AFƏRİN, «NEFTÇİ»!
Azərbaycan klubu ilk dəfə
avrokubokların qrup mərhələsində
çıxış edəcək
Adamın hələ də
inanmağı gəlmir. Sanki möcüzə baş
vermişdir. Heç kim Azərbaycan klublarından, o cümlədən
"Neftçi"dən belə bir zəfər gözləmirdi.
Doğrudur, futbol hər cür nəticəyə
açıqdır, bu oyunda sürprizlər heç kimi təəccübləndirmir.
Amma o da həqiqətdir ki, futbol kağız üzərində
yox, meydanda oynanır, heç bir komandaya qələbə
sinidə gətirilmir. "Neftçi" də oynadı və
qazandı!
"Neftçi"
Kipr torpağında, sözün həqiqi mənasında,
tarix yazdı. Komandamız böyük uğura imza atdı.
APOEL elə- belə rəqib deyildi. Kiçik bir ölkənin
klubunun qitə səviyyəli turnirlərdə göstərdiyi
nəticələrə qibtə etməmək olmur. "Neftçi" ilə srağagünkü
görüşədək Kipr təmsilçisi avrokuboklarda
136 matç keçirmiş, 45 qələbə
qazanmış, 60 dəfə məğlub olmuş, 31 dəfə meydandan
heç-heçə ilə ayrılmış, 167 qol
vurmuş, 226 qol buraxmışdı. Ötən mövsüm
növbəti dəfə UEFA Çempionlar Liqasının
qrup mərhələsinə vəsiqə qazanan APOEL-in
Avropanın güclü komandaların başına
açdığı "oyun"lar, yəqin ki, futbolsevərlərin
yadındadır. "Portu" (Portuqaliya), "Zenit"
(Rusiya), "Şaxtyor" (Ukrayna) kimi adlı-sanlı rəqiblərini
geridə qoyaraq qrupunu lider kimi tamamlayan kiprlilər 1/8 finalda
"Lion"la (Fransa) qarşılaşdı və bu səddi
də keçdilər. 1/4 finalda isə rəqib heç kim yox,
Madrid "Real"ı idi. APOEL-in belə bir
futbol nəhəngini məğlub etməsi ağlabatan deyildi.
Kiprlilər bu mərhələdə mübarizəni
dayandırsalar da, artıq turnirdə sözlərini
demişdilər.
Bu cür təcrübəli və formada olan
komanda ilə qarşılaşmağı nəinki
"Neftçi", heç təmsilçimizdən qat-qat
güclü klublar da arzulamazdı. Ancaq nə etmək olar, rəqibi püşk müəyyənləşdirir.
Amma onu da nəzərə almaq lazımdır ki, UEFA Avropa
Liqasının təsnifat mərhələsinin son turuna gəlib
çıxmaq da asan iş deyil. İndiyədək
klublarımızdan yalnız "Qarabağ" və
"Bakı" 2009/2010 mövsümündə belə bir nəticə
göstərmişdi. O vaxt təmsilçilərimizin qrup mərhələsinə
gedən yolunu Hollandiyanın "Tvente" və
İsveçrənin "Bazel" komandaları kəsmişdi.
Klublarımızdan avroliqanın qrup mərhələsinə
düşmək üçün üçüncü cəhdi
isə "Neftçi" etdi və bu dəfə
alındı! Özü də 3:1 hesablı möhtəşəm
qələbə ilə! Özü də rəqib
meydanında qalib gəlməklə! İndi dost da,
düşmən də etiraf edir ki, "Neftçi"lər
bu qələbəyə layiq idilər - nə təsadüfdən
danışan var, nə başqa səbəblər axtaran.
Ümumiyyətlə,
"Neftçi"nin avrokuboklarda builki
çıxışları diqqətəlayiqdir. Ölkə
çempionu kimi UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə
qatılan "Neftçi" ilk raundda "Zestafoni"
(Gürcüstan) ilə qarşılaşdı. İlk
matçı evdə keçirən bakılılar rəqibi
darmadağın etdilər - 3:0. Cavab görüşündə
isə qalib müəyyənləşmədi - 2:2. Etiraf etmək
lazımdır ki, gürcü futbolu heç vaxt bizimkindən
zəif olmamışdır, elə indi də zəif deyil. Sadəcə
olaraq, Bakı klubu güclü idi. Görünür,
"Neftçi" "Zestafoni"ni mübarizədən kənarlaşdırmaqla
"gizli plan"ını gerçəkləşdirirmiş...
