Ömrün izləri

 

Azərbaycan klassik ədəbiyyatının öyrənilməsində uzun illər cəfakeşlik göstərən Kamran Məmmədov ədəbiyyatşünas və nasir kimi tanınmışdı. Filologiya elmləri doktoru, professor Kamal Talıbzadə bu unudulmaz alim haqqında yazdığı məqalələrin birində onu "XIX və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçılarından biri" kimi səciyyələndirib. Bu da səbəbsiz deyildir. Ədəbiyyatşünas alimin ömrünün izlərini əks etdirən əsərlərini araşdıranda Kamran müəllimin ədəbiyyatşünaslığa necə fədakarlıqla xidmət etdiyinin şahidi oluruq.

 

Ədəbiyyat işinə ciddi mövqedən yanaşma, ədəbi əsərləri, yazıçı talelərini məsuliyyətlə təhlil etmək, xalqın ədəbiyyatı qarşısında müəyyən xidmətlər göstərmək vətəndaş alim səviyyəsinə yüksəlmək deməkdir. Bu mənada Kamran Məmmədov ömrü boyu şifahi xalq yaradıcılığını, onun mövzu və problemlərini, daxili bədii imkanlarını təhlil edən ədəbiyyatşünas kimi yadda qalıb. O, Qasım bəy Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Abbas Səhhətin yaradıcılıqları ilə bağlı çox məzmunlu monoqrafiyaların müəllifidir. Sovet dövründə yaşayıb yaradan bu ədəbiyyatşünas alim sözün geniş mənasında realizmin tədqiqatçısı idi. Onun realistlərə dair tədqiqatlarının sistemliliyi satira problemlərinin təhlilində də özünü göstərir. "XIX əsr Azərbaycan şeirində satira" monoqrafiyası Kamran Məmmədovun bu sahədəki ən sanballı əsərlərindən biri kimi dəyərləndirildi.

Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli bu unudulmaz alim barəsində apardığı araşdırmada onun ədəbiyyata gətirdiyi yeni ruh və məziyyətlərə toxunaraq çox böyük ehtiramla yazıb: "Professor Kamran Məmmədov Azərbaycan elmi fikrinə "Görkəmli adamların həyatından səhifələr" janrını gətirmiş, bu janrın əsasını qoymuşdur. Fikrimcə, keşməkeşli və şərəfli ömür yaşamış Kamran müəllimin özünün də həyatının, mənəvi dünyasının unudulmaz, pozulmaz mənəvi səhifələri nəsillər üçün nümunədir".

O, 1922-ci ildə yurdumuzun dilbər guşəsi sayılan Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Məktəbində təhsil alıb. 1938-ci ildə APİ-nin dil və ədəbiyyat fakültəsinə daxil olub. Lakin İkinci Dünya müharibəsinin başlanması onun təhsilini yarımçıq saxlayıb. Ordu sıralarına yola düşən Kamran Məmmədov atıcı döyüşçü kimi xidmətə başlasa da, ağır yaralandığına görə 1943-cü ilin yazında vətənə qayıdıb. Bu dəfə təhsilini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib. "Zərgül" adlı hekayəsi ilə ədəbi fəaliyyətə ("Ədəbiyyat qəzeti"ndə) başlayıb. Bu, onun mətbuatda dərc edilmiş ilk nəsr əsəri idi.

Sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, "Uşaqgəncnəşrdə" şöbə müdiri, Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirant, kiçik elmi işçi olmuşdur. Ədəbi fəaliyyətlə bərabər Kamran Məmmədov Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim işləmişdir. 1952-ci ildən Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, sonralar şöbə müdiri vəzifələrini aparmışdır. 1989-cu ildə Bakıda vəfat etmişdir. Azərbaycan ədəbiyyatında göstərdiyi xidmətə görə "Şərəf nişanı", II dərəcəli "Vətən müharibəsi" ordeni və bir neçə medalla təltif edilmişdir. Sağlığında 16 kitabı işıq üzü görmüşdür. Bu kitabların arasında tənqidi məqalələrdən, araşdırmalardan ibarət nəşrlər də var, bədii əsərlər də. 200-dən yuxarı elmi və elmi-publisistik məqalənin, 30-dan çox kitaba yazılmış müqəddimənin müəllifi, 50-yə qədər kitabın redaktoru, 15-dən çox aspirant və dissertantın rəhbəri, 80-ə yaxın namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti, bir sıra əsərlərin tərtibçisi və rəyçisi idi. Mətbuatda bəzən "Dadaşoğlu" imzası ilə çıxış edirdi. O, yalnız elmi məqalə və monoqrafiyalar müəllifi deyildi. Bir nasir kimi də mükəmməl fəaliyyət göstərirdi. Hekayə və romanları çap edilirdi. Onun elmi və bədii yaradıcılığı bir vəhdətdə birləşirdi.

