Yarımçıq
ömrün hekayəti
Məhkəməsi 20 dəqiqə çəkdiE Bu sözlərə çox rast gəlmişik. XX əsrdə yaşayan, həyatının, yaradıcılığının çiçəklənən dövründə ötən əsrin 30-cu illərinin Stalin repressiyalarının qurbanı olan onlarla şair, yazıçı, alim, həkim və ziyalının tərcümeyi-halında həmin cümlə eynilə təkrar olunur. Bu insanların məhkəməsi ona görə belə qısa olurdu ki, əslində, dəlil-sübut üçün o qədər də çox söz yox idi. Uzun-uzadı istintaqlarda deyilənlər isə uydurma və böhtandan başqa bir şey deyildi.
Qeyri-adi fitri istedada, dərin elmi biliklərə malik olan görkəmli alim Bəkir Çobanzadənin də məhkəməsi 20 dəqiqə çəkib. Ömrü də qısa olub - cəmi 44 illik bir həyat yaşayıb. Amma ömür hekayəti xeyli uzundur...
Böyük şəxsiyyətlər, məşhur insanlar haqqında həmişə çoxlu rəvayətlər, hekayətlər yayılır. Qəribədir ki, eyni insan haqqında ayrı-ayrı şəxslərin danışdıqları çox vaxt bir-birinə bənzəyir. Bəzən də tamamilə təzad təşkil edən fikirlər söyləyir, hadisələr nəql edirlər. Həyatı haqqında ən çox hekayətlər danışılan, bəzi hallarda bir-birinin əksinə olan, hətta həqiqətə uyğun gəlməyən epizodlar söylənilən belə şəxsiyyətlərdən biri də Bəkir Çobanzadədir.
Lakin bu hekayətlər nə qədər çox olsa da, onların mərkəzində dayanan, böyük istedad sahibi olan alim Çobanzadənin yazıb-yaratdıqları, zəngin irsi aydın, şəffaf bir həqiqətdir. Şəxsiyyəti, amalı, əqidəsi də həmçinin bura daxildir. Və həmin həqiqətlərə tarix boyu heç bir qüvvə qaranlıq gətirə bilməz. Necə ki şər və böhtanla, dəhşət və vəhşətlə dolu 1937-ci illərin olayları bunu edə bilmədi, sadəcə, gücü çatmadı...
Ədəbiyyatşünas, şair, dilçi, mətnşünas olan bu alim genişmiqyaslı elmi və bədii yaradıcılıq fəaliyyəti göstərib. 1920-ci ildə 27 yaşında ikən filologiya elmləri doktoru elmi dərəcəsini qazanan, iki il sonra professor adına layiq görülən, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilən Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayətinin Simferopol qəzasının Qarasubazar şəhərində dünyaya göz açmışdı. O, ailəsi haqqında vaxtilə "Bakinski raboçi" qəzetində yazdığı məqalədə əsil-nəsilcə çoban oğlu olduğunu və özünün də 14 yaşınadək çobanlıq etdiyini göstərmişdi. Milliyyətcə Krım tatarı olan atası Vahab cəsur, qorxmaz və qoçaq olduğuna görə el arasında ona "Qurd Vahab" deyirlərmiş. Bu insanı bəzən "Əbdülvahab" da çağırırlarmış. Vahabın həyat yoldaşının adının mənbələrdə gah Zahidə, gah da Zibeydə olduğu göstərilir. Bu ailədə iki övlad böyüyüb - Bəkir və ondan 11 yaş kiçik olan bacısı Zəlixa (Züleyxa).
Çoban Vahab zirək, zəhmətkeş, çalışqan olsa da, maddi imkanı çox məhdud idi. Uşaqlarına Tanrı tərəfindən bolluca istedad payı verilsə də, ailə onları oxutdurmaq gücündə deyildi. Belə ki, Bəkir uşaq yaşlarında bir mollanın evində çalışırdı. Elə ilk savadını da burada qazanır: molladan ərəb dilini öyrənir. Sonra Quranı qiraət etməyə, Şərq klassiklərinin əsərlərini oxumağa başlayır. Kənddəki rüşdiyyə məktəbinə daxil olanda artıq onun xeyli biliyi vardı.
Məktəb illəri ilə bağlı xatirələrin birində yazılıb ki, imtahan vaxtı növbə Bəkirə çatanda müəllimi, şair Həsən Səbri onu irəli çıxmağa çağırır. Amma uşaq əynindəki yamaqlı geyimdən utandığı üçün yerindən tərpənmir. Bunu başa düşən müəllim Bəkirə yaxınlaşır. O isə elə bil bunu gözləyirmiş kimi, uca səslə dil-dil ötməyə başlayır:
- Nə istəyirsiniz, müəllim, soruşun. Sədidən, Hafizdən, Füzulidən sual verin, hamısını əzbər deyəcəyəm. Qurani-Kərimdən soruşun...
