Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

 

Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri bunu bir daha təsdiq etdi

 

 Azərbaycan ilə Belarus arasındakı münasibətlər istər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrdə, istərsə də müasir mərhələdə ənənəvi dostluq xarakteri daşıyır. Müstəqillik qazandıqdan sonra isə iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. İki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Belarusun Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Belarus ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi.

1993-cü ildən etibarən Belarus-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. 1993-2007-cı illərdə imzalanmış "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında iqtisadi-ticarət əlaqələri haqqında" Saziş, "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Belarus Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında" Protokol, "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" Saziş, "Azərbaycan Respublikası hökuməti və  Belarus Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilə və digər hökumətlərarası sazişlər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə imkan yaratmışdır.

Hazırda Azərbaycan və Belarus aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu aşkarlamışdır. Səfərlər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır.

Bu günlərdə Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri də əlamətdar olmuşdur. Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olunmuşdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilmiş, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Ölkə başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus arasında sənədlərin  imzalanma mərasimi keçirilmişdir.

Bu sırada "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında", "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq", "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında", "Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında" sazişləri göstərmək olar. Sənədlərin imzalanma mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış etmişlər.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirmişdir: "Ölkələrimiz arasında əməkdaşlığın mövcud səviyyəsi bizim birgə işimizin nəticəsidir. Düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlərin əsasını mənim atam Heydər Əliyev və Siz qoymusunuz. Lakin son illərdə bu münasibətlər, strateji tərəfdaşlar arasında münasibətlərə transformasiya etmişdir. Biz çox geniş məsələlər spektri üzrə əməkdaşlıq edirik. Bu əməkdaşlığın dərinləşdirilməsinə aid konkret məsələləri həll edirik, beynəlxalq təşkilatlarda bir-birimizi çox fəal dəstəkləyirik. Keçən ilin payızında BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı Azərbaycanın namizədliyini fəal dəstəklədiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz bu məsələdə Belarusun dəstəyini çox yüksək dəyərləndiririk. Biz başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq edirik və həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Ümumiyyətlə, əsl dostluq elə budur - biz həmişə bir-birimizi dəstəkləməyə, imkan olduqda gücümüz çatan yerdə bir-birimizə səmimi, təmənnasız, dostcasına dəstək göstərməyə çalışırıq. Strateji tərəfdaşlığın mahiyyəti də elə bundan ibarətdir".

Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı imzalanmış sənədlər  iqtisadi əməkdaşlığın gücləndirilməsinə, bərabərlik, qarşılıqlı etimad, tərəfdaşlıq və dostluq prinsiplərinə söykənir. Səfər zamanı imzalanmış müxtəlif razılaşmalar iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Bu sənədlər iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Qeyd edək ki, 25 mart 2004-cü il tarixdən Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir.

Azərbaycana Belarusun 250-dən çox müəssisənin məhsulları göndərilir. Əməkdaşlığın kooperasiya forması fəal inkişaf edir. Ölkəmizdə "Belarus" markalı traktorlar, yük avtomobilləri, avtokranlar, liftlər, işıq-diod texnologiyaları əsasında işləyən optik cihazlar və lampalar yığılması üzrə istehsalatlar yaradılmışdır. İstehsalat kooperasiyası sahəsində Belarus-Azərbaycan əməkdaşlığının lideri Gəncə Avtomobil Zavodudur.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib: "Bu gün biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə həm məhdud, həm də geniş tərkibdə çox səmərəli danışıqlar apardıq. Biz dəfələrlə demişik ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu görüşlərdə biz, ilk növbədə, səfərlərimiz zamanı - bizim nümayəndə heyətinin Bakıya, Azərbaycan nümayəndə heyətinin Minskə səfərləri zamanı qəbul etdiyimiz qərarların icrasına nəzarət edirik. Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir. Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir çox dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq".

Prezident Aleksandr Lukaşenko ölkəsinin ali mükafatı - "Xalqlar dostluğu" ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Məlumat üçün bildirək ki, bu orden Belarus dövlətinin inkişafına, adıçəkilən ölkə ilə qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə verən az sayda siyasətçilərə verilir.   

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır.  Azərbaycan-Belarus əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin  sosial-iqtisadi yüksəlişinə təkan verəcəkdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 1 sentyabr.- S.3.