Göygölə gəl, Göygölə

 

Prezident İlham Əliyevin sərəncamı ilə çəkilən Xəqani-Cümşüdlü-Haçaqaya avtomobil yolunda son tamamlama işləri gedir. Yeni yol altı yaşayış məntəqəsini birləşdirir. Bu, səkkiz min nəfər əhalinin rahatlığı deməkdir. Yol ustaları və ətraf kəndlərin sakinləri ilə söhbət edirik. İllər boyu yararsız qalan bu dağ yolunda yaradılan səliqə-sahmana görə hamı dövlət başçısına öz dərin minnətdarlığını bildirir.

Göygöl rayonu işıqlı bir yol üstədir. İqtisadiyyatı sürətlə inkişaf edir. Sosial problemləri uğurla həll olunur. Quruculuq işləri yeni vüsət alır. Son aylar ərzində ötən ilin müvafiq dövründəkinə nisbətən 14,8 faiz çox məhsul istehsal olunub. Kənd təsərrüfatı sahəsində daha çox uğur əldə edilib. On min hektar zəmidən 26,8 min ton taxıl götürülüb ki, bu da ötən ilin müvafiq dövründə olduğundan xeyli çoxdur. Maldarlıq sahəsində də nəticələr ürəkaçandır. Ən xarakterik cəhət budur ki, rayonda sahibkarlıq sürətlə inkişaf edir. Əhalinin gün-güzəranı getdikcə yaxşılaşır.

İqtisadiyyat yüksəldikcə abadlıq və quruculuq işlərinə xüsusi diqqət yetirilir. Heydər Əliyev prospekti rayonun mərkəzində göz işlədikcə uzanır. İndi burada qızğın gedir. Qaz və işıq xətləri yerin altına keçirilir. Hər yana asfalt döşənir, səkilər sahmana salınır, su axın xətləri təmizlənir, işıqlandırma sistemi tamamilə yenidən qurulur. Yolun hər iki tərəfindəki bütün binaların fasadları müasir memarlıq üslubunda bəzədilir, dam örtükləri təzələnir. Ulu öndərin adını daşıyan prospekt əsl seyrəngaha çevrilir. Bununla yanaşı, rayonun daha altı küçəsində əsaslı surətdə yenidənqurma işləri görülür. Hər yan tamamilə yeni don geyir. Kütləvi istirahət mərkəzi sayılan 5 hektarlıq parkı isə heç tanımaq olmur. Yaraşıqlı pillələr yaşıllıqlar qoynundan Gəncə çayına doğru enir. Ən mənzərəli yerdə iki mühüm obyekt yaradılır. Biri Heydər Əliyev Mərkəzi, digəri isə Gənclərin istirahət məskəni.

Dağlar qoynunda yerləşən Göygöl rayonunun təbiəti gözəldir. İnsan əlinin sığalı   bu yerləri daha da tanınmaz edir. Hər ay, hər il bir-birindən fərəhli işlər görülür, faydalı obyektlər ucaldılır. Göygöl adına layiq inkişaf edir. Ətrafdakı səfalı guşələrdə yeni abad məhəllələr salınır. Quruculuq işləri getdikcə geniş miqyas alır. Yaşıllıqlar qoynunda məskən salan yaşayış məhəllələri, küçələr, bağlar, parklar gəl-gəl deyir.

Göygöldə olarkən yerlərdə görülən işlərlə tanış olan dövlət başçısı İlham Əliyev demişdir: "Bütövlükdə Göygöl rayonunun inkişafı son illər uğurla gedir, yaxşı işlər görülür. Müəssisələr tikilir, şəhər abadlaşır. Rayonda quruculuq işləri aparılır. Parklar salınır, insanların yaşaması, istirahəti, işləməsi üçün bütün şərait var".

İqtisadiyyat inkişaf etdikcə gəlir, qazanc artır, rayon öz sərhədinə sığmır. Yeni-yeni küçələr, yaşayış məhəllələri salınır. Təzə sahələrdə əlüstü kommunal-məişət problemləri həll edilir. İcra hakimiyyətinin başçısı Arif Seyidov deyir ki, hər il təqribən 40 milyon manat əsas kapitala investisiya qoyulur. Dövlət proqramlarına uyğun olaraq irihəcmli abadlıq-quruculuq işləri aparılır. İctimai binalar, sosial obyektlər, fərdi evlər tikilir. Rayon mərkəzindən Hacıkənd səmtinə qalxan yolun hər iki tərəfində müasir görkəmli obyektlər cərgələnir.

Hazırda Olimpiya idman kompleksi, habelə baytarlıq idarəsi, Dövlət Sosial Müdafiə Fondu, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati binalar tikilir. Mövcud binalar təmir edilir, fasadları milli ornamentlərlə bəzədilir. Küçələr abadlaşdırılır, səkilər düzəldilir.

Quruculuq proqramı rayonun hər yanını bürüyüb. Çaykənddən keçən Kürəkçay üzərindəki körpü bərpa edilib, Zurnabad-Tülallar, Topalhəsənli-Lüləli yolları sahmana salınıb, Zurnabad və Gəncə kəndlərinə çəkilən içməli su xətti, habelə Göyçəkənd mədəniyyət evinin dam örtüyü təmir olunub, Aşıqlı kənd tibb məntəqəsi üçün əlavə otaqlar tikilib.

Rayonda yol təsərrüfatına xüsusi fikir verilir. Mollacəlilli avtomobil yolu əsaslı surətdə təmir edilib. Hacıkənd magistral yolunun xeyli hissəsi genişləndirilib, ən əsası isə Bakı-Qazax magistral yolunun Göygölün ərazisindən keçən 36 kilometrlik hissəsinin tikintisi davam edir.

Məktəb binalarının tikintisi ilə də maraqlandıq. Sıx meşələrin qoynunda burula-burula gedən yolla dağlara doğru qalxırıq. Zurnabad Göygöl rayonunun ən iri, ən qədim kəndlərindən biridir. Səfalı bir guşədə, Gəncə çayının sahilində yerləşir. Böyük kənddir. Min nəfərdən çox əhalisi var. Milli üslubda salınmış kəndin özü, öncə isə XII əsrin yadigarı olan Zurnabad abidəsi ötən illərdən xəbər verir. 1928-ci ildə burada "Zurqes" elektrik stansiyası tikilmişdi. O vaxt adı dillərdə gəzən "Zurqes" ətraf kəndləri işıqla, elektrik enerjisi ilə təmin edirdi. Kənd məktəbinin də yaşı çox idi. Lakin uzun illər baxımsızlıq üzündən yararsız hala düşmüşdü. Ona görə də qəza vəziyyətindəki məktəb binalarının yenidən qurulması barədə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Zurnabad kəndi üçün də hər şəraiti olan təzə bina inşa olunur.

Budur, yaşıllıqlar qoynunda ikimərtəbəli bina görünür. Dərs ilinin başlanmasına hələ xeyli qalır. Məktəb binasının tikintisində isə işlər, demək olar, başa çatıb. Kəndin yol, su, işıq problemləri həll edilib. Müasir istilik sistemi qurulub. Baxırıq, işıqlı-yaraşıqlı 17 otağı var. Bufet, kitabxana, kompyuter mərkəzi və idman zalı üçün məxsusi yerlər ayrılıb. Kimyafizika laboratoriyaları müasir avadanlıqla təchiz olunub. İndi ətraf abadlaşır, yaşıllığa bürünür. Quşqara, Qızılca və Firuzabad kəndlərində də yeni, yaraşıqlı məktəb binaları inşa olunur. Deməli, Göygöl rayonunun dörd kəndində yeni dərs ili təzə binalarda qarşılanacaq.

Bu günlərdə rayonda regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramının yerinə yetirilməsinin vəziyyəti araşdırılaraq müzakirə edildi. Qeyd olundu ki, nəzərdə tutulan tədbirlərin çoxu sistemli surətdə həyata keçirilir. Başqa sözlə desək, Göygöl əsl inkişaf yolundadır.

Qonaqsevər rayon əhalisi bütün bunlarla fəxr edir, səfalı təbiəti - mavi gölləri, gur şəlalələri, coşqun çayları sevən, isti havada sərinlik axtaran, ulu abidələrlə maraqlanan, genişmiqyaslı abadlığı və quruculuğu görmək istəyən hər kəsə ərklə, ürəklə səmimi qəlbdən deyirlər:

- Göygölə gəl, Göygölə!

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 2 sentyabr.- S.5.