Ömrün
ixtiyar çağını yaşayanlar
Əl işdən soyumur, arzudan arzu doğur
Səksənillik
ömründə bircə gün də
müəllim işləməyib. Amma hamı ona "Arif müəllim" deyə müraciət edir.
Bu adı ona
həyat özü bəxş edib. Çünki yol ayrıcında naçar qalana yol göstərib,
büdrəyənin qolundan
yapışıb, kimsəsizə
dayaq olub. Uşaq ikən çəkdiyi acılar, yaşadığı məşəqqətlər
ürəyini daşa
döndərməyib, əksinə,
həmişə yaxşılıq
etməyə çalışıb,
xeyirxah olmağa can atıb.
...Atası da, anası da Qarabağın tacı olan Şuşadandır. Atası
Məmiş kişi
Şuşanın məşhur
dərzilərindən olub.
Əlinin zəhməti ilə
gözəl ev-eşik
qurub ailəsini yaxşı dolandırardı.
1908-ci ildə ermənilər
Şuşanı odlara
qalayanda evini, mal-mülkünü itirən
Məmiş kişi ömür-gün yoldaşı
Fatma xanımla körpə balalarını,
Arifin bacı və qardaşlarını
da götürüb hələ o zaman da dolanışıqlı
yer kimi tanınan Bərdəyə
üz tutur. Gənc ailə Bərdədə yeni yuva qurmağa
başlayır. Məmiş
kişi yenə də öz sevimli sənətini işlədir,
Fatma xanım isə evdarlıqla məşğul olur. Ailədə
dörd uşaq böyüyürdü. Üç oğul,
bir qız.
Sovet hakimiyyətinin ilk illəri idi.
Məmiş kişi
əlinin halal zəhməti ilə ailəsini yaxşı dolandırırdı. Siyasətdən uzaq olsa da,
sadə sənətkar
repressiya dalğasından
yayına bilmədi.
Ağıla, məntiqə sığmayan
ittihamlarla Hüseynov Məmiş Əbdüləli
oğlunu 1937-ci ildə
həbs etdilər.
Onda Arifin 6 yaşı vardı. Qəfil əsən acı
rüzgar gənc ailənin çırağını
söndürdü. Uşaqların bənizi çiçək
kimi soldu. Həyətdə oynayanda tay-tuşları
onları vətən
xaininin övladları
deyə çağırırdılar.
Çal-çağırlı ev suyu sovrulmuş dəyirmana döndü. Buradan qohum-qardaşın, dost-tanışın da ayağı çəkildi.
İlk günlər göz yaşını saxlaya bilməyən ana
dörd körpəsini
qanadının altına
çəkdi. Ağlayıb-sızlamağı arxa plana keçirib Məmişin yadigarlarını böyütməyə
başladı. İşin ağırından,
çətinindən qorxmadı.
Evin həm kişisi oldu, həm xanımı. Gecələr
uşaqlara şipşirin
nağıllar danışar,
atalarını soruşan
körpələri ovundurmaq
üçün özündən
nəsə uydurmaz, ağlı kəsəni dilinə gətirərdi:
"Başımıza açılan
bu oyun şeytan
işidir. Atanız vətən xaini ola bilməz.
Darıxmayın, bir gün haqq yerini tutar,
çırağımızı söndürən, qapımızı
bağlayan fələk
yenə bizi sevindirər. Sözünə sahiblik edə bilməyənlərə fikir
verməyin. Dərsinizlə məşğul olun.
Qoy atanız gələndə sizi savadlı, oxumuş görüb sevinsin..."
Ata qayıtmadı.
Azərbaycanın say-seçmə
oğullarını kor
əjdaha kimi udan 37-ci il
repressiyası günahsız
Məmişi də məhv etdi. Boyunu sevdiyi övladlarını ali savadlı, hörmət-izzətli, sənət
sahibi görmək Məmiş kişiyə qismət olmadı. Ailənin böyük oğlu Qədir uzun illər Bakıda cərrah işləyib.
Oqtay isə tikinti üzrə mühəndis
olub. Arif müəllimin hər
iki qardaşı və bacısı rəhmətə gedib.
Bu gün Bərdənin sayılıb-seçilən
ağsaqqallarından olan
Arif Əliyev çox keşməkeşli,
eyni zamanda, şərəfli bir ömür yolu keçib. Yaşı səksəni adlasa da, yaşamaq həvəsi çox güclüdür. Onu yaşadan,
ömrünə məna
verən könlündəki
xoş duyğulardır.
Ömrü boyu bir kimsəyə pislik etməyib. Etdiyi yaxşılıqları isə xüsusi qeyd etmir, çünki
xeyirxahlığına görə
heç vaxt təmənna ummur.
Nəsli-kökü şeir, sənət ocağı Şuşadan su içmiş Arif Əliyev Bərdədə
doğulub, elə burada da boya-başa
çatıb. Həyatda addım-addım irəliləyib,
pillə-pillə yüksəlib,
şan-şöhrət qazanıb,
hörmət-izzət sahibi
olub. 1955-ci ildə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirən Arif müxtəlif vəzifələrdə
çalışıb. Bərdədəki 1 saylı
tikinti-quraşdırma idarəsində
iş ustası kimi əmək fəaliyyətinə başlayıb.
Sonralar Yevlaxda və Bərdədə müxtəlif
tikinti idarələrinin
rəisi, Bərdə
Şəhər Sovetinin
sədri, Bərdə
Rayon İcra Hakimiyyətinin
tikinti şöbəsinin
mühəndisi vəzifələrində
çalışıb. Harada işləyibsə, üz ağardıb, şəxsi məsuliyyəti,
yüksək intizamı
ilə seçilib.
Uğurlarının, təltiflərinin sayı-hesabı bilinməyən
Arif müəllimin həyatında şirin xatirələr çoxdur.
Onlardan birini özü belə xatırlayır:
- Ömrüm boyu çalışmışam,
tikib-qurmuşam. Zəhmətim yüksək
qiymətləndirilib. Layiq görüldüyüm
mükafatlar arasında mənim üçün ən dəyərlisi
"Tərəqqi" medalıdır. Prezident İlham Əliyevin
sərəncamı ilə təltif olunanların
sırasında öz adımı görəndə doğrusu
kövrəldim. Bu yüksək mükafat 80 yaşımın
tamam olduğu bir dövrə təsadüf etdi. Elə hesab
etdim ki, dövlətimizin başçısı
bütövlükdə mənim həyatıma, keçdiyim
ömür yoluna dəyər verib. İnsanlar yaşlaşanda
kövrək olurlar. Bəzən yersiz deyilən bir sözdən
uşaq kimi küsür, xoş münasibətdən isə
quş kimi qanadlanıb uçursan. Məni rayon Ağsaqqallar
Şurasına sədr seçməklə boynuma böyük
haqq qoyublar. Gərək ağsaqqallığı
düzgün edəsən. Elə çalışasan, elə
oturub-durasan ki, cavanlar sənə baxıb ibrət
götürsünlər.
Ömrün ixtiyar çağını
yaşasa da, Arif müəllimin əli işdən
soyumayıb, ürəyi həvəsdən düşməyib.
Son bir ildə rayonda abadlıq işləri geniş vüsət
alanda Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İsayev şəhərin mərkəzi
küçələrindən olan Həzi Aslanov küçəsinin
yenidən qurulmasını, səliqə-sahmanını Arif
müəllimə etibar etdi. Əlbəttə, rayon rəhbəri
yanılmamışdı. Arif müəllim ona verilən bu
tapşırığı yüksək etimad kimi dəyərləndirərək
günün çox hissəsini inşaatçıların
yanında keçirdi. Daş üstə qoyulan hər
daşa, küçə boyu əkilən hər ağaca, hər
gülə əllərinin sığalını çəkdi,
ürəyinin odunu verdi. İndi gözəlləşən,
yeniləşən Bərdədə Həzi Aslanov
küçəsinin xüsusi görünüşü var.
Bu gün Arif müəllimi başdan-başa inşaat
meydanına çevrilən Bərdənin hər tərəfində
görmək olar. Deyir ki, doğma şəhərim yüksək
zövqlə yenidən qurulursa, yüzlərlə adam şəhərin
müxtəlif küçələrində minbir həvəslə
çalışırsa, mən evdə otura bilərəmmi?
Arif müəllim ilin heç bir fəslində
işsiz qalmır. İctimai işlərdən vaxt tapanda həyətyanı
sahəsində çalışır. Bağında hər
növ meyvə ağacları var. Yetişdirdiyi alma-armudun,
şaftalının, üzümün dadından doymaq olmur.
Meyvələrdən də ləzzətli onun duzlu söhbətləridir.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 1 sentyabr.-
S.6.