Naxçıvanda Türkiyə
Respublikasının Cümhuriyyət bayramı münasibətilə rəsmi
qəbul təşkil edilmişdir
Türkiyə
Respublikasının yaradılmasının 89-cu
ildönümü - Cümhuriyyət bayramı münasibətilə
Türkiyə Respublikasının Naxçıvandakı
baş konsulluğu tərəfindən "Duzdağ"
otelinin tədbirlər zalında rəsmi qəbul təşkil
edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov rəsmi qəbulda iştirak
etmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın
və Türkiyənin ərazi bütövlüyü və
müstəqilliyi uğrunda şəhid olanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilmiş, hər iki qardaş
ölkənin dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən
Türkiyə Respublikasının Naxçıvandakı
baş konsulu Cenk Ünal ötən əsrin əvvəllərində
qəhrəman türk millətinin istiqlal uğrunda mübarizəsindən,
Türkiyə Respublikasının bugünkü inkişaf və
tərəqqi yolundan danışmışdır. Qeyd
olunmuşdur ki, Osmanlı dövlətinin süqutundan sonra
Mustafa Kamal Atatürkün rəhbərliyi və türk
xalqının iradəsi ilə həyata keçirilən
azadlıq mübarizəsi öz bəhrəsini vermiş,
müstəqil, demokratik, hüquqi və dünyəvi bir
dövlət yaradılmışdır.
Baş konsul Türkiyə
Respublikasının böyük inkişaf yolu keçdiyini
bildirərək demişdir ki, tarixdə yaşadıqları
çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan
xalqları hər zaman bir-birinin yanında olmuş, istiqlal
savaşında türk xalqı ilə bərabər azərbaycanlılar
da iştirak etmiş, qəhrəmanlıqlar göstərmişlər.
Qarşılıqlı inam və etibar, strateji müttəfiqlik
bu gün Türkiyə-Azərbaycan münasibətlərinin
ruhunu təşkil edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars kimi irimiqyaslı iqtisadi layihələrlə
daha da dərinləşən əlaqələr indi dünya
birliyində nümunə kimi qəbul olunur.
Öz kökünü
xalqlarımızın qədim tarixindən götürən
bu münasibətlərin inkişafına "türk
qapısı" adlandırılan Naxçıvan da öz
layiqli töhfəsini verir. Naxçıvan Muxtar
Respublikası ilə Türkiyənin yaxın bölgələri
arasındakı qarşılıqlı əlaqələrin
yüksək səviyyədə olduğunu vurğulayan
baş konsul bu münasibətlərin gələcəkdə
daha da inkişaf etdiriləcəyinə əminliyini
bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov tədbirdə çıxış edərək
demişdir ki, bu gün Türkiyə ilə Azərbaycan
dünyada yeganə ölkələrdir ki, onları iqtisadi və
siyasi maraqlardan daha çox soykökü, milli və ortaq dəyərlər
birləşdirir. Ölkələrimiz arasında sıx
dostluq və qardaşlıq əlaqələri mövcuddur. Əsası
iki qüdrətli şəxsiyyət - Mustafa Kamal Atatürk və
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycan-Türkiyə əlaqələri bu
gün bir nümunə gücündədir.
"Əlaqələrin genişlənməsinin
bir səbəbi də hər iki xalqın və dövlətin
tam müstəqil olması, müstəqil siyasət yeritməsidir",
- deyən Ali Məclisin sədri Türkiyənin müstəqillik
bayramı - Respublika elan edilməsi münasibətilə tədbir
iştirakçılarını, Türkiyə xalqını
təbrik etmiş, qardaş ölkəyə daimi inkişaf və
tərəqqi arzulamışdır.
Tədbir Naxçıvan Dövlət
Universitetinin incəsənət fakültəsi tələbələrinin
ifasında konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.-2012.-
31 oktyabr.- S.6.