Növbəti raundda bakılılar "Hapoel Kryat
Şmona" (İsrail) ilə üz-üzə gəldilər.
Elə bir oyun üstünlüyü olmayan İsrail
çempionu evində keçirdiyi ilk matçda "Neftçi"nin
pley-off mərhələsinə
çıxmaq şansının üstündən xətt
çəkdi. Qapısından dörd cavabsız top buraxan
"Neftçi"lərin cavab görüşündə də
bir şey edə bilmədi və oyunu heç-heçə
(2:2) ilə başa vuraraq Çempionlar Liqasına "əlvida"
dedi.
Qaydalara görə, "Neftçi"
bundan sonra mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində
davam etdirməli idi. Bu turnirdə qruplara düşmək
üçün cəmi bir maneəni keçmək lazım
idi. Rəqib - APOEL isə İsrail klubu ilə müqayisə
edilməyəcək dərəcədə güclü və
təcrübəli idi.
İlk görüş Bakıda
keçirildi. "Neftçi" pis oynamadı. Hesabı da
komandamız açdı. Amma qələbəni qoruyub saxlamaq
mümkün olmadı; müdafiəçilərin bir
anlığa sayıqlığı itirməsi
"Neftçi"yə baha başa gəldi. Oyunun
gedişini dəyişdirmək üçün göstərilən
səylər də nəticəsiz qaldı. Rəqib hesabı
qoruyub saxlamağı bacardı.
Cavab görüşünün çətin
keçəcəyi şübhə doğurmurdu. Rəqib
Bakıda münasib nəticə əldə etmişdi, həm
də qol vurmuşdu. "Neftçi"lərin vəziyyəti
həqiqətən ağır idi: Nikosiyada mütləq qalib
gəlməli, ya da bol qollu heç-heçəyə (2:2,
3:3...) nail olmalı. Bu məqsədə çatmaq isə
APOEL kimi rəqib qarşısında ağlabatan
görünmürdü. Odur ki, futbol mütəxəssisləri
(özü də təkcə onlarmı?) cavab
matçının formal xarakter daşıyacağına,
"Neftçi"nin adadan əliboş
qayıdacağına şübhə etmirdilər.
"Neftçi" isə saydığını
sayırdı...
Matç televiziya ilə
yayımlanmırdı. Yerli telekanallardan heç biri oyuna maraq
göstərməmişdi. Onları o qədər də
qınamaq olmur; axı kim "Neftçi"nin uğuruna
inanırdı ki, onlar da inansınlar? Haradan biləydilər
ki, "Neftçi"lər heç kimin bəslənmədiyi
ümidləri doğruldacaqlar?
Hamı internet saytlarına
"sarılmışdı". Hesab 22-ci dəqiqədə
açılır: "Neftçi"nin gənc oyunçusu
Cavid İmamverdiyev komandasını irəli
çıxarır. 8 dəqiqə sonra hesab dəyişir -
Vobay ikinci topu ev sahiblərinin qapısından keçirir.
Fasiləyə bir dəqiqə qalmış APOEL-in tunisli
legioneri Səlim Ben Aşur hesabda fərqi minimuma endirir.
İkinci hissə başlayır. Kiprli
futbolçuların matçda dönüş
yaradacağını gözləyirik. 15 dəqiqə
keçir və... başqa cür dönüşün
şahidi oluruq: "Neftçi" Flavinyonun qolu ilə ev
sahiblərini əməlli-başlı şoka salır.
Onların nə hala düşdüklərini təsəvvür
etmək çətin deyil. 83-cü dəqiqədə Elvin
Yunuszadə "qırmızı vərəqə"
alır və "Neftçi" azlıqda qalır. Bu da
APOEL-ə kömək etmir: hesab dəyişmir ki, dəyişmir.
Kiprlilər Azərbaycan komandasına boyun əymək məcburiyyətində
qalırlar. "Neftçi" təbrikləri qəbul
edir...
Beləcə, futbolumuