Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatlar təqdim edilmişdir

 

 Oktyabrın 30-da Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatlar təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, mükafatları təqdim edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açmış, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.

Nazir xüsusi vurğulamışdır ki, ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yaradıcı insanlara daim diqqət göstərilmiş və onların əməyi yüksək qiymətləndirilmişdir. Çox sevindirici haldır ki, bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əbülfəs Qarayev bildirmişdir ki, mədəniyyət işçilərinin, sənət adamlarının, ümumiyyətlə, yaradıcı insanların yüksək diqqət və qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondunun rolu ölçüyəgəlməzdir. Məhz Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə reallaşdırılan layihələr zəngin  mədəniyyətimizi, incəsənətimizi dünyada tanıdır, sevdirir. Fondun prezidenti, UNESCO-nun  İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə yorulmaz fəaliyyəti nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı dolaşmaqdadır.

Azərbaycanın beynəlxalq musiqi festivallarına, mədəniyyət tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Ə.Qarayev, cari ilin sonunadək ölkəmizdə keçirilməsi nəzərdə tutulmuş bir neçə beynəlxalq tədbirlərdən də söz açmışdır.

Nazir diqqətə çatdırmışdır ki, son illər fəxri ad alanların sırasında Azərbaycan mədəniyyətinin inkişafına xidmət edən müəllimlər, muzey işçiləri də vardır. Biz mədəniyyətimizin qorunması və inkişafı naminə çalışan hər bir kəsin layiq olduğu qiyməti almasına çalışacağıq.

Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.5.