Ramil Səfərovun qayıdışı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatiyasının təntənəsidir

 

Avqustun 31-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. 2004-cü ildə Macarıstanda NATO-nun tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt Paytaxt Məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ramil Sahib oğlu Səfərov xüsusi reyslə Azərbaycana gətirildi. Zabitimiz Azərbaycana ayaq basan kimi Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxıldı.

Ramil Səfərovun Azərbaycana qaytarılması "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında həyata keçirildi. Azərbaycan isə bu sənədə 2000-ci ildə qoşulub. Ramil Səfərov artıq cəzasının səkkiz ildən çoxunu çəkib. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir və cənab Prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən istifadə etdi.

Dövlət başçısının bu addımı onu göstərir ki, o, Azərbaycan Respublikasının PrezidentiAli Baş Komandan kimi hər bir ölkə vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durur.

R.Səfərovun qayıdışı ölkə əhalisinin böyük sevincinə səbəb olub. Hər yerdə şadyanalıq hiss olunur. Hər bir vətəndaş Prezident İlham Əliyevə bu addımına görə dərin minnətdarlığını bildirir.

Milli Məclisin deputatları, Ramil Səfərovun hüquqlarını müdafiə komitəsinin üzvləri də bu əlamətdar hadisə ilə bağlı fikirlərini əməkdaşımızla bölüşüblər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, Azərbaycan Prezidenti İlham Əliyev zabitimizin azad olunması məsələsini hər an diqqətdə saxlayıb, onun azad olunması üçün bütün imkanlardan istifadə edib: "Bu işdə Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən dediyi ifadənin sahibi olduğunu bir daha vurğuladı. Cənab İlham Əliyev bildirirdi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağambu gün Ramil Səfərovun Azərbaycana qayıdaraq əfv olunması da bunun əyani sübutudur. Ramil Səfərov artıq bir simvola çevrilib. Zabitimizin özü qaçqınlıq, ağır faciələr görmüş bir insandır və çox yaxşı bir zabit kimi formalaşırdı. Müəyyən bir dövrdə o, zabitlikdən də yüksək bir missiyanı yerinə yetirməli oldu. Macarıstan dövləti öz suveren hüquqlarından isifadə edərək Ramili Azərbaycana təhvil verdi. Prezident isə onu əfv etdi. Bu sərəncam isə bütün dünya azərbaycanlılarının böyük sevincinə səbəb oldu. Ramil Səfərov ilk növbədə Azərbaycanın, Prezident İlham Əliyevin şəxsi nüfuzuna, şəxsi münasibətlərinə və yüksək dövlətçilik fəaliyyətinə görə ölkəmizə qaytarıldı. Burada hər bir kəs cənab İlham Əliyevin müstəsna fəaliyyətinin fərqinə varır. Bir daha sübut olundu ki, xalq bir olanda, xalqın lideri və dövləti nüfuzlu olanda layiqli qələbələr qazanılır". 

Milli Məclisin deputatı, Ramil Səfərovun hüquqlarını müdafiə komitəsinin koordinatoru Azay Quliyev zabitimizin azad edilməsində yalnız və yalnız Azərbaycan Respublikası Prezidentinin əməyi olduğunu qeyd etdi: "Ramil Səfərov həbs olunandan bu günə qədər Azərbaycan Prezidenti bütün strukturlara ona kömək üçün göstəriş verib.  Onun azad olunması üçün mümkün olan bütün işlər görüldü. Ona görə də  bu, yalnız Azərbaycan Prezidentinin adına yazılmalıdır. Bu, bir  daha göstərir ki, Azərbaycan Prezidenti  hər bir vətəndaşının, dövlətin qayğısına qalır. Prezidentin rəhbərliyi ilə Qarabağ da tezliklə azad olunacaq".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar QuliyevRamil Səfərovun Azərbaycan Prezidenti tərəfindən əfv edilməsini tarixi hadisə adlandırır:

"Hesab edirəm ki, bu məsələ Azərbaycan xalqının tarixinə əbədi həkk olunacaq. Ramil Səfərovun azad edilməsi Prezident İlham Əliyevin xidmətidir. Bu, bir daha göstərdi ki, Prezident hər bir Azərbaycan vətəndaşının qayğısına qalır və Ali Baş Komandan torpaqlarımızın işğaldan azad edilməsi üçün ciddi mücadilə aparır. Tam əminəm ki, işğal altında olan torpaqlarımız da Prezidentin rəhbərliyi ilə azad olunacaq. Buna görə hər birimiz Ali Baş Komandanın ətrafında daha da sıx birləşməliyik. Azərbaycanın xoşbəxt, güclü gələcəyi İlham Əliyevlə bağlıdır".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadənin fikrincə isə, Ramil Səfərovun Azərbaycana gətirilməsi bir daha göstərdi ki, hər bir azərbaycanlı dövlətin və Prezident İlham Əliyevin diqqətindədir. R.Səfərovun Azərbaycana qaytarılması ilə bağlı ölkəmizdə uzun müddət ictimai müzakirələr aparılırdı. Zabitimizin ekstradisiya edilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Ancaq son nöqtəni Prezident İlham Əliyev qoydu və həsrət bitdi: "Mən şəxsən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Bir deputat olaraq qeyd edim ki, hələ neçə il öncə dövlət rəsmilərinin biri tərəfindən Ramilin Azərbaycana gətiriləcəyi ilə bağlı fikirlərinin şahidi olmuşdumbu günü çox böyük ümidlə gözləyirdim. Məsələnin hüquqi tərəfinə gəlincə isə, deyə bilərəm ki, Ramil Səfərovun Azərbaycana qaytarılması "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında həyata keçirilib. Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunub, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar öz əksini tapıb. "Məhkumların təhvil verilməsi barədə" Konvensiyaya qoşulan ölkələrdən biri məhbusu öz ölkəsindən cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər. Məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili huquqi prosedurları çərçivəsində dəyişdirə bilər. Onu da deyim ki, Azərbaycan da həmin konvensiyanı qəbul edibbuna görə də Macarıstan Ramil Səfərovun ekstradisiyasını həyata keçirib.

Ramil Səfərov ölkəyə gələn kimi Azərbaycan Prezidenti İlham Əliyev onu əfv edərək azadlığa buraxdı. Hesab edirəm ki, Prezident bu addımı ilə hər bir Azərbaycan gəncində vətənpərvərlik ruhunu və qələbəyə inamı daha da artırdı. Ümid edirəm ki, Ramilin gəlişi Dağlıq Qarabağın azad olunmasında aparılan mücadilənin ilk addımlarından biri olacaq və yaxın vaxtlarda doğma torpaqlarımızın düşmən tapdağından azad olunmasının şahidi olacağıq".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, Ramil Səfərovun Azərbaycana qayıdışı millətin adını yüksəldən bir hadisədir: "Bu işin əvvəlindən onun içində varam və bilirəm ki, 8-9 ildə nələr baş verib. Ramil Səfərovun ölkəyə gətirilməsi hər bir azərbaycanlı kimi, məni də çox sevindirdi. İlk növbədə Azərbaycan Prezidentinə xüsusi təşəkkürümü bildirirəm. Öz-özlüyündə Ramil Səfərov bir atanın övladı deyildir, o, Azərbaycan xalqını təmsil edirdi. Bütövlükdə millətə məxsus idi. Azərbaycanın  tarixində iz qoymuş Mübariz İbrahimovlar, Ramil Səfərovlar öz əməlləri ilə bir şəxsin, bir fərdin uğurunu yaratmırlar. Bütövlükdə öz cəmiyyətinə, xalqına, millətinə nümunə yaradırlar. Ramil Səfərovun da adı millətinə bu dərəcədə bağlanmışdır və onun gətirilməsi təbii bir  hadisə kimi dəyərləndirilməlidir. Bu, milli ruhun yüksəlməsinə təsir göstərəcək hadisədir. Bu gün Azərbaycan cəmiyyətində bu hadisəyə sevinənlər həm də savaş yolçularıdır. Bunun gələcək dönəmdə böyük bir hadisə kimi həyatımıza təsir göstərəcəyinə əminəm və çox ümidvaram ki, bu gün bir-birinə gözaydınlığı verən insanlar torpaqlarımızın bütövləşməsinə və işğal olunmuş ərazilərimizin azad olunmasına görə bir-birlərini təbrik edəcəklər.

Ramil Səfərovun vətənə qayıdışı birmənalı olaraq Prezident İlham Əliyevin adı və gördüyü işlərlə bağlanmalıdır. Çünki cənab Prezidentin bu məsələni daim gündəlikdə saxlaması, R.Səfərovun taleyi ilə yaxından maraqlanması və onun azadlığa çıxması üçün göstərdiyi səylər danılmazdır. Bu gün Azərbaycan dövlətinin yüksəksürətli inkişafı, əldə etdiyimiz uğurlar ölkəmizin beynəlxalq arenada da yüksək mövqe tutmasına səbəb olub. Prezident İlham Əliyevin bu mənada apardığı məqsədyönlü xarici siyasət təqdirəlayiqdir. Ölkə başçısının ən yüksək tribunalarda Azərbaycanı təbliğ etməsi, onun nüfuzunu qaldırması bu gün Azərbaycanın dünya dövlətləri içərisində layiqli yer tutmasına və söz sahibi olmasına gətirib çıxarmışdır. Təbii ki, bütün bunlar əməli siyasətin və bütün dünyanın gözü qarşısında görülən tədbirlərin, islahatların nəticəsində əldə olunmuşdur. Bu gün nəinki Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanan Azərbaycan Prezidenti Ramil Səfərovun azadlığa çıxması üçün gördüyü işlərlə bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etmiş oldu.

Ramil Səfərovun vətənə qaytarılması həm də Ermənistan üçün bir siqnaldır. Düşmən başa düşməlidir ki, daha əvvəlki kimi  təsir rıçaqı yoxdur.

Bir sözlə, Ramil Səfərovun azad edilməsi və əfv olunması Azərbaycan dövlətinin, Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurudur!

 

 

Baxşəliyev Rəşad

 

Azərbaycan.- 2012.- 2 sentyabr.- S.3.