Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu ermənilərin Xocalı hava limanının istifadəyə vermək cəhdlərini pisləmişdir

 

 Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yerləşən Xocalı aeroportunu istifadəyə vermək cəhdləri ilə əlaqədar bəyanat yaymışdır.

Bəyanatda bildirilir ki, Qırğızıstanda yaşayan azərbaycanlıların kəskin etirazına səbəb olmuş bu cəhdlər TDSDF-nin Ali Şurasının iclasında geniş müzakirə olunmuş və belə hərəkətlər qətiyyətlə pislənmişdir.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri yaxın günlərdə Xocalı aeroportundan ilk texniki uçuş həyata keçirəcəklərini bildirmişlər. Onlar, eyni zamanda, Ermənistan prezidenti Serj Sarkisyanın Yerevan-Xocalı-Yerevan reysinin ilk sərnişini olacağı barədə də məlumatlar yaymışlar.

Azərbaycan dövləti bu məsələ ilə əlaqədar bütün səviyyələrdə dəfələrlə öz etirazını bildirmişdir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında aeroportun istifadəyə verilməsi cəhdləri ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər göndərilmişdir.

Bəyanatda deyilir ki, Ermənistanın Xocalı aeroportunu istismara verməsi və Azərbaycanın hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, aviasiya normalarına da ziddir.

Hesab edirik ki, Ermənistan mövcud status-kvonu mümkün qədər uzatmağı qarşısına məqsəd qoymuşdur. Lakin yaddan çıxarmaq olmaz ki, dünya birliyi, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər dəfələrlə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bu dövlətin ərazi bütövlüyünü tanıdıqlarını birmənalı şəkildə bəyan etmişlər.

Bəyanatda daha sonra qeyd edilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hər hansı bir fəaliyyət yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra həyata keçirilə bilər.

Qeyd olunur ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasındakı dialoq imkanlarını da heçə endirir.

Bəyanatda deyilir: "Son olaraq bildirmək istəyirik ki, Xocalı hava limanında uçuşlar yalnız rəsmi Bakının icazəsi ilə yerinə yetirilə bilər.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Azərbaycan Respublikası rəhbərliyinin qətiyyətli addımlarını tam dəstəkləyir və Ermənistan hökumətini bu iddialardan əl çəkməyə və işğal olunmuş əraziləri tezliklə azad etməyə çağırır".

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.-2012.- 31 oktyabr.- S.5.