araz Əzimov, Milli Məclisin deputatı Rasim Musabəyov danışıqlar prosesinin gedişi, Minsk qrupunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşmüşlər. Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşı Tofiq Musayev münaqişənin hüquqi aspektlərini təhlil etmiş, nizamlanma prosesində müzakirə predmeti olan beynəlxalq hüququn prinsip və normalarının mahiyyətini geniş auditoriyanın diqqətinə çatdırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Rövşən Rzayev münaqişənin həlli istiqamətində görülən işlər haqqında məlumat vermişlər. Tədbirdə Minsk qrupunun sabiq həmsədri səfir Mətyu Brayzə, "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar Göksəl və ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov da mövzu ilə bağlı çıxış etmişlər. Beləliklə, bir elmi simpozium olaraq həddən artıq informativ xarakter daşıyan bu tədbir tələbələrimizin gələcək fəaliyyətləri üçün önəmli tarixi, siyasi və hüquqi məlumatların alınması baxımından əsaslı zəmin yaratmışdır.

Vyana Forumunda gənclərimizin fəallığı müzakirələrin və dialoqun məhsuldar keçməsinə səbəb olmuş, tədbirin daha maraqlı alınmasına şərait yaratmışdır. Forumun Avropada keçirilməsi azərbaycanlı gənclərin avropalılarla daha yaxın və səmimi ünsiyyət qurmalarını təmin etmişdir. Bu, eyni zamanda, gənclərin və tələbələrin fəaliyyətinin gücləndirilməsinə dövlət dəstəyinin təzahürüdür. Qarabağ həqiqətləri haqqında Qərb dillərində yazılmış müxtəlif əyani vəsaitlərin Avropada təhsil alan tələbə gənclərə çatdırılması baxımından da forumun əhəmiyyəti böyükdür.    

- Bu tədbirin önəmi nədən ibarətdir?

- Forumun keçirilməsini zəruri edən amil Azərbaycanın kommunikasiya işində yeni gənc nəslin nümayəndələrinin iştirakını təmin etmək və onların intellektual potensialından bəhrələnməkdir.  Cənab Prezidentin bəyan etdiyi "qara qızılın insan kapitalına çevrilməsi" strategiyası geniş biliklərə malik yüksək səviyyəli kadrların hazırlanmasını və yeni gənc elitanın formalaşmasını şərtləndirir. Onlar artıq Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı məlumatlı olmalı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında körpü rolunu oynamalıdırlar. Həmin gənclərin münaqişə ilə bağlı zəruri biliklərə yiyələnmələri və təbliğat işinə cəlb edilmələri forumun əsas məqsədlərindən biri idi.

Diplomatların, siyasi xadimlərin fəaliyyətinin gücləndirilməsində gənclərin, tələbələrin rolu əvəzedilməzdir. Unutmamalıyıq ki, erməni təbliğat maşını qarşısında fəaliyyət göstəririk. Bilikli və bacarıqlı gənclər ünsiyyətdə olduqları dostları, tələbə yoldaşları və müxtəlif sosial kateqoriyalara məxsus insanlar vasitəsilə münaqişə ilə bağlı obyektiv məlumatların yayılmasında töhfələrini verə bilərlər.

Biz, eyni zamanda, onları dəstəkləyirik ki, yaşadıqları ölkələrdə fəaliyyət sahələrini genişləndirib söz sahibinə çevrilsinlər, müxtəlif siyasi və iqtisadi təşkilatlarda təmsil olunsunlar. Ermənilər də malik olduqları şəbəkələr vasitəsilə məlumat yayırlar. Bilirsiniz ki, onlar məlumatları təhrif edib ictimai rəyi öz xeyirlərinə formalaşdırmağa çalışırlar. Həqiqət isə kənarda qalır. Ermənilərin arqumentləri nə tarixi faktlara, nə də hüquqi prinsiplərin aliliyinə əsaslanır. Dağlıq Qarabağda yaradılan hazırkı vəziyyət qeyri-leqal gücdən istifadəyə əsaslanır. Ermənilərin təbliğat maşınının əsas məqsədi bu faktı ört-basdır etməkdir. Onlar gözəl anlayırlar ki, təcavüz aktı həyata keçiriblər və gec-tez buna görə cavab verəcəklər. Bizim məqsədimiz isə həqiqəti ortaya çıxarıb erməni yalanlarını ifşa etmək, hadisələri və reallıqları olduğu kimi ictimaiyyətə çatdırmaq, ictimai rəyin obyektiv faktlar əsasında formalaşmasını təmin etməkdir. Bu isə ermənilərin məğlubiyyətinin başlanğıcı olacaqdır.

- Forumun nəticələrini necə dəyərləndirirsiniz?

- Qeyd etməliyəm ki, Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumunun yekununda "Vyana şəbəkəsi" ("Vienna network") yaradılmışdır. Bu şəbəkənin mahiyyəti tələbə gənclərin təhsilləri ilə yanaşı, Azərbaycanın təbliğinə həsr etdikləri vaxtlarının səmərəli təşkilidir. Bu, gənclərin elmi, analitik, intellektual şəbəkəsidir. Hər bir ölkədə təhsil alan tələbələrin fəaliyyətinə dəstək veriləcəkdir ki, onlar əlaqəli şəkildə daha böyük nəticələr əldə etsinlər. "Vyana şəbəkəsi"nin yeganə predmeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Şəbəkə çərçivəsində müxtəlif müzakirələrin həyata keçirilməsi, xarici tədqiqatçıların münaqişə ilə bağlı araşdırmalara cəlb edilmələri, qrant layihələrinin işlənib hazırlanması nəzərdə tutulmuşdur. Bununla yanaşı, yaxın zamanlarda biz digər Avropa ölkələrində tələbələrimizlə eyni formatlı müzakirə və görüşlər keçirəcəyik. Əsas müzakirə obyekti və məqsəd, təbii ki, gənclərimizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında daha da məlumatlandırmaq, münaqişənin tarixi, siyasi aspektləri, danışıqlar prosesinin hazırkı vəziyyəti və bununla bağlı digər məsələlər ətrafında onların biliklərinin artırılması olacaqdır.

 

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.5.