Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü Daşkəsəndə təntənə ilə qeyd edilmişdir

 

Yeni Azərbaycan Partiyasının (YAP) 20-ci ildönümü Daşkəsəndə təntənə ilə qeyd edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Sonra YAP rayon təşkilatı fəallarının iştirakı ilə təntənəli bayram mərasimi keçirilmişdir.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək ötən 20 il ərzində ölkəmizdə qazanılan uğurlardan və bu nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolundan danışmışdır.

Bildirilmişdir ki, 1992-ci ilin noyabrında görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılan və qısa vaxt ərzində öz ətrafına minlərlə mütərəqqi fikirli insanı toplayan Yeni Azərbaycan Partiyası müstəqillik qazanan respublikamızın həyatında həlledici siyasi quruma çevrilmişdir.

Məlumat verilmişdir ki, hakim partiyanın bu uğuru ölkənin ucqar dağ rayonlarından olan Daşkəsəndə də özünü büruzə verməkdədir. Bu gün YAP rayon təşkilatının 4 min nəfərə yaxın üzvü vardır. Sevindirici haldır ki, onların təqribən yarısı, başqa sözlə, 1700 nəfəri qadınlardır. Təkcə son bir ildə 1500 nəfər partiya sıralarına qəbul olunmuşdur.

Mərasimdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, parlamentin deputatı Mirkazım Kazımov və başqaları çıxış edərək 20 il ərzində bu aparıcı siyasi qüvvənin keçdiyi şərəfli yoldan danışmış, partiyanın sədri, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri diqqətə çatdırmışlar.

Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə keçirilən bayram tədbirlərində YAP Daşkəsən rayon təşkilatına avtomobil hədiyyə edilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.5.