Ramil
Səfərovun Vətənə qayıtması yalnız Azərbaycan
Prezidentinin şəxsi nüfuzu
sayəsində mümkün olmuşdur
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Hüquq-mühafizə orqanları ilə iş
şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi
Avqustun 31-də Azərbaycan vətəndaşı,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ramil Sahib oğlu Səfərov
xüsusi reyslə Azərbaycana gətirilmişdir.
R.Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə əfv olunaraq
azadlığa buraxılmışdır.
-
Xahiş edirik, bu barədə bir qədər ətraflı məlumat
verəsiniz.
- Bilirsiniz ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev daim Azərbaycan
vətəndaşlarının dünyanın harasında
olmalarından asılı olmayaraq onların hüquq və mənafelərinin
təmin edilməsinə çalışır.
Belə
vətəndaşlarımızdan biri də
Ramil Səfərovdur. Ramil Səfərov
2004-cü ildə Macarıstanda NATO-nun tədris
kurslarında Azərbaycan bayrağını və
xalqını təhqir edən Ermənistan zabiti
Qurqen Markaryanı qətlə yetirdiyi
üçün 2006-cı ildə Budapeşt Paytaxt Məhkəməsi
tərəfindən ömürlük
azadlıqdan məhrum edilmişdir.
Hökmə görə, onun yalnız 30 il cəza çəkdikdən sonra
şərti azadlığa buraxılması hüququ
müəyyən olunmuşdur.
Bu gün
saat 13.40-da R.Səfərov "Azərbaycan
Hava Yolları" QSC-nin
xüsusi reysi ilə
Bakıya gətirilmişdir və elə bu
gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əfv edilmişdir.
Ramil Səfərovun
qaytarılması "Məhkum olunmuş
şəxslərin verilməsi haqqında" Avropa
Konvensiyası əsasında həyata keçirilmişdir.
Azərbaycan bu sənədə 2000-ci ildə
qoşulmuşdur.
Konvensiyada məhkum olunmuş
şəxsin cəza çəkməsi üçün
başqa ölkəyə verilməsinin
şərtləri, bu hüquqi
tədbirin həm hökm
çıxarmış dövlət, həm də şəxsin
verildiyi dövlət üçün
nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və
onların cavablandırılması qaydasını tənzimləyən
müddəalar öz əksini
tapmışdır.
Konvensiyanın
müddəalarına əsasən, Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr
qurulmuş və Ramil
Səfərovun Vətənə qaytarılması ilə
bağlı intensiv danışıqlar
aparılmışdır.
Uzun hazırlıq işinin nəticəsi olaraq
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
tərəfindən Macarıstanın Dövlət İdarəetmə
və Ədliyyə Nazirliyinə R.Səfərovun ölkəmizə
verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilmişdir. Macarıstandan müsbət
cavab alındıqdan dərhal sonra zabitimizin Bakıya gətirilməsinin
texniki məsələlərinin həlli üçün işə
başlanmışdır.
- Ramil
Səfərovun verilməsi ilə bağlı Macarıstan tərəfi
uzun müddət inad
göstərmişdir.
- Bəli,
müəyyən problemlər vardı. Çünki
proses elə əvvəldən siyasiləşdirilmişdi.
Erməni lobbisi onun Azərbaycana
verilməsinə ciddi mane
olurdu.
Qeyd etmək istərdim ki, bu müddət ərzində
Ramil Səfərovun ölkəmizə
verilməsi məsələsi daim Azərbaycan
Respublikası Prezidentinin şəxsi nəzarətində
olmuşdur. Bununla
bağlı cənab Prezident tərəfindən
yüksək səviyyəli danışıqlar
aparılmış, onun göstərişinə
əsasən, məsələnin həlli üçün
bütün zəruri tədbirlər görülmüşdür.
Son nəticədə zabitimizin Vətənə dönməsi
yalnız Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin
qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən dövlətimizin
başçısının siyasi iradəsi
və beynəlxalq arenada şəxsi nüfuzu sayəsində mümkün olmuşdur.
- Ölkəmizdə bir çoxları həmin hökmü
ədalətsiz sayırdı. Məhkəmə Ramil Səfərovun emosional
vəziyyətini nəzərə almamışdı.
Xüsusilə 77 nəfəri soyuqqanlı şəkildə qətlə
yetirən Breyvikə verilən cəzanın yüngüllüyü
ilə müqayisədə bu, daha aydın görünür.
- Digər
bir dövlətin ədalət mühakiməsi
barədə fikir söyləmək istəməzdim.
Ramil Səfərov həmin hadisənin başvermə
kontekstini məhkəmə
baxışlarında dəfələrlə söyləmişdir.
Ramil Səfərov Ermənistanın
işğalı altında olan Cəbrayıl
rayonundandır. Məcburi köçkün
həyatı yaşamışdır. Bir çox yaxınlarını itirmişdir
və bu faciələr onun
gözü qarşısında cərəyan
etmişdir. Onun
uşaqlıq yaddaşına həkk olunmuşdur.
Azərbaycan
Ordusunun zabiti kimi NATO tədbirlərinə qatılanda isə
erməni zabitlərinin ona qarşı daimi təhrikçiliyi, Azərbaycan
bayrağını və xalqını təhqir etməsi nəticəsində
uşaqlığında bütün bu faciələri yaşamış bir insanın emosional vəziyyətini
təsəvvür etmək
olar.
Həmçinin
qeyd edilməlidir ki, Ramil Səfərovun vəkilləri məhkəmə
prosesi zamanı onun
müdafiə hüququnun pozulması ilə
bağlı dəfələrlə vəsatətlər
vermişlər. Belə ki, istintaq zamanı ondan ifadələr
yaxşı bilmədiyi rus dilində
alınmış, ilkin dindirmə
zamanı vəkillə təmin edilməmiş, ittiham aktı isə türk
dilində təqdim edilmişdir. Vəkillər
digər ciddi prosessual
pozuntularla bağlı şikayət və
vəsatətlər də vermişlər.
- Ramil
Səfərovun Bakıya gətirildiyi gün
dövlət başçısı onun əfv
edilərək cəza çəkməkdən azad olunması barədə sərəncam
imzalamışdır. Bəs Konvensiyada verilmiş şəxsin əfv edilməsi mümkünlüyü ilə bağlı nə
deyilir?
-
"Məhkum olunmuş şəxslərin
verilməsi haqqında" Avropa
Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud
digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə, onun barəsində amnistiya
tətbiq edə və cəzasını azalda
bilər.
Ramil Səfərov artıq cəzasının
səkkiz ildən çoxunu çəkmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 22-ci bəndinə əsasən, onun əfv edilməsi dövlət
başçısının müstəsna səlahiyyətidir
və cənab Prezident böyük
humanistlik göstərərək bu səlahiyyətindən istifadə etmişdir.
Dövlət
başçısının bu cəsarətli
addımı onu göstərir ki, o, Azərbaycan
Respublikasının Prezidenti və Ali Baş Komandan
kimi hər bir Azərbaycan
vətəndaşının, hər bir əsgər
və zabitinin arxasında durur.
Bu, həm də düşmən
qarşısında bütün Azərbaycan
xalqının həmrəyliyi üçün
bir çağırışdır.
AzərTAc
Azərbaycan.-
2012.- 1 sentyabr.- S.2.