Gəncənin dünya
şöhrətli övladı - ulu NİZAMİ
Qədim şəhər dahi
şairin yubileyinə hazırdır
Gəncəlilər ulu
öndər Heydər Əliyevin 2000-ci il may ayının 24-də
Nizami Gəncəvinin məqbərəsi önündə
söylədiyi tarixi nitqi indi də minnətdarlıqla
xatırlayırlar. Məqbərənin ziyarəti zamanı
ümummilli lider Heydər Əliyev demişdir:
"Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə
fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi
keçirirlər. Birincisi, ona görə ki, Nizami gəncəlidir.
Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda
yaşayıbdır, bu torpaqda yazıbdır. Onun
yazdığı əsərlər bütün dünyada məşhurdur.
Təsəvvür edin, 850 il bundan öncə bu qədər
böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə
şeirdən ibarət deyildir, onların hər birində
böyük elm var, böyük fəlsəfə var, dahi
fikirlər var. Buna görə onun əsərləri də
yaşayır, özü də yaşayır".
Dəqiq
və aydın! "Nizami gəncəlidir!". Ulu öndərin
bu müdrik sözləri hər bir gəncəlinin qəlbində
yuva salıb. Əsl qürur, iftixar mənbəyidir! Əbəs
deyildir ki, Nizami deyəndə Gəncə yada düşür.
Gəncənin adı çəkiləndə Nizami göz
önünə gəlir. Bu şöhrətin, bu qüdrətin
qol-qanad açmasında ümummilli lider Heydər Əliyevin
xidmətləri əvəzsizdir. Ulu öndər Nizami Gəncəvinin
ölməz sənətinə, dünyanı bürüyən
əbədi şöhrətinə çox yüksək qiymət
verir, dahi söz ustasının irsinin geniş təbliğini,
onun yubileylərinin müntəzəm surətdə
keçirilməsini tövsiyə edirdi.
Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr
1975-ci və 4 yanvar 1978-ci illərdə
"Nizami məqbərəsinin qorunması", 1 yanvar 1979-cu
ildə Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini,
nəşrini və təbliğini
yaxşılaşdırmaq tədbirləri haqqında, 28 iyul
1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi
münasibətilə verilən qərar və göstərişlər
böyük şair haqqında möhtəşəm tədbirlər
görülməsinə, genişmiqyaslı tədqiqatlar
aparılmasına səbəb olmuşdur.
"Nizami"
filminin çəkilməsi, "Xəmsə" kompleks abidələrinin
ucaldılması, Nizami məqbərəsinin təmiri və
qorunması, "Xəmsə"nin yeni tərcümə və nəfis tərtibdə nəşr
edilməsi, dünyanın bir çox şəhərlərində
Nizami heykəllərinin ucaldılması, Bakı
Metropoliteninin stansiyalarından birinə "Nizami"
adının verilməsi və digər tədbirlər Heydər
Əliyevin dahi Azərbaycan şairinə olan diqqət və
qayğısının bariz nümunəsidir.
Ulu
öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən
Prezident İlham Əliyev də qədim Gəncəyə,
ölməz Nizami irsinə xüsusi ehtiramla, məhəbbətlə
yanaşır. Milli Elmlər Akademiyasının illik ümumi
yığıncağında Nizami mərkəzinin
yaradılmasının vacibliyi barədə məsələ
qaldırılanda dövlət başçısı dedi ki,
"Nizami mərkəzinin yaradılması ilə əlaqədar
səslənən təkliflər, hesab edirəm ki, təqdirəlayiqdir.
Heç kəsdə şübhə yoxdur ki, Nizami Gəncəvi
dahi Azərbaycan şairidir. Bunu bütün dünya
bilir".
Beləliklə,
dövlət başçısı İlham Əliyevin təşəbbüsü
ilə şairin vətənində Nizami Gəncəvi Mərkəzi
təşkil olundu. Son vaxtlarda Gəncədə misli
görünməmiş quruculuq işləri gedir. Bu
genişmiqyaslı abadlıq, quruculuq işlərinin məhz
Nizami məqbərəsinin ətrafından başlanması
heç də təsadüfi deyildir.
Türk
elinin iftixarı, şeirin-sənətin bayraqdarı ulu Nizami
məhz Gəncədən bütün dünyaya şəfəq
saçıb. Dahi Nizami qədim Gəncənin əvəzsiz
simvolu, Azərbaycan xalqının baş tacıdır. O,
burada bir-birindən dəyərli əsərlər - "Sirlər
xəzinəsi", "Xosrov və Şirin", "Leyli və
Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə"
kimi beş əvəzsiz inci yaradıb və öz müdrik
sözü, büllur sənəti ilə qədim Gəncəni
bütün dünyaya tanıdıb. Elə o vaxtdan gəncəli
Nizaminin "Xəmsə"si müqəddəs poeziya aləminin
əbədi günəşinə çevrilib.
Bu ilin sentyabr ayında ulu şairin 870
"yaşı" tamam olur. Dövlət
başçısı İlham Əliyev 2011-ci il dekabr
ayının 23-də "Dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin
keçirilməsi haqqında" sərəncam imzalayıb.
Qədim Gəncə elliklə öz müdrik oğlunun ad
gününə hazırlaşır. Nizami Gəncəvinin
adı ilə şöhrət tapan şəhərdə əlamətdar
yubileyə geniş hazırlıq görülür. Şəhər
başdan-başa Nizami nuruna, Nizami şəfəqinə
bürünüb. Nüfuzlu ziyalılardan, elm və sənət
adamlarından ibarət yubiley komissiyası və işçi
qrupları yubileylə bağlı genişmiqyaslı fəaliyyətlə
məşğuldur. Ali və orta təhsil müəssisələrində,
elm və mədəniyyət ocaqlarında silsilə tədbirlər
keçirilir. Ölməz söz ustadının ədəbi
irsinin tədqiqi və təbliği üçün geniş
tədbirlər görülür. Nizami şeirlərinin
ifası üzrə müsabiqələr, ədəbi-bədii
gecələr təşkil olunur. Şəhərin mərkəzi
meydanında vaxtaşırı keçirilən "Nizami Gəncəvinin
söz buketi" adlı sərgilər, ədəbi
kompozisiyalar, görüşlər geniş maraq doğurur.
Burada Nizaminin əsərləri ilə, onun motivləri üzrə
reproduksiyalarla, miniatürlərlə, rəsmlərlə
yanaşı ən müxtəlif illərdə çap
olunmuş kitablar, Nizami dövrünü əks etdirən məişət
əşyaları, habelə Gəncədə
çalışan nizamişünas alimlərin əsərləri
nümayiş etdirilir. Şəhərdə hamı Nizaminin
adına layiq işlər görməyə
çalışır, ayrı-ayrı sənət sahibləri,
nizamisevərlər yubileyə layiqli töhfələr
hazırlayırlar.
Bəlli olduğu kimi, ümummilli lider Heydər
Əliyev Nizami Gəncəvinin böyük türk aləmində,
bütövlükdə dünya miqyasında olan şöhrətinə,
onun ölməz ədəbi irsinin təbliğinə
xüsusi önəm verirdi. Müxtəlif vaxtlarda yubileylərin
keçirilməsi, ədəbi irsin öyrənilməsi, əsərlərin
kütləvi nəşri barədə sərəncamlar
imzalanmış, ədəbi ictimaiyyətin diqqətini
xalqımızın bu müdrik oğlunun şəxsiyyətinə,
sənət aləminə daha yaxından cəlb etmişdir.
Ulu öndər Heydər Əliyevin varisi
Prezident İlham Əliyev bu müdrik siyasi kursu uğurla davam
etdirərək Nizami Gəncəvi irsinin təbliğinə həmişə
böyük həssaslıqla yanaşır. Dövlət
başçısının təşəbbüsü ilə
hələ 2004-cü ildə "Xəmsə" latın
qrafikası ilə nəfis şəkildə yenidən nəşr
edilmiş, Nizami poeziya günləri, Sankt-Peterburq şəhərində
və digər yerlərdə Nizami Gəncəvinin heykəllərinin
təntənəli açılış mərasimləri
keçirilmişdir.
İlham Əliyev ictimaiyyətin nümayəndələri
ilə görüşlərdən birində demişdir ki, Gəncə
Azərbaycanın qədim şəhəridir. Azərbaycanın
tarixində onun xüsusi yeri var. Prezident kimi mən də
çalışıram ki, Gəncənin inkişafı
üçün bütün lazımi tədbirlər
görülsün.
Tədbirlər görülür və qədim
Gəncə çox böyük sürətlə inkişaf
edir, yeniləşir, tanınmaz olur. Son vaxtlarda həyata
keçirilən genişmiqyaslı abadlıq və quruculuq
işlərinin ana xətti qədim şəhərin milli
görkəmini qoruyub saxlamaqla müasir şəhərsalmanın
tələblərinə uyğunlaşdırmaq və ulu
Nizaminin adı ilə bağlı olan hər bir guşəni
daha da gözəlləşdirmək, bütün şəhər
boyu ölməz şairin müqəddəs ruhuna meydan
açılmasına şərait yaratmaqdan ibarətdir. Şəhərin
icra orqanlarının çoxcəhətli fəaliyyəti məhz
bu istiqamətdə qurulub.
Nizami məqbərəsinin bərpası məsələsi
həmişə milli qeyrətli insanları
düşündürürdü. Bu vacib məsələ nəhayət
bizim günlərdə öz konkret həllini tapdı.
Bugünkü möhtəşəmliyin daha dəqiq dərk
edilməsi üçün bəzi
məqamları yada salmaq istəyirik.
1939-cu il noyabr ayının 1-də
Bakıda Nizami muzeyi yaradıldı. 1940-cı ildə isə
şairin məzarı üzərində məqbərənin
ucaldılması məqsədilə Moskvadan arxeoloji ekspedisiya
gəldi. Tədqiqatlarda şəxsən iştirak etmiş
İ.P.Şeblıkin "Nizami türbəsinin tarixinə
dair" məqaləsində yazır ki, XIII əsrdə
tikilmiş məqbərə heç də ölməz
şairin adına layiq deyildir. Ekspedisiya bu qərara gəlir
ki, şairin məzarı üzərində abidənin
ucaldılması vacibdir.
Bəs layihəsi
necə olsun? Hələ 1926-cı ildə Şeyx Nizaminin məqbərəsinin
bərpası ilə bağlı müsabiqə keçiriləndə
Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən
işlənmiş layihə birinci yerə layiq
görülmüşdü. Lakin türk üslubundan geniş
istifadə edildiyi üçün layihə kənara
atılır. 1930-cu ildə məqbərənin layihəsi
üçün yeni müsabiqə elan olunur. S.Dadaşov və
M.Useynov kimi kamil memarlarımızın
hazırladıqları layihə də "tünd milli
boyalarına" görə Moskvanı razı salmadı.
1939-cu ildə sayca üçüncü müsabiqə
keçirilir və İ.Vaxutinlə A.Sarkisovun işlədikləri
layihə qəbul olunur. Bu da çətin bir dövrə
düşür. Dünya çalxalandı, müharibə
neçə il əl saxladı.
Nəhayət, 1947-ci ildə Şeyx Nizaminin
məzarı üzərində yerli ağdaşdan məqbərə
ucaldıldı. Hündürlüyü 15,2 metr, ümumi sahəsi
49 kvadratmetr! 1947-ci ildə məqbərənin təntənəli
açılışı oldu. Neçə-neçə
yaxın-uzaq elli qonağın, eləcə də ustad Səməd
Vurğunun alovlu çıxışını yaşlı gəncəlilər
indi də xatırlayırlar.
Qısqanclıq dalğası yenidən
tüğyan edir. Yubiley ərəfəsində Moskva tərəfindən
qəsdən qıcıqlandırılan İran rəsmiləri
Şeyx Nizaminin yalnız İrana məxsusluğu məsələsini
qaldırırlar. Xəbis əl həmişə əlaltından
iş görürdü. Nizaminin qəbrindən çıxarılmış
yazılı daş və digər əşyalar, onun tabutunun
üzərindən götürülmüş tirmə
parça, kitabələr, Əjdər Ələsgərzadə
tərəfindən oxunub tərcümə edilmiş sinədaşının
estampajı müəmmalı şəkildə yoxa
çıxır.
Yenə də ulu öndər Heydər Əliyev,
qəbri nurla dolsun! Yetmişinci illərdə ölkəyə
rəhbərlik edərkən Nizaminin 840 illik yubileyi ilə əlaqədar
Moskvanın qarşısında məsələ
qaldırır ki, ölməz şairin məzarı üzərində
ona layiq bir abidənin ucaldılması vacibdir.
Açıq müqavimət göstərilməsə
də, Moskvanın xəbis niyyəti yenə də duyulur.
Rusların təşəbbüsü ilə məqbərənin
layihəsinin işlənilməsinə erməni memarları cəlb
olunur. Lakin ulu öndərin cidd-cəhdi sayəsində yeni
layihənin hazırlanması o vaxt Gəncə şəhərində
baş memar işləyən Fərman İmamquliyevə və
heykəltəraş Qorxmaz Sücəddinova həvalə
edilir. Milli memarlarımız tərəfindən əski
oğuz üslubu ənənələrinə uyğun tikiləcək
məqbərənin hündürlüyü 20,9 metr nəzərdə
tutulmuşdu. Bu məqbərə Gəncənin simvoluna
çevrilməli idi. Lakin Heydər Əliyevin səksəninci
illərin əvvəllərində Moskvaya getməsindən
istifadə edən qara qüvvələr layihənin yenidən
işlənilməsinin zəruriliyini
bəhanə edərək məqbərənin bərpasını
təxirə salmağa nail oldular.
Nəhayət, Milli Elmlər
Akademiyasının müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi
altında hazırlanmış layihə əsasında məqbərə
əsaslı surətdə təmir edilir. 1992-ci ildə hər
iş başa çatır. Lakin ulu Nizamiyə 850 illik yubiley
təntənəsi qədərincə qismət olmadı. Hər
şey doxsanıncı illərin burulğanında
sönük-solğun, səssiz-səmirsiz
ötüşdü.
Gəncəlilər indi onun əvəzini
çıxırlar. Nizami Gəncəvinin 870 illik yubileyi
münasibətilə məqbərəni əhatə edən
35 hektar ərazi başdan-başa abadlaşdırılıb.
50 mindən çox ağac əkilib, artezian quyuları
qazılıb, məqbərə əsaslı surətdə təmir
olunub, təqribən 8 min kvadratmetr sahəyə qranit lövhə
döşənib, dörd hovuz, iki şəlalə və fəvvarə
yenidən inşa edilib. Beş buta qranitlə üzlənmiş,
bir süni göl və körpü əsaslı təmir
olunub, milli memarlığın incisi sayılan "Şərq
Ulduzu" kompleksi yaradılıb. İndi məqbərənin
ətrafında "Xəmsə" personajlarının
obrazlarını əks etdirən abidələrin üzərində
bərpa işləri aparılır.
Məqbərənin
yaxınlığındakı əraziyə dahi mütəfəkkirin
şəcərəsinin daşıyıcılarına
hörmət əlaməti olaraq Şeyxzamanlılar qəsəbəsi
adı verilib. Şeyx düzündə Nizami şəhərciyinin
salınması istiqamətində ilkin işlər
görülür. Tarixi məqbərənin önündə
Nizami Gəncəvi muzeyi inşa edilir.
Bununla əlaqədar olaraq şəhərdə
çox mühüm bir tarixi iş görülür.
Şairin dünyanın müxtəlif ölkələrinə
səpələnmiş əsərləri, tarixi, elmi səciyyə
daşıyan nümunələri toplanır. Nizami Gəncəvinin
Avstriya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında,
Saltıkov Şedrin adına Rusiya Milli Kitabxanasında və
dünyanın başqa yerlərində qorunan nadir əlyazmalarının
surətləri şairin doğma yurduna gətirilir.
Bu günlərdə yubiley
komissiyasının geniş tərkibdə növbəti
toplantısı keçirildi. Şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev görülən
işlərdən və qarşıda duran vəzifələrdən
danışdı, konkret tövsiyə və
tapşırıqlar verdi. Sonra yubiley komissiyasının sədri,
Milli Elmlər Akademiyasının müxbir üzvü Fuad Əliyevin
ətraflı məlumatı dinlənildi.
Qeyd olundu ki, Prezidentin müvafiq sərəncamından
sonra şairin vətənində genişmiqyaslı
abadlıq-quruculuq işləri həyata keçirilmiş, ulu
şairin zəngin ədəbi irsinin təbliği sahəsində
çox mühüm tədbirlər
görülmüşdür. Uzun illərdən bəri
qapısı bağlı olan Nizami poeziya teatrı yeni görkəmdə,
yeni proqram ilə fəaliyyətə başlayıb. "Xəmsə"nin
personajları ilə bəzənən Nizami prospekti əsl
seyrəngaha çevrilib. Yeni yaradılan "Sələflər
və xələflər" kompleksi çox mətləbdən
xəbər verir. Ən önəmli cəhətlərdən
biri də budur ki, Gəncədə elmi-tədqiqat Nizami
institutu və altı şöbədən ibarət Nizami mərkəzi
yaradılıb. Tədbirlər planına uyğun olaraq
professor Xəlil Yusifli tərəfindən "Leyli və Məcnun"
poeması əruz vəznində tərcümə edilmiş,
tədqiqatçı alim Samir Pişnamazzadənin "Nizami Gəncəvi
yaradıcılığına əxilik ideologiyasının təsiri"
adlı monoqrafiyası, tanınmış alim Əfrasiyab Vəkilovun
"Blokadalı Leninqradda Nizami yubileyi" kitabı,
Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq"
əsəri, habelə, 31 alimin iştirakı ilə
hazırlanmış "Gəncə şəhərinin
tarixi" kitabı çap olunmuşdur.
Professor Kərim Kərimovun tərtib etdiyi
"Nizami yaradıcılığı miniatürlərdə"
monoqrafiyası əsasında sənətşünas-alim Sevda
Qurbanəliyeva tərəfindən "Nizami əsərləri
miniatürlərdə" toplusu nəfis şəkildə nəşr
edilmişdir.
Şəhər təhsil idarəsində,
Gəncə Dövlət Universitetində, aqrar universitetdə,
texnologiya universitetində, müəllimlər institutunun Gəncə
filialında, humanitar kollecdə və çağ öyrətim
liseyində Nizami Gəncəvinin həyat və
yaradıcılığına həsr olunmuş elmi-praktik
konfranslar keçirilmiş, ölməz şairin zəngin ədəbi-fəlsəfi
irsi ətrafında elmi məruzələr dinlənilmişdir.
Yubileyə hazırlıqla əlaqədar
dünyanın bir sıra tanınmış alimləri bu
mühüm işə cəlb olunmuşlar. Almaniyalı
nizamişünas Sevil Fuks Gəncə Regional Elm Mərkəzində
üç günlük seminar keçirmiş, öz ölkəsində
bu sahədəki elmi nailiyyətlərlə bağlı
geniş məruzə ilə çıxış etmişdir.
Misirin İskəndəriyyə
kitabxanasının rəhbəri, doktor İsmayıl
Serageldinin Nizami irsinin təbliğindəki fəaliyyəti
xüsusi qeyd olunmalıdır. Gəncədə İ.Serageldi
ilə birlikdə dahi şairin yubileyi münasibətilə
geniş tədbirlər planı hazırlanmışdır.
Nizami kitabxanasının və beynəlxalq mərkəzin
yaradılması, nüfuzlu elm xadimlərinin təmsil
olunduğu himayədarlar şurasının təşkili və
hər il Gəncədə onun toplantısının
keçirilməsi, Drezden, Vatikan kitabxanalarında, Metropolit
muzeyində qorunan "Xəmsə",
Dədə Qorqud əlyazmalarının şəhərimizə
gətirilməsi və başqa tədbirlər nəzərdə
tutulmuşdur.
Şəhərin hər yerində Nizaminin
portretləri, onun müdrik sözləri diqqəti cəlb
edir. Nizami küçəsi başdan-başa yenidən
qurulur. "Beşbulaq"da Nizami əsərlərinin "sərgisi"
açılır. Gülüstan yaşayış sahəsində
Nizami bağı yaradılır. Bağın mərkəzində
dahi şairin abidəsinin ucaldılması nəzərdə
tutulub. Şəhərin müxtəlif guşələrindəki
rəngarəng rəsmlərdə, əlvan portretlərdə
Nizaminin müdrik sözləri oxunur. Ölməz şairin
müqəddəs ruhu hər yanı bəzəyir:
Çalış
öz xalqının işinə yara,
Geysin əməlinlə
dünya zərxara.
Nizami sıramızdadır, Nizami
"danışır", öyüd-nəsihət verir,
doğma xalqına yol göstərir.
Nizami dünən də var idi, bu gün də
var, sabah da olacaq! İllər, əsrlər boyu beləcə təravətlə,
məhəbbətlə yaşayacaq. Özü demişkən:
Yüz
il sonra sorsan bəs o hardadır?
Hər
beyti səslənər: "Burda, burdadır!"
Bəli, dahi şair türk elində,
doğma Gəncə torpağındadır. O, burada anadan olub,
burada yazıb-yaradıb, burada da əbədiyyətə
qovuşub. Qədirbilən gəncəlilər bu müqəddəs
torpağı, bu cənnətməkan diyarı, onun yetirdiyi
söz-sənət sahiblərini qəlbən sevirlər. Namərd
Sisyanov Gəncəni zəbt edəndə I Aleksandrın
arvadı Yelizavetanın şərəfinə qədim Gəncənin
adını Yelazavetpol qoydu. Hətta arada bir fərman da verildi
ki, kim Gəncə sözünü dilə gətirsə bir ədəd
qızıl pul verməlidir.
Gəncəlilərə öz doğma
yurdunun adını yasaq etməkmi olardı?! Əlbəttə,
olmurdu! Bir də görürdün ki, bir dəliqanlı bir
ovuc qızılı yerə səpərək qəlbinin odunu
söndürür: Gəncə, Gəncə, Gəncə...
1834-cü ildə Boldıryev adlı bir
rus alimi Nizaminin əlyazmalarının birində bu sözlərlə
rastlaşıb: "Mən mirvari kimi Gəncə dənizində
qərq olsam da, dağlarda yerləşən Qum şəhərindənəm".
Və həmin alim bu nəticəyə gəlir ki, "Nizami
Şirvanın balaca Qum şəhərində anadan
olmuşdur".
Geniş
müzakirə başlandı. Kimi dedi bu İrandakı Qum
şəhəridir. Kimi də söylədi yox, bu Qax rayonunun
Qum kəndidir. Mübahisə, az qala, iki yüz il davam etdi.
Elimizin
ən mötəbər elm adamları - ədəbiyyatşünas
Firudin bəy Köçərli, professor Mikayıl Rəfili,
akademik Ziya Bünyadov və başqaları bu taleyüklü
söhbətdən kənarda qalmırdılar. Onlar tam qətiyyətlə
dahi Nizaminin fars əsilli İran Qumundan yox, Azərbaycanın
Qum kəndindən olduğunu söyləyirdilər. O
vaxtı biz də mətbuatda Azərbaycan
ziyalılarının mövqeyini müdafiə etmişik.
Sonralar
bəlli oldu ki, bu mübahisəli misralar əlyazmanı
köçürən xəttat tərəfindən əlavə
edilib. Qum söhbəti bununla da biryolluq aradan qalxdı.
Nizaminin onsuz da bəlli olan ünvanı bir daha dəqiqləşdi.
Gəncəlilər isə elə o mübahisələrin ən
qızğın çağında da ürəklə, qətiyyətlə
deyirdilər:
Nizami gəncəlidir,
gəncəlidir, gəncəli!..
Əhməd
İSAYEV
Azərbaycan.- 2012.- 1 sentyabr.-
S.5.