Həsən Səbri gülümsünüb köksünü ötürür və ona yaşına görə çətin sayılan suallar verir. Bir-birinin ardınca mürəkkəb sualları cavablandıran uşaq Həsən Səbrini təəccüb qoyur və o, həmkarını yanına çağıraraq deyir:
- İsmayıl bəy (İsmayıl Qaspiralı nəzərdə tutulur), sən Allah, bir baxın, burada bir dərya var!
Uşaqdan adını və soyadını soruşurlar. Adını deyir, amma soyadı olmadığı üçün duruxub qalır...
Yoldaşları onun kəndin qurdürəkli çobanının oğlu olduğunu söyləyirlər. Müəllimləri də belə qərara gəlirlər ki, onun soyadını "Çobanzadə" yazsınlar. Beləcə, o dövrün sayılıb seçilən maarifçiləri öz tərifləri ilə çoban Vahabın balaca oğlunun böyük bir dünyaya - elm, idrak, zəka dünyasına addımlamasına "vəsiqə" verirlər.
Kənddə ibtidai təhsilini başa çatdırdıqdan sonra dini Müsəlman Xeyriyyə Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyinə - "Sultaniyyə"yə oxumağa göndərir. O zaman Çobanzadə ilə bir yerdə İstanbulda təhsil alan İbrahim Hacıvəliyev xatirələrində yazır ki, Bəkir İstanbula məhsul yığımından sonra gəlmişdi. Bu zaman Sultaniyyəyə qəbul artıq başa çatmışdı. "Belə bir vəziyyətdə Bəkirin bir çıxış yolu qalırdı: maarif nazirinin yanına düşmək... Xeyli cəhd göstərəndən sonra o, nazirin qəbuluna yazılır və onunla görüşür. Görünür, bu gənc ona yaxşı təsir bağışladığı üçün nazir şəxsən özü göstəriş verir ki, onu Sultaniyyə Təhsil Mərkəzinə qəbul etsinlər" (N.Bədəlov, "El" jurnalı).
1908-1918-ci illərdə o, burada oxuyur. Tələbəlik
illərində ilk şeirlərini, "Anan harda?"
poemasını yazır. İstanbul Universiteti nəzdində
olan üçillik ali kursda ərəb və
fars dillərini öyrənir. Türkiyədə
"Müstəqil tatar Krımı" ideyaları ilə
yaşayan Tələbə Cəmiyyətinin
yaradıcılarından və rəhbərlərindən
olur. Həmin dövrdə gənc türklər hərəkatının
təsiri və "İttihad və Tərəqqi"
Partiyasının ideoloqlarının - Z.Göyalp, Ə.Hüseynzadə,
İ.Qaspiralı, F.Köprülzadə və başqa
ziyalıların türkləri siyasi mübarizəyə
qatılmaqdan daha çox maariflənmədə fəal
olmağa səsləyən çağırışları
o zaman İstanbulda Krım gənclərinin
yığıncaqlarında da geniş müzakirə olunurdu. Maariflənmə isə bir növ
turançılıq ideyası ilə təlimlənmə demək
idi.
Burada təhsilini başa vurduqdan sonra Çobanzadəni
həyat yolları Budapeştə aparır. Budapeşt Universitetinin
tarix-filologiya fakültəsində türk, ərəb və
macar filologiyası ilə yaxından tanış
olur, "Komanikus Məcəlləsində zahiri sinharmonik
uyğunsuzluq və türk dillərində tələffüz
qaydaları problemi" mövzusunda doktorluq dissertasiyası
müdafiə edir. Bu illərdə Türkiyə,
Krım, Orta Asiya və Rusiyanın dövri mətbuatlarında
müxtəlif imzalarla ictimai-siyasi, elmi məqalələrini dərc
etdirir. Sonralar "Türk ensiklopediyası"nda
Çoban oğlu, Bəkir Baybək, Bəkir Cavbək, Bəkir
Yaybək, Çoban oğlu Bəkir Sidqi imzaları ilə məqalələri
çap olunur. Macarıstanda təhsil
aldığı illərdə Çobanzadə sonralar
özünün də etiraf etdiyi kimi, həmin dövrdə
kommunistlərin tərəfində olur. 1919-1920-ci
illərdə o, maddi durumunu düzəltmək məqsədilə
Budapeştdəki Şərq Akademiyasında türk dili
müəllimi işləyir. Filologiya
doktoru adını alandan sonra dostu Cəfər Səidamətin
(İstanbulda Krım Tələbə Cəmiyyətinin sədri)
dəvəti ilə İsveçrəyə gedir. Bu səfər Bəkirin taleyində mühüm rol
oynayır. Bir müddət orada qalır və
İtaliyaya gedir. Oradan isə yenə də
İstanbula qayıdır.
Çobanzadə vətəninə, yəni Krıma
döndükdən sonra siyasi fəaliyyətlə məşğul
olmağa başlayır. Tədqiqatçıların
yazdıqlarına görə, 1917-ci ildə yaradılan və
qarşısına Krım-tatar milli demokratik respublikası
yaratmaq ideyasını qoyan milli firqənin (Xalq partiyası)
ideoloqu kimi çıxış edir (bəzi yazılarda həmin
partiyanın sədri olduğu göstərilir). Ümumiyyətlə, Krımda
yaşadığı müddətdə B.Çobanzadə
var gücü ilə xalqının müstəqilliyi, gənclərin
savadlı gələcəyi uğrunda çalışır.
Lakin bir müddətdən sonra onun firqəçilərlə
fikir ayrılığı meydana çıxır və
partiya həmkarlarından ayrılmalı olur. Artıq bu dövrdə bir neçə məsul
ictimai vəzifələrdə çalışır. Krım inqilabi komitəsinin rəisi, Krım Maarif
Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı
şöbəsinin müdiri (1920-1922) vəzifələrində
işləyir. Eyni zamanda, ali məktəblərdə,
elmi-tədqiqat institutlarında çalışır. Krım Universitetinin yaradılmasında böyük
rol oynayır. Həmin ali məktəbin
Şərq fakültəsinin professoru kimi Krım-tatar dili və
ədəbiyyatından mühazirələr oxuyur. Krım Universitetinin rektoru olur. Bu
dövrdə Krım Mərkəzi İcraiyyə Komitəsinin
üzvü kimi ictimai fəaliyyət də göstərir.
Varlı ailədən olan Dilarə adlı
qızla evlənir. Lakin bu izdivac uzun
sürmür.
Çobanzadənin sonrakı taleyi bilavasitə Azərbaycanla
bağlı olur. Bəs onun buraya gəlməsi necə
baş verir?
1922-ci il avqustun 11-də V.İ.Lenin Azərbaycan
MİK-in sədri S.İ.Ağamalıoğlunu və onu
müşayiət edən A.S.Enukidzeni qəbul edir. Görüşün səbəbi Azərbaycanda yeni
əlifbaya keçməklə bağlı idi. Nəriman
Nərimanov o zaman ərəb əlifbasından latın
qrafikasına keçilməsinin tərəfdarı idi. Beləliklə,
1923-cü il oktyabrın 20-də latın
qrafikasına keçmək barədə dekret imzalanır. Azərbaycanda əlifba islahatını həyata
keçirmək üçün milli ruhlu güclü bir
mütəxəssis və təşkilatçı gərək
idi. Elə bu zaman S.Ağamalıoğlu
xarici səfərlərindən birində gördüyü
B.Çobanzadəni xatırlayır. Çünki o,
alman, türk, macar, fransız, ərəb, fars, rus, Azərbaycan,
özbək, qazax, türkmən dillərini mükəmməl
bilirdi, sərbəst yazır və danışırdı.
Ağamalıoğlu cavan, lakin artıq özünü
təsdiq etmiş istedadlı alimi Bakıya dəvət edir. Çobanzadə
təklifi qəbul edir, çünki o bu zaman vətənində
məruz qaldığı təzyiqlərdən bezibmiş.
Lakin ağlına belə gətirmirdi ki, bu tale
onu izləyir. İllər keçəcək
və o, yenidən təqib və təzyiqlərə məruz
qalacaq, şərə-böhtana düşüb Stalinin
repressiya maşınında məhv ediləcək.
Bununla belə, Bakıda yaşadığı illər Bəkir
Çobanzadənin fəaliyyətinin ən qızğın
və məhsuldar dövrü olur. 1925-1937-ci illərdə
o, burada yaşayarkən özünün qeyri-adi
istedadını tam göstərib, tükənməz
potensialından lazımınca istifadə edə bilir.
Bunun üçün həddindən artıq genişsahəli
və son dərəcə zəhmətkeş olan bu
yaradıcı insanın həmin 12 il ərzində
tutduğu vəzifələri göstərmək kifayətdir.
O, 1924-1929-cu illərdə Azərbaycan Baş Elm İdarəsində
Terminologiya Komitəsinə rəhbərlik edir. Paralel
şəkildə ADU-nun şərqşünaslıq
fakültəsində kafedra müdiri və sonra dekan olur.
Ümumiyyətlə, 1920-1926-cı illərdə
onun gördüyü genişmiqyaslı, çoxsahəli
işləri nəzərdən keçirəndə bir nəfərin
bu qədər "yük"ü necə çəkdiyinə
təəccüb etməmək olmur. Bakıda
onu respublika rəhbərliyi, şəxsən Ruhulla Axundovun
özü himayə edirdi.
Belə
ki, bu dövrdə görkəmli alim B.Çobanzadə Azərbaycanda
Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası
Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin
edilmişdi. Orta Asiyada, Tatarıstanda, Bolqarıstan və
Krımda latın əlifbasına
keçidlə əlaqədar ciddi iş aparmışdı.
Eyni zamanda, Tavrida, Bakı, Daşkənd və Buxara ali məktəblərində türkologiyaya aid
mühazirələr oxumuşdu. Bir faktı da
qeyd edək ki, Bəkir Çobanzadə Azərbaycan
dilçiliyinin əsasını qoyan alimlərdən biri
olmuşdu.
Böyük Britaniya və Ərdəbil nüsxələri
əsasında Xətai divanının müqayisəli mətnini
də alim bu illərdə hazırlamışdı. 1926-cı ildə
Birinci Ümumittifaq Türkologiya qurultayının təşkilində
fəal iştirak etmişdi. Qeyd edək
ki, bu qurultay Azərbaycanda keçirilmiş və orada
dünyanın ən məşhur 24 türkoloq aliminin məruzəsi
dinlənilmişdi. Qurultay türk
dünyasının həyatında ən əhəmiyyətli
bir addım kimi səciyyələndirilmişdir.
Türk xalqlarının yeni əlifbaya keçməsi
uğrunda fəal mübarizə aparan alim 1928-ci ildə
Moskvada təlimatçı kurslarında mühazirələr
də oxumuşdu.
Maraqlıdır ki, Bəkir Çobanzadənin fəaliyyəti
təkcə Azərbaycandakı işlərindən ibarət
deyildi. Lakin o, bunların hamısını tənzimləyib
yerinə yetirə bilirdi. Məsələn,
1930-cu ildə onu Fərqanədə yaradılan Ali Pedaqoji
İnstitutda Özbək dili və ədəbiyyatı
kafedrasının müdiri vəzifəsinə dəvət
edirlər. 1935-ci ildə o, Daşkənd və
Buxara universitetlərində türk dillərinin problemləri
adlı xüsusi kurs keçir. Üçdilli
azərbaycanca-almanca-rusca lüğətini isə
Çobanzadə A.Tahirzadə və Vəli Xuluflu ilə
birlikdə işləyib hazırlayır.
Sovet Şərqində ilk professor və ilk dəfə
öz sahəsi üzrə universitet kurslarını işləyib
hazırlayan alim B.Çobanzadə Moskvada Şərq
Xalqları İnstitutunun həqiqi üzvü
seçilmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir.
1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan
şöbəsinin, 1935-ci ildə SSRİ EA Azərbaycan
filialının həqiqi üzvü seçilmişdi. Paris Dilçilik Cəmiyyətinin üzvü
olmuşdu. Avropanın bir sıra elm xadimləri
onun tədqiqatlarına istinad etmişlər. Nəzəri-filoloji
irsi zəngin və çoxcəhətli olan alimin sovet Şərqində
yaşayan türk xalqlarının bədii ədəbiyyatının,
müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqi
və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri
olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə
yanaşı, 1932-ci ildə "Türk dilinin
metodikası", "Elmi qramerin əsasları"
kitablarını digər müəlliflərlə birlikdə
tərtib etmişdir. Elmi məqalələri və
bədii əsərləri dövri mətbuatda müntəzəm
çap olunmuşdur. Çobanzadə bu
illərdə ikinci dəfə ailə həyatı
qurmuşdu. O, Bakı Opera Teatrının aktrisası
Ruqiyyə Abdulina ilə evlənmişdi.
Çobanzadəyə təzyiqlər 1930-cu ildə
başlandı. Onun əleyhinə "İnqilab və mədəniyyət"
jurnalında məqalələr çap olundu. Bu iş
sistematik olaraq kampaniya xarakteri aldı. Əslində
isə onun araşdırılmasına bir qədər də əvvəl
- 1928-ci ildə başlanmışdı. Lakin
heç bir tutarlı dəlil-sübutun tapılmaması bədxahlarını
daha da əsəbləşdirmişdi.
1931-ci ildə təzyiqlər lap çoxalır. İş o
yerə çatır ki, Krımda Çobanzadə ailəsindən
qalmış tək bir nümayəndəyə - alimin
bacısı Zəlixaya da təzyiqlər edirlər.
Zəlixa müəllimə idi. Simferopolda pedaqoji məktəbi
bitirmiş, sonra da Krımda ali təhsil
almışdı. 1933-cü ildə onu hətta
Qarasubazarda dərs dediyi məktəbdən qovurlar.
Çox çətinliklə bir kənddə özünə
iş tapır və həmişəlik orada qalıb müəllimlik
edir. Qardaşı kimi bu xanımın da taleyi
acınacaqlı və faciəli olmuşdu. 1940-cı ildə həyat yoldaşı
dünyasını dəyişmişdi. Müharibə
illərində isə üç övladını - iki
oğlunu və bir qızını itirmişdi.
Bəkir Çobanzadənin təqibi uzun çəkir. Nə az-nə çox - 7 il onu izləyir, şərləməyə can
atırlar. Nəhayət, 1935-ci ilin sonlarında
Azərbaycan SSR-in daxili işlər üzrə xalq
komissarı olan Sumbatov-Topuridze Moskvaya hesabat verir və
Çobanzadəni həbs etmək üçün heç
bir sübutun olmadığını bildirir.
Bədxahlarının əlləri hər yerdən
üzüldükdən sonra 1937-ci ildə Bəkir
Çobanzadənin Ruhulla Axundovla "dost"luğunu bəhanə
gətirirlər. Tədqiqatçıların yazdıqlarına görə
Çobanzadənin ehtimal olunan həmin dostunu Mircəfər
Bağırov öz taxt-tacına qısqanır, onu rəqibi
sanır və ətrafı ilə birlikdə aradan götürməyə
can atır. Axundovun yaxınları siyahısında
Çobanzadədən başqa, Əziz Qubaydullin, Vəli
Xuluflu, Hənəfi Zeynallı, Əli Kərimov, Ağakərim
Dadaşov, Qulam Bağırov, Xalid Səid Qocayev, A.Mahmudzadə,
Yaqub Zəki və başqaları da vardı. Həmin
adamların hamısı o dövrdə ya tutulmuş, ya da izlənilirdi.
Alimin
bioqrafiyasını araşdıranla
rın
bir çoxunun mülahizələrinə görə,
B.Çobanzadəyə qarşı ardıcıl
hücumların başlanması, onun elmi mövqeyinə tənqidlərin
artması, baxışlarını kökündən inkar edənlərin
sayının çoxalması müəyyən mənada Azərbaycanda
Ruhulla Axundovun vəziyyətinin pisləşməsi ilə əlaqədar
olmuşdu. Bir faktı da qeyd edək ki, Ruhulla Axundov respublika rəhbərliyindən
kənarlaşdırılıb SSRİ Akademiyasının Azərbaycan
filialının müdiri Meşaninovun müavini işlədiyi
dövrlərdə belə professor Çobanzadə ilə
dostluq və əməkdaşlıq münasibətlərini
qoruyub saxlamaqda, ona hər cür yardım göstərməkdə
davam edirdi. Əslində, istintaq
materiallarında (Ziya Bünyadov, "Qırmızı
terror") B.Çobanzadə Ruhulla Axundovun yaxını kimi də
dindirilmiş və bu, əsas ittihamlardan biri olmuşdur.
1935-ci ildən sonra Çobanzadə başı üzərindəki
təhlükənin sovuşduğunu güman edərək bir
qədər rahatlaşmışdı. Lakin 1937-ci il
yanvar ayının sonunda onu Kislovodskda, dincəldiyi
"Qornyak" ("Mədən fəhləsi")
sanatoriyasında həbs edirlər. Əvvəlcə
Pyatiqorsk həbsxanasında saxlanılır, sonra Bakıya gətirilir.
Çobanzadəni nədə ittiham edirdilər? Guya o,
1924-cü ildən sonra, yəni, Bakıda
yaşadığı dövrdə əks-inqilabi millətçi
fəaliyyətdə olub. Əvvəla, 1926-cı ildə
Krım "Milli firqəsi" Mərkəzi Komitəsi
adından Müsavat Partiyası Mərkəzi Komitəsi ilə
birgə iş barədə danışıqlar aparıb. İkincisi, Ruhulla Axundov guya Çobanzadə ilə
sovet hökumətinə qarşı blokda əks-inqilabi
trotskiçi təşkilatla birgə işin planları barədə
sövdələşiblər. Üçüncüsü
isə, demə, Çobanzadə özünün ədəbi
əsərlərində və mülahizələrində əks-inqilabçı
millətçi ideologiyanı geniş yayıb.
Qısası, bütün bunlardan çox-çox uzaq
olan alim Cinayət Məcəlləsinin 72-73-cü maddələrində
nəzərdə tutulan cinayətlərdə təqsirləndirilmişdi. Həbsə qərar
yanvarın 26-da verilmiş, iki gün sonra, yəni, ayın
28-də onu tutmuşdular.
Çobanzadənin
ilk istintaqı həmin il fevralın 7-9-da
keçirilir. Burada alimin hələ 1919-cu ildə
Macarıstanın "qızıl ordu"sunda xidmət
etdiyi, 1920-ci ildən 1924-cü ilədək Krım "Milli
firqə"sinin üzvü və katibi olduğu əsas gətirilir.
Halbuki son dövrün tədqiqatçıları,
xüsusilə, Krım-tatar alimlərinin yazdıqlarına
görə, Çobanzadə artıq 20-ci illərin əvvəllərində
Krımda sovet hökuməti bərqərar olan kimi siyasətdən
uzaqlaşır, buna görə də nə vaxtsa imperializmə
qarşı birgə mübarizə apardığı
yoldaşlarından ayrılır. Lakin
buradaca Çobanzadə ağır təzyiq və işgəncələr
altında əks-inqilabi millətçi fəaliyyət
apardığını boynuna alır. "Əks-inqilabi
mövqedə duran, əks-inqilabi əlaqədə
olduğunuz şəxslərin familiyalarını deyin"
söyləniləndə alim yaxından
tanıdığı, sovet quruluşuna, ədəbiyyatına,
incəsənətinə, elminə sədaqətlə xidmət
edən, sonradan isə kimlərinsə xoşuna gəlmədiyi
üçün həmin quruluşun "düşmən"lərinə
çevrilən görkəmli şəxsiyyətlərdən
Həsən İmanovun, Vəli Xuluflunun, Yusif Əliyevin, Əli
Nazimin və başqalarının adlarını çəkir.
Fevralın
14-də Çobanzadənin verdiyi bu əks-inqilabçıların
və pantürkistlərin siyahısı bir az
da "zənginləşir".
Fevralın 16-dakı istintaq mədəniyyət cəbhəsi
işçiləri arasında aparılan əks-inqilabi millətçi
fəaliyyətin açıqlanmasına həsr olunur. Çobanzadəyə
bu məqsədlə "Sizin əks-inqilabi millətçi fəaliyyətiniz
nədən ibarət idi?" sualını verirlər.
O da bu fəaliyyətin əks-inqilabi milli təbliğat
aparmaq, pantürkizmi geniş yaymaqdan ibarət olduğunu
söyləyir. Həmçinin bildirir ki, məqsədi
əks-inqilabi millətçi azərbaycanlı
ziyalıların sovetlərə qarşı mövqelərini
möhkəmləndirmək və öz elmi əsərində
əks-inqilabi milli ideyaları irəli sürmək olub.
Repressiya maşınına daha çox ziyalını, xalq
üçün, gələcək üçün
lazımlı insanı cəlb etmək və təbii ki,
istintaq olunanın cəzasını artırmaq məqsədilə
ondan yenə də soruşurlar: "Siz daha kimlərlə əlaqədə
idiniz?". Çobanzadə bu dəfə
alimlərdən Salman Mümtazın, ATİ-nin dosenti Yaqub Zəkinin,
həkim Ələkbər Adıgözəlovun, xalq səhiyyə
komissarlığının işçisi Reved Şirinskinin və
neçə-neçə başqalarının
adlarını çəkir. Sonra Şimali
Qafqazda, SSRİ-nin digər yerlərində yaşayan
insanlardan tanıdıqlarının adlarını verir.
Hansı şərtlər altında, o da məlumdur?!
Akademik Ziya Bünyadov "Qırmızı
terror" kitabında yazırdı ki, həbs olunanlara
müxtəlif metodlarla işgəncələr edilir və
onlar ağıllarını itirmək dərəcəsinə
gəlirdilər. Müstəntiqlər
hansı siyahını, hansı arayışı qarşılarına
qoyurdularsa, oraya da imza atırdılar.
Ona görə də Bəkir Çobanzadə türklərlə
əlaqə saxladığını, onların məlumatçısı
və Bakıda Türkiyə konsulu ilə tez-tez
görüşdüyünü də "etiraf edir". Bu, fevralın
17-19-da baş verir. Martın 3-5-də isə alim
açıqca deyir: "Həbs olunan günədək mən
əks-inqilabi millətçi mövqeyində durmuşam və
SSRİ-dən ayrılmaq şərti ilə türk-tatar
xalqlarının vahid müstəqil dövlət halında
birləşməsi (Vahid Turan dövləti) məqsədini
qarşıya qoymuşam". Çobanzadə
1930-cu ildə əks-inqilabi qrup yaratdıqlarını və
onun iki hissədən - azərbaycanlı ziyalılardan və
Krım tatar tələbələrindən ibarət
olduğunu da söyləyir.
Mart ayında bir-birinin ardınca altı istintaq
Çobanzadənin Krımdakı fəaliyyətinə həsr
olunur. Nəhayət, aprelin 17-20-də o, "tam boynuna
alır" ki, Azərbaycanda əks-inqilabi işlərlə
məşğul olub və burada Ruhulla Axundovun rəhbərliyi
ilə millətçi təşkilatın mövcudluğunu
"təsdiqləyir".
Aprelin sonrakı günlərində respublikanın
rayonlarında, o cümlədən Qazax-Gəncə bölgələrində
təşkilata cəlb olunmuş insanların adları
araşdırılır. Belə ki aprelin 23-25-də
istintaq zamanı Çobanzadədən "Azərbaycanın
rayonlarında silahlı üsyana hazırlıqla bağlı
təşkilat tərəfindən praktiki olaraq nə kimi
işlər görülmüşdür?" - deyə soruşurlar.
İyunun 13-də müstəntiq respublikada baş verəcək
dövlət çevrilişinin təfsilatını
"öyrənir". Çobanzadə, bu hadisə həqiqətə
çevrildiyi halda, M.C.Bağırovun aradan götürüləcəyini
və onun yerinə Hüseyn Rəhmanovun sahib
olacağını "açıqlayır".
Düşünmək olardı ki, artıq ən
böyük sirr "açılıb" və daha
Çobanzadənin sorğu-suala tutulması bitəcək. Lakin istintaq
bitib-tükənmək bilmirdi. On iki
gün sonra Çobanzadə Sovet İttifaqında gizli şəkildə
fəaliyyət göstərən əks-inqilabi millətçi
pantürkist təşkilat haqqında daha ətraflı
danışmağa məcbur edilir. Suallara
cavab verərkən müttəhim təşkilatın 10 nəfər
üzvünün adını çəkir. Burada
Rusiyanın, Özbəkistanın, Dağıstanın bir
sıra ziyalı və yüksək vəzifə tutan vətəndaşları
ilə yanaşı, Azərbaycan SSR MİK sədri S.Əfəndiyevin,
xalq maarif komissarı Mustafa Quliyevin, ZSFSR xalq torpaq komissarı
Dadaş Bünyadzadənin də adları hallanır.
Vurğulanır ki, Moskvada, Leninqradda (Sankt-Peterburq), Samarada, Həştərxanda,
Donbasda və hətta Sibirdə pantürkist təşkilatları
var. Bu qədər adların, bu qədər məlumatın
bir adam tərəfindən, özü də
müfəssəl şəkildə verildiyi təbii ki, hər
kəsdə təəccüb doğururdu. Həmişə
yüksək vəzifələrdə olmuş, müxtəlif
sahələrə rəhbərlik etmiş bu insanlar nə
üçün öz firavan yaşayışlarına bais
olmalı, kimlərisə ittiham etməli idilər?!
Növbəti istintaqda isə müttəhim sovet
hökumətinə qarşı mübarizə aparan həmin
pantürkist təşkilatlar arasındakı əlaqələr
haqqında suallara "cavab verməli olur". "Əks-inqilabçı
ittihadçı təşkilat"ın adı çəkilir
və onun tərkibinə daxil olan şəxslər
sadalanır. İyulun 5-9-da keçirilən
bu istintaqdan sonra müstəntiq Çobanzadəni növbəti
dəfə həmin ayın 13-14-də sorğu-suala tutur.
Müttəhim leninqradlı alimlərin fəaliyyəti
barədə danışmalı olur.
İyul ayında daha dörd dəfə (16-17-də,
20-21-də, 27-də, 28-29-da) istintaq aparılır. Müttəhimdən
Dağıstandakı təşkilat, Azərbaycandakı
müsavatçılar, ittihadçılar və milli təmayülçülər
bloku haqqında "ifadələr alırlar".
Ağlagəlməz işgəncələr altında
Çobanzadə elm sahəsində aparılan əks-inqilabi
iş barədə də "məlumat verir".
Avqust ayının 2-də və 25-də aparılan
istintaqlarda "SSRİ əleyhinə gedən" daha
neçə-neçə günahsız insanın adı
aşkarlanır.
1937-ci il sentyabrın 1-də Bəkir Çobanzadə
sonuncu dəfə (o, bu müddətdə 32 dəfə
dindirilmişdi) istintaq edilir. Burada o etiraf edir ki,
verilən ittihamlarla bağlı günahkardır. Növbəti gün isə Çobanzadəyə
verilən əlavə ittihamlar üzrə qərar
çıxarılır. Beləliklə, guya
Çobanzadənin praktik olaraq özünün əks-inqilabi
fəaliyyətində SSRİ-yə qarşı silahlı
üsyana hazırlıqla bağlı fəal iş
apardığı, xarici dövlətlərin kəşfiyyat
orqanları ilə əlaqədə olduğu və onlara
öz ölkəsi barədə vaxtaşırı məlumatlar
verdiyi, Sovetlər İttifaqına
qarşı üsyan qaldırılacağı halda terror
mövqeyində dayanacağı yəqin edilmişdi. O, Azərbaycan
SSR Cinayət Məcəlləsinin 21-64, 68, 70-ci maddələrində
nəzərdə tutulmuş cinayətlərdə təqsirləndirilmişdi.
Elə sentyabrın 2-də də Cinayət Məcəlləsinin
64, 69-1, 70 və 73-cü maddələrində nəzərdə
tutulan cinayətlərdə B.V.Çobanzadənin təqsirləndirilməsi
ilə bağlı sonuncu ittihamnamə tərtib olunmuşdu.
Sentyabrın
21-də Çobanzadə respublikanın xalq daxili işlər
komissarı Sumbatov-Topuridzenin adına ərizə
yazır. Bu ərizədə özünün əks-inqilabi
millətçi fəaliyyətini vurğulayır və
xahiş edir ki, elmdə qazandığı nailiyyətləri
nəzərə alaraq onu bağışlasınlar.
Tarixin öz səhifələrində qoruyub
saxladığı bu məktubun çox maraqlı məzmunu
var. Belə ki Çobanzadə yazıb: "Mən öz
ixtisasım üzrə sovet Şərqinin ilk professoruyam, bu
ada sovet hökuməti tərəfindən layiq
görülmüşəm və bu ölkədə ilk dəfə
ana dilində mühazirə oxumuşam.
Bütün elmi fəaliyyətim dövründə təxminən
150 elmi əsər yazmışam. Onların 100-ü Azərbaycan
dili və ədəbiyyatı problemlərinin elmi əsaslarına
həsr edilmişdir. (Məqalələr
Azərbaycan dilində yazılmışdı).
Yüzlərlə dilçi və ədəbiyyatşünas,
mütəxəssis hazırlamışam.
Şanlı Kommunist Partiyası və Sovet hökumətindən xahiş edirəm ki, mənə öz ixtisasım üzrə işləməyim və Sovet İttifaqının qüdrətinin daha da artırılmasında, habelə hər cür əks-inqilabi millətçilərin ifşa olunmasında iştirak etmək üçün imkan yaradasınız". Çox güman ki, bu mətn də müstəntiq tərəfindən diktə edilmişdir. Çünki professor onun əfv olunmayacağını çox gözəl bilirdi.
1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının bağlı məhkəmə iclası oldu. İclas saat 11.20 dəqiqədə başlandı, saat 11.40-da sona çatdı. Müttəhim son sözündə yenə də güzəşt istədi. Lakin bütün bunlara məhəl qoyulmadan oktyabrın 12-də Çobanzadə güllələnməyə məhkum edildi. Bu ən ağır cəzanın növbəti gün icra olunduğu barədə məhkumun işinə arayış da tikilib.
1954-cü ilin fevral ayında və təkrarən bir il bundan sonra Çobanzadənin həyat yoldaşı Ruqiyyə xanım onun işinə yenidən baxılmasını xahiş edir. Lakin Çobanzadənin vətən xaini olmadığı barədə işin xətm edilməsi ilə bağlı SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası gec qərar çıxarır - 1957-ci il iyunun 6-da...
Bununla da, qeyri-adi istedad sahibi olan B.Çobanzadənin hekayəti beləcə bitir. Azərbaycan xalqı və bütün türk xalqları görkəmli alim, günahsız ikən cinayətkar sayılmış insan haqqında bu hekayəti unutmur və unutmamalıdır.
İradə ƏLİYEVA
Azərbaycan.-
2012.- 2 sentyabr.- S.6.