XIX əsr Azərbaycan satirik bədii fikrinin ən mötəbər tədqiqatçılarından hesab olunan Kamran Məmmədov "Y.V.Çəmənzəminli" (1981) adlı monoqrafiyasında ədibin əsərlərini, əlyazmalarını, arxivini, məktublarını, həyat və yaradıcılığının ən az işıqlandırılmış səhifələrini tam halda araşdıraraq fikir və mülahizələrini elmi ədəbi-mənəvi şəkildə dolğun əsaslandırmışdır. Məhz bu cəhətdən misilsiz "işlər gördüyünü" Kamran Məmmədovun müasirləri də dəfələrlə qələmə alıblar. Tənqidçi Qulu Xəlilov onun tədqiqatçılıq istedadını yüksək dəyərləndirərək yazırdı: "Kamran Dadaşoğlu eyni zamanda nasirdir. Yazıçı qələmi alim qələminə hərarət, canlılıq, elmi üsluba gözəllik bağışlayır. Bu məziyyəti alimin tədqiqatlarında da hiss edirik. Buna görə də onun monoqrafiyaları quru, şirəsiz faktlar yığımı olmur, elmi dəlillər, sübutlar, bədiilik ünsürləri ilə aşılandığından maraqla oxunur".

Nə yazırdısa, yuxusuz gecələrinin bəhrəsi kimi ömrünün izlərini əbədiləşdirirdi. Ümumiyyətlə, bu nəslə mənsub olan tənqidçilərin, ədəbiyyatşünas alimlərin həmişə bir amalı olub. Ədəbi prosesin istiqamətini düzgün müəyyənləşdirmək, hər bir müəllifin əsərini sağlam mövqedən araşdırmaq. Bəlkə də elə buna görə o dövrdə zəif əsərlər yaranmırdı. Sovet quruluşunun müəyyən diktə və müdaxilələrinə baxmayaraq əsl sənət nümunələri işıq üzü görürdü. Çünki tənqid fəaliyyətdə idi, tənqidçi qüsur və nöqsanlara göz yummurdu. "Tənqid və biblioqrafiya" rubrikası ilə dərc olunan fikir və mülahizələr ədəbiyyatın inkişafına yönəlirdi, kömək edirdi. Nasir və şairlər də tənqidi düşmənçilik kimi deyil, yol göstərən, düzgün meyil kimi qəbul edirdilər. Təəssüf ki, zəif əsərlərə tost xarakterli təriflər yazmaq indi dəbə düşüb.

Görkəmli ədəbiyyatşünas alim Məmməd Arif yazırdı: "Kamran Məmmədovun yaxşı xüsusiyyətlərindən biri də elmi obyektivliyi unutmadan öz üslubi etibarilə polemik, döyüşkən, ehtiraslı təbiətə malik olmasıdır. Bu səbəbdən də monoqrafiyaları sadə, aydın, eyni zamanda zəngin bir dildə yazılıb. Buna görə də onun qələmindən çıxan bütün əsərləri maraqla oxunur. Son illərdə qələmə aldığı Nəcəf bəy Vəzirovun həyat və yaradıcılığı ilə əlaqədar yazdığı monoqrafiyanı ədəbiyyatşünaslığımızın ən qiymətli əsərlərindən biri hesab edirəm. Çünki monoqrafiyada Nəcəf bəy Vəzirovun yaradıcılığına aydın güzgü tutulub".

Hadisələri, faktları, insanları son dərəcə dəqiq və yığcam xarakterizə etmək həqiqi istedad əlamətidir. Həmkarları dəfələrlə bildiriblər ki, Kamran Məmmədov bu cəhətdən əvəzsiz idi. Onun yaradıcılığının aparıcı uğurunu da elə bu təşkil edirdi. Bir qərinədən artıqdır ki, haqq dünyasına qovuşan Kamran Məmmədov Azərbaycan ədəbiyyatına elə əsərlər bəxş etdi ki, ömrünün izlərini əbədiləşdirdi. Unudulmazların sırasında dayandı...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 1 sentyabr.- S.7.