Taxılçılığa
elmi yanaşma uğurları artırır
Bunun nəticəsində
Qobustanda adambaşına 1,4 ton taxıl
istehsal edilib
Çoxlarının,
özəlliklə də ömrünü-gününü
torpağa, halal zəhmətə bağlayanların
yaxşı yadında qalmış olar. 1998-ci ildəki
müşavirələrin birində kənd təsərrüfatının
inkişafı ilə bağlı
çıxışında Azərbaycan torpağının
bərəkətindən söz açan ulu öndər Heydər
Əliyev üzünü kənd təsərrüfatı məhsulları
istehsalçılarına tutaraq demişdi:
"Torpağın dilini yaxşı öyrənsəniz, həm
özünüz yaxşı dolanarsınız, həm də
xalqımıza, ölkəmizə fayda verərsiniz".
Ötən illərin təcrübəsi
bir daha sübut edib ki, torpağın dilini, xasiyyətini
öyrənmədən böyük fayda götürməkdən,
mənfəət qazanmaqdan söhbət gedə bilməz.
Torpağın gücdən düşməməsi, həmişə
zəhmət adamının könlünü sevindirməsi
üçün artıq "dədə-baba
üsulları" da (sadəcə, əkmək, səpmək
və biçmək) yetərli sayılmır. İndi
torpağa qulluq mütləq elmi əsaslarla yanaşma tələb
edir. Şumlamadan, səpindən tutmuş, becərməyə,
aqrotexniki xidmətə, ziyanvericilərə qarşı
mübarizəyə qədər hər şey elmi əsaslara
söykənməlidir ki, yüksək məhsuldarlığa
nail olunsun.
Bu gün birmənalı şəkildə
demək olar ki, ölkəmizdə kənd təsərrüfatı
məhsulları istehsalçılarının daha səmərəli
fəaliyyət göstərmələri üçün hər
cür şərait yaradılıb. Bu şəraitdən Qobustan
rayonunun kənd təsərrüfatı ilə məşğul
olan fermerləri də maksimum səviyyədə bəhrələnməyə
çalışırlar.
Ölkənin aqrar rayonlarından olan
Qobustanda ümumi məhsul buraxılışının 60
faizdən çoxu kənd təsərrüfatının
payına düşür. Rayonda 34 min hektar əkinəyararlı
sahə mövcuddur, lakin bütün sahələr dəmyə
torpaqlardır. Bu baxımdan, burada taxıl istehsalı ilə
məşğul olmaq daha çox zəhmət, bilik və
bacarıq tələb edir. Düzdür, Qobustanda uzun illər
taxılçılıqla məşğul olublar, ancaq
taxıl istehsalı həmişə təkcə ekstensiv
metodlara əsaslanıb. Bu isə yüksək məhsuldarlığın
qazanılmasına tam zəmin yaratmayıb.
Kənd təsərrüfatı sahəsində
böyük təcrübəyə malik RİH
başçısı Adil Məmmədov Qobustanda fəaliyyətə
başlayanda ilk öncə diqqəti bu məqama yönəltdi:
taxılçılığa tam elmi əsaslarla
yanaşmalı, növbəli əkin sisteminin tətbiqinə
nail olunmalı və səpin üçün yalnız
yüksək məhsuldarlığa malik taxıl
sortlarından istifadə etməli. Bütün bunlardan əlavə,
torpağın münbitliyinin artırılması
üçün aqrotexniki qaydalara düzgün əməl
edilsə, hər hektardan orta məhsuldarlığı 22-25
sentnerə çatdırmaq və rayon üzrə 55-60 min ton
taxıl istehsal etmək mümkündür.
Qobustan taxılçıları məhz
bu istiqaməti özlərinə prioritet seçdilər.
Keyfiyyətli şum çıxarılması, əkin
materiallarının düzgün seçilməsi, ziyanvericilərə
qarşı kompleks mübarizə, yemləmə gübrələrindən
normal istifadə, biçin kampaniyasına vaxtında
başlanılması və başa
çatdırılması, eləcə də digər məsələlərlə
bağlı fermerlərlə maarifləndirmə işləri
və müzakirələr aparıldı. Nəhayət, həyata
keçirilən tədbirlər öz müsbət nəticəsini
bu il daha bariz şəkildə göstərdi. 2012-ci ildə
rayon üzrə 18841 hektar buğda, 9816 hektar arpa olmaqla, 28657
hektar sahədə əkilmiş taxıl sahəsindən 57610
ton taxıl istehsal olundu. Bu isə rayon üzrə
adambaşına 1,4 ton taxıl istehsalı deməkdir. Əldə
olunan məhsulun 38726 tonu buğda, 18884 tonu arpadır. Bu da
Qobustanın əkinçilik tarixində rekord göstəricidir.
Məhsul istehsalı ötən ilə nisbətən 42,5
faiz, rayonun taxılçılığı üçün
əlverişli il olmuş 2009-cu illə müqayisədə
isə 31,5 faiz çoxdur.
Rayonda fəaliyyət göstərən
Bölgə Təcrübə Stansiyası taxıl
istehsalında daha çox fərqlənib. Stansiyanın
kollektivi 200 hektar taxıl sahəsindən 557 ton məhsul
götürərək orta məhsuldarlığı 25,3
sentnerə çatdırıb. Kənd Təsərrüfatı
Nazirliyindən də dəfələrlə bu təcrübə
stansiyasında taxıl istehsalının inkişafı ilə
əlaqədar həyata keçirilən tədbirlərlə
ətraflı maraqlanıblar. Rayonun Sündü, Bədəlli,
Xilmilli və Poladlı kəndlərində məhsuldarlıq
20,5-20,7 sentner olub.
"2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı"nda
2015-ci ilə qədər ölkə üzrə dənli
bitkilərin əkin sahələrinin 900 min hektara, hər
hektarın orta məhsuldarlığının 32 sentnerə,
ümumi istehsalın 2,8 milyon tona çatdırılması əsas
hədəf olaraq müəyyən edilib. Mütəxəssislər
bildirirlər ki, bu hədəfə çatmaq
üçün Azərbaycanda bütün imkanlar
mövcuddur. Qədim taxılçılıq ənənələrinə
malik Qobustan rayonunda da müxtəlif səbəblərdən əkin
dövriyyəsindən kənarda qalmış torpaqlar istifadəyə
qaytarılır və ya heç istifadə olunmamış
torpaqlar əkinəyararlı hala salınır. Bu isə məhsul
istehsalının artırılmasında mühüm əhəmiyyət
kəsb edir.
Qobustanlılar hesab edirlər ki,
qazanılan uğurlar rayon üçün son hədd deyil.
İşgüzarlığı artırmaqla, əkinçilikdə
və becərmədə elmi yanaşmanın miqyasını
genişləndirməklə, həmçinin tələb
olunan digər tədbirləri düzgün həyata
keçirməklə daha böyük uğurlara nail olmaq
mümkündür.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 1 sentyabr.- S.6.