Yollar yenidən qurulur

 

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri bölgənin avtomobil yolları təsərrüfatından da yan keçməyib. Muxtar respublikanın yollarının bir çoxu yenidən qurulur, əsaslı təmir olunur. Bu layihələrin uğurla həyata keçirilməsi diqqət mərkəzindədir.

 

Ötən ilin oktyabr ayından etibarən Kəngərli rayonunun bir neçə kəndini əhatə edən yerli əhəmiyyətli yolun yenidən qurulmasına başlanılıb. Prezident İlham Əliyevin 2011-ci il sentyabrın 2-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq, Culfa rayonunun Əlincəçay vadisi boyunca yerləşən 25 min nəfər əhalinin yaşadığı 20 kəndi əhatə edən 57,6 kilometrlik yolla bərabər Kəngərli rayonunda 12 min əhalinin yaşadığı 5 kəndi əhatə edən 39,2 kilometrlik yolda da yenidənqurma işləri görülür.

Naxçıvan-Sədərək magistralı - Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu kəndlərini, Qıvraq qəsəbəsini və yenidən Naxçıvan-Sədərək magistralını birləşdirəcək dairəvi yolun yenidən qurulması üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb. Yolun inşası muxtar respublikada böyük layihələrin həyata keçirilməsində pay sahibi olan "Gəmiqaya" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb. "Gəmiqaya" MMC muxtar respublikanın yol infrastrukturunun yenilənməsində böyük işlərə imza atıb. Bu tədbirlərə bir neçə il bundan əvvəl istifadəyə verilən Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək yolunun bir hissəsi sayılan Naxçıvan-Sədərək magistral xətti, həmin yolun ikinci hissəsi kimi Naxçıvan-Culfa yolu da daxildir.

"Gəmiqaya" şirkətinin  maddi-texniki baza baxımından imkanları genişdir. Qeyd olunan yolun tikintisində 40-dan çox müasir tipli texnika - ekskavator, buldozer, yükləyici, qreyder, ağırtonnajlı avtomaşınlardan istifadə olunur. Növbəti yolun bərpası istiqamətində görülən işlərin də böyük hissəsi yekunlaşıb. Köhnə asfalt örtüyü götürülüb, yol yatağı genişləndirilib, torpaq işləri görülüb.

Yol yatağının genişləndirilməsi istiqamətində diqqəti çəkən əsas məqamlardan biriyolun relyef hissəsində düzlüyün alınması, uzaqdangörmə məsafəsinin yaxşılaşdırılmasıdır. Bunun üçün bir çox ərazilərdə xüsusi texnikanın gücündən istifadə edilərək təpələr yarılır və yolun ümumi səviyyəsinə uyğunlaşdırılır.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov deyir ki, istismar müddətini başa vurmuş yolun eni genişləndirilərək 12, bəzi yerlərdə hətta 14 metrə çatdırılıb. 8 metr enində asfalt örtüyü salınacaq yol istifadəçilərinin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.  İndiyədək isə 5 metri asfalt olmaqla, 8 metrlik yol avtomobillərin hərəkəti üçün maneələr və təhlükələr yaradırdı.

Yolun hər iki istiqamətində asfalt örtük salınmayan "təhlükəsiz zona"  nəzərdə tutulub ki, bu ərazi əsasən yolda hərəkətin tənzimlənməsinə mane olan gözlənilməz halların aradan qaldırılmasında sürücülərin işinə yarıyacaq. S.Həsənov onu da bildirdi ki, yolun asfaltlanması qarşıdakı aylarda son tamamlama işlərindən sonra həyata keçiriləcək.

Avtomobil xəttinin kənd yaşayış məskənlərindən ötən hissəsində də infrastruktur tədbirlər görülür. Bu işə Kəngərli Rayon Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları da cəlb olunublar. Hazırda yolun yaşayış məntəqələrindən keçən hissələrində həyətyanı torpaq sahələri ilə yol arasında divarlar hörülür. Təzəkənd, ÇalxanqalaQarabağlar kəndlərində artıq bu yekunlaşmaq üzrədir. İki metr hündürlüyündə olan divarlara hər 6 metrdən bir beton istinadlar verilir. Əlavə olaraq piyadaların rahat gediş-gəlişi üçün müəyyən işlər görülür.

Beynəlxalq standartlar əsasında yenidən qurulan yol öz keyfiyyət amilinə görə seçiləcək. Həmçinin Naxçıvanda həyata keçirilən yol inşası tədbirləri sayəsində yollar abadlaşaraq dünya standartları səviyyəsinə çatacaq. Nəticədə isə 12 min nəfər əhalinin yaşadığı 5 kənd, həmçinin yolu Təzəkənddən keçən Xıncab əhalisi bu yoldan yararlana biləcək.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 1 sentyabr.- S.6.