Ramil SƏFƏROV:
Mənə Azərbaycana qayıtmaq xoşbəxtliyini bəxş etmiş
Prezidentimiz İlham Əliyevə minnətdaram
Macarıstanda ömürlük həbs
cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti
Ramil Səfərov avqustun 31-də Bakıya gətirilmiş və
elə həmin gün Prezident İlham Əliyevin sərəncamı
ilə əfv olunmuşdur.
Heydər Əliyev Beynəlxalq
Aeroportunda Ramil Səfərovu Ədliyyə Nazirliyinin yüksək
vəzifəli şəxsləri və bir qrup jurnalist
qarşılamışdır.
Çox uzun sürmüş səkkiz
ildən sonra Ramil Səfərov, nəhayət, Vətəndə,
öz evindədir.
"Azərbaycana qayıtmağımdan
çox xoşbəxtəm. Buna görə prezidentimizə sonsuz minnətdarlığımı
bildirirəm". Ramil Səfərovun Vətən
torpağında dediyi ilk sözlər bunlardır.
Ramil Səfərov aeroportda jurnalistlərə
müsahibəsində demişdir: "İnsanın həyatında
elə anlar olur ki, onu sözlərlə ifadə etmək
çətin olur. Hazırda mən də belə hisslər
keçirirəm. İlk növbədə, humanist bir addım
olaraq əfv sərəncamı imzalayaraq həbsimi başa
çatdıran Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə
həm öz adımdan, həm də ailə üzvlərim
adından dərin təşəkkürümü və minnətdarlığımı
bildirirəm".
Ramil Səfərov daha sonra
bildirmişdir ki, əfv edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamın mətni elə
aeroportdaca onun üçün oxunmuş və ona Azərbaycan
Respublikası vətəndaşının pasportu təqdim
edilmişdir.
Ramil Səfərov aeroportdan öz evlərinə
getmişdir. Orada onu doğmaları gözləyirdi. Təbii
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
bu humanist addımı ilk növbədə, Ramilin ailəsini
sevindirmişdir. Evdə onu atası, qardaşı və
yaxın qohumları qarşıladılar. Ramilin atası Sahib
Səfərovun sevincinin həddi-hüdudu yox idi. O, həyəcanını
güclə gizlədərək dedi: "Bu günü
bütün Azərbaycan xalqı gözləyirdi. İndi
hamı sevinir".
2006-cı il aprelin 13-də Ramil
Budapeştdə ömürlük həbs cəzasına məhkum
ediləndə çoxları düşünürdü ki,
artıq onu Azərbaycana qaytarmaq mümkün olmayacaqdır.
Ekspertlər, analitiklər zabitin Azərbaycana verilməsinin
mümkünlüyünə bədbinliklə
yanaşırdılar. Lakin xalqımız, Ramilin ailəsi onun
gec-tez ölkəmizə qayıdacağına ümidini
itirmirdi. Onlar bilirdilər ki, hər bir azərbaycanlının
harada olmasından asılı olmayaraq, dövlətimizin
başçısı İlham Əliyev bu insanların taleyinə
biganə deyildir. Ramilin Vətənə qaytarılması bir
daha təsdiq etdi ki, Prezident İlham Əliyev başda olmaqla
Azərbaycan dövləti öz vətəndaşlarını
darda qoymur. Bu insanlar harada olsalar, dövlət onları
müdafiə etmək, onların salamatlığı və təhlükəsizliyi
qeydinə qalmaq iqtidarındadır.
Sahib Səfərov səkkiz ildən
çox davam etmiş ayrılıqdan sonra oğlunu qucaqlayaraq
dedi: "Bu gün gəlməli idi. Biz bilirdik ki, Ramil gec-tez
Azərbaycana qayıdacaqdır. Çünki Azərbaycanın
İlham Əliyev kimi Prezidenti var. Biz əmin idik ki, dövlətimizin
başçısı Ramili köməksiz qoymayacaqdır.
Prezident öz vətəndaşını, zabitini
unutmamışdı. Sadəcə, səbirli olmaq və bu
anı gözləmək lazım idi. Bu məqam yetişdi. Mən
ailəmiz adından möhtərəm Prezidentimizə dərin
təşəkkürümü bildirirəm, ona möhkəm
cansağlığı, çətin və məsul vəzifəsində
uğurlar diləyirəm".
Sahib Səfərovun sözlərinə
görə, dövlətimizin başçısı İlham
Əliyev bir daha sübut etdi ki, o, bütün azərbaycanlıların
Prezidentidir, özünün hər bir vətəndaşının,
bütün Azərbaycan xalqının arxasında dayanır.
Bu hadisə ilə əlaqədar daha bir
detalı qeyd etməyə dəyər. Həbsdən azad edilməsi
Ramilin ad günündə onun üçün ən
böyük hədiyyə oldu. Avqustun 25-də onun 35
yaşı tamam olmuşdur.
Ramil Səfərov 1977-ci ildə Cəbrayıl
rayonunda doğulmuşdur. 1991-ci ildə Cəmşid
Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
1992-ci ildə Müdafiə Nazirliyinin sərəncamı ilə
təhsilini davam etdirmək üçün Türkiyənin
İzmir şəhərinə göndərilmişdir. Maltəpə
hərbi liseyində təhsilini uğurla başa vurandan sonra
Ankarada Ali Hərbi Məktəbə daxil olmuşdur.
2001-2002-ci illərdə Gədəbəy rayonundakı hərbi
hissələrin birində bölmə komandiri vəzifəsində
xidmət etmişdir. 2002-ci ilin mart ayında Ali Hərbi
Komandirlər Məktəbinə göndərilmiş, orada
baş leytenant rütbəsinə qədər irəliləmişdir.
2004-cü ilin yanvar ayında NATO-nun proqramı çərçivəsində
Budapeştdə üç aylıq ingilis dili kurslarına
göndərilmişdir. 2004-cü ilin fevral ayında erməni
zabitini öldürdüyünə görə
Macarıstanın hüquq-mühafizə orqanları tərəfindən
tutulmuşdur. 2006-cı il aprelin 13-də Budapeşt Şəhər
Məhkəməsi onu ömürlük həbs cəzasına
məhkum etmişdir.
Ramil Səfərov törətdiyi əməli
məhkəmədə onunla izah etmişdir ki, erməni zabiti
Azərbaycan xalqını və Azərbaycan dövlətini dəfələrlə
təhqir etmiş, erməni zabit tərəfindən Azərbaycan
bayrağının təhqir edilməsi isə Ramilin səbir
kasasını daşdıran sonuncu damla olmuşdur. Ramil Səfərovun
vəkilləri bu hökmün həddən artıq sərt
olmasını və onun müdafiə olunmaq hüququnun
pozulmasını hələ o vaxt qeyd etmişdilər.
Aydındır ki, belə bir hökm
çıxarılmasına erməni lobbisinin səyləri
sayəsində bu məsələnin ifrat dərəcədə
siyasiləşdirilməsi şərait yaratmışdı.
Ramil Səfərovun Azərbaycana verilməsindən
əvvəl Macarıstanın dövlət orqanları ilə
intensiv danışıqlar aparılmışdır. Bu məsələ
Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarətində
idi. Prezident Administrasiyasının Hüquq-mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
AzərTAc-a müsahibəsində bildirmişdir ki, dövlət
başçısının tapşırıqlarına
uyğun olaraq Azərbaycan zabitinin azad edilməsi
üçün müvafiq tədbirlər
görülmüşdür.
İslah müəssisəsində Ramil
nümunəvi davranışı ilə fərqlənirdi. Bu
müddətdə o, macar dilinə maraq göstərmiş və
macar yazıçılarının bir neçə əsərini
Azərbaycan dilinə tərcümə etmişdir.
Ramil Səfərov jurnalistlərlə
söhbətində qeyd etmişdir ki, yenidən öz Vətəninə,
Azərbaycan dövlətinə xidmət etməyə
hazırdır. O, azad edilməsi üçün səy
göstərmiş insanların hamısına təşəkkürünü
bildirmişdir.
Bu gün təkcə Ramilin deyil,
bütün Azərbaycan xalqının yaddaşında həmişəlik
qalacaqdır. Ona görə ki, bu gün dövlətimizin
gücü və nüfuzu, ölkə Prezidentinin
müdrikliyi və qətiyyəti bir daha bütün
dünyaya nümayiş etdirildi. Müəyyən mənada,
bu gün bizim özümüzə, öz Vətənimizə
və ümumi gələcəyimizə inamı artıran həqiqət
anı oldu!
AzərTAc
Azərbaycan.- 2012.- 1 sentyabr.- S.2.