Fuad ƏLƏSGƏROV: «Ramil Səfərovun Macarıstan tərəfindən verilməsi prosedurusonradan onun əfv edilməsi «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyasına və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə tam müvafiq olmuşdur» 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ABŞ Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin mətbuat xidmətlərinin Azərbaycan Respublikasının vətəndaşı Ramil Səfərovun cəzasını Azərbaycanda çəkmək üçün verilməsinə və sonradan onun əfv edilməsinə dair bəyanatları ilə əlaqədar aşağıdakıları bildirmişdir:

- Məhkum olunmuş şəxslərin cəzasını çəkmək üçün verilməsi proseduru 1983-cü ildə Avropa Şurası çərçivəsində qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası ilə tənzimlənir. Macarıstan və Azərbaycan Respublikası həmin Konvensiyanı ratifikasiya etmişlər.

Göstərilən konvensiyaya görə, razılığa gələn Tərəflərdən birinin ərazisində məhkum olunmuş şəxs onun barəsində çıxarılmış hökm üzrə cəza çəkmək üçün razılığa gələn digər tərəfə verilə bilər. Bu halda Konvensiya məhkum edilmiş şəxsin hətta onun barəsində qəti hökmün qüvvəyə minməsindən dərhal sonra da verilməsinə mane olmur.

Ramil Səfərovun verilməsi məsələsi həll edilərkən həm Macarıstan, həm də Azərbaycan Respublikası Konvensiyanın müddəalarına tam riayət etmişlər. Azərbaycan tərəfi hökmün icrasının davam etdirilməsi proseduruna aid bütün zəruri hüquqi informasiyanı təqdim etmişdir. Macarıstan tərəfi alınmış informasiya əsasında Ramil Səfərovun verilməsinə razılıq vermişdir.

Ramil Səfərovun əfv edilməsi məsələsi ilə əlaqədar dəqiqləşdirmək zəruridir ki, Macarıstan məhkəməsi tərəfindən çıxarılmış hökm yalnız həmin hökmün çıxarıldığı andan etibarən 30 il müddətində məhkumun vaxtından əvvəl şərti azad edilməsinin mümkünlüyünü məhdudlaşdırırdı. Bu  məhdudiyyət məhkumun əfv edilməsinin və ya amnistiyaya düşməsinin mümkünlüyünə şamil edilmir.

Ramil Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq əfv edilmişdir. Konvensiyada nəzərdə tutulmuşdur ki, hər bir tərəf qüvvədə olan Konstitusiyaya və ya digər hüquqi aktlara müvafiq olaraq əfv, amnistiya elan edə və ya  cəza tədbirini azalda bilər.

Azərbaycan Konstitusiyasına müvafiq olaraq əfvetmə ölkə Prezidentinin müstəsna səlahiyyətidir. Azərbaycanın cinayət qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin cəzası əfv qaydasında 25 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər.

Ramil Səfərov 2004-cü il fevralın 19-dan həbsdə olmuşdur, yəni, o, öz cəzasının səkkiz il yarımdan artıq müddətini çəkmişdir. Əfv aktına ömürlük cəzanın məhkumun artıq çəkmiş olduğu cəza müddəti ilə əvəz edilməsi kimi baxmaq lazımdır. Bunu nəzərə alaraq Ramil Səfərov azad edilmişdir.

Beləliklə, həm Ramil Səfərovun cəzasını Azərbaycanda çəkmək üçün Macarıstan tərəfindən verilməsi proseduru, həm də sonradan onun əfv edilməsi "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə tam müvafiq olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 2 sentyabr.- S.4.