Mərd, mübariz insanların yurdu

 

 Yenə ən yaxın tariximizin acı günlərindən birini yaşamaqdayıq. Bakıdan 403 km məsafədə - 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsindən ibarət Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

 

Bərgülərin tarixi - bu yurdun tarixidir

 

Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalı ilə birlikdə Qaradağ xanlığına məxsus idi. Lakin sonralar zəmanənin görkəmli dövlət xadimi Pənahəli xanın  əzmkarlığı sayəsində Zəngəzurla birlikdə Qarabağ xanlığına daxil edilmişdir. Bir məlumata görə, vaxtilə Qarabağ xanı İbrahimxəlil xan bu torpaqları qardaşı Mehdiqulu xana bağışlamışdı.

Deyilənə görə, Qubadlı-Bərgüşad toponimləri V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır. "Bərgüşad" toponimi, sözü hələ dəqiq izahını tapmayıb. Səfəvi dövründə bərgüşadlar qızılbaş tayfalarının tərkibindəydilər. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə edirdi.

Bəzi tədqiqatçılara görə, "bərgü" sözü qədim türk mənşəli barq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə  yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı da tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt-bərgülər kimi qeydə almışdır.  Toponimin tərkibindəki "şadşat" sözü isə, bir növ, cəmlik bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad adı çəkilir. Bir çox yerdə, o cümlədən Ucar rayonunda Bərgüşad kəndi var.

 

1920-ci ildən 1988-ci ilə qədər uzanan tarix

 

Azərbaycan xalqının tarixi faciələrindən biri kimi 1921-ci ildə daşnak-bolşeviklərin fəaliyyəti nəticəsində Zəngəzur mahalı parçalandı. Bir hissəsi Ermənistanda, digər hissəsi -  Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycanın inzibati ərazisində qaldı.

Bu vəziyyət erməni-rus birliyini təmin etmirdi və ona görə gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə qatmaq məqsədilə Qubadlı, Laçın və Kəlbəcər rayonlarının ərazilərində -  Azərbaycan Respublikasının tərkibində "Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil etməyə çalışdılar. Bu muxtariyyətə qarşı bütün  yerli əhali, o cümlədən qubadlılar, sözün həqiqi mənasında, əsl mübarizəyə qalxdılar. Xüsusilə Əlyanlı kəndinin sakinlərinin bu qərara qarşı fədakar mübarizəsi tariximizin şərəfli səhifələrindəndir.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.

Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və bulaqları rayonun əsas su mənbəyidir.

Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı - 2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı - 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı - 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında)  450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir.

Rayonun əsas bitki örtüyü kolluqlar və seyrək meşəli çəmənlərdir. Dağ meşələrində fıstıq, palıd, vələs və digər ağaclar geniş yayılmışdır. Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonunda müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Burda yaşı 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumilikdə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.

Qubadlı rayonunun ərazisində Hacılı tuf, Xanlıq  gil, Eyvazlı bəzək-əlvan (əqiq) və zəngin  şirin su yataqları vardı. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, yeraltı sərvətlər,  zəngin su mənbələri dağıdılaraq məhv edilməkdədir.

İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı.

Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət, 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.

Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz insanların xidmətində idi.

Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu.

Qubadlı rayon tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, XIV əsrdə tikilmiş "Dəmirçilər" türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hələ də işğal altındadır.

Qubadlının Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı kəndindəki Göy Qala abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, XVII əsrə aid Gürcülü kəndində olan türbə, XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbə ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm, mədəniyyət mərkəzləri fəaliyyət göstərib və dinə-imana inananlar həmişə olub.

 

Bu da işğalın tarixi

 

1993-cü il avqustun 31-də Qubadlı zəbt olunduqdan sonra 30 mindən artıq insan öz yurd-yuvasından didərgin düşdü. Qubadlı şəhəri və onun 94 kəndi qarət edildi, talandı, yandırıldı. Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dənizdən-dənizə "böyük Ermənistan" yaradılması barədə daşnak ideoloqlarının sərsəm ideyalarının tərkib hissəsi idi.

Qubadlı əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi kimi gözəl  yerləri Ermənistanın ələ keçirmək cəhdləri hamıya yaxşı məlumdur.

1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlananda ilk qaçqın dalğası Qubadlıdan keçdi.

Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədir, Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. Lakin hər dəfə onların bu cəhdi boşa çıxırdı. Əliyalın camaat başdan-ayağadək silahlı quldur dəstələrinin qabağında, əvvəllər olduğu kimi, mətinliklə dayanırdı.

Qubadlının Ermənistanla sərhədi 120 km, bu sərhəd boyunca yaşayış məntəqələri çox idi. Qubadlının sərhəddə yerləşən kəndləri, xüsusilə Əliquluuşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Y.Cibikli,  Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndləri daim atəş altında yaşayırdı.

Sərhəddə keşik çəkən özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda bizdə adi ov tüfəngləri çatmırdı.

Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarılsa da, qüvvələr qeyri-bərabər idi.

Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşaiyəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə yönəldilmişdi. Ağır döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdu.

Avqustun 31-də erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali  rayonu tərk etməli oldu. Tarixi min illərə söykənən bu yurdun ağır günləri belə başladı.

Tanınmış ziyalıları, insanları ilə -  Qaçaq Nəbi, Eyvaz Eyvazov, Süleyman Rəhimov, Məmməd İsgəndərov, Yusif bəy Sultanzadə, Eldar Baxış, Kazımağa Kərimov, Əliyar Əliyev, Nuşirəvan Kərimov, Qasım Qasımzadə, Zaur Abbasov, Cəlal Bərgüşad, Əskər Abdullayev, Fətullah Bağırov, Nəzər Heydərov, Kamran Hüseynov, Möhsüm Əsgərov, Şəfaət Mehdiyev və son dövr hadisələrində igidlik, mərdlik nümunələri göstərən Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyev, Kərəm Mirzəyev və Aslan Aslanov kimi övladları ilə məşhur olan bu rayon indi həm də qəhrəmanlıq dolu keçmişinə sığınaraq yaşamaqdadır. Qubadlı sakinləri hələ də öz nikbin ruhunu qoruyub saxlayır, əldə silah ön cərgədə vuruşmağa, irəli getməyə hazırdılar. Hər bir Qubadlı sakini onları gözləyən kəndlərin, ocaqların həsrətilə yaşamaqdadır. Bu yurdun şair oğlu Təhməz Əvəzoğlu da həmvətənlərini ömrünün axırına qədər o dərdə, o əhdə sadiq qalmağa səslədi, bir gün başqaları kimi doğma kəndi Qayalının həsrəti ilə bu dünyadan köçdü, "Allah, məni qürbət yerdə öldürmə" desə də:

 

Allah, məni qürbət yerdə öldürmə,

Qismət elə gedək öz kəndimizə.

Sinəmə saz alım, çalım-oynayım,

Həsr edim bir neçə söz kəndimizə.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 1 sentyabr.- S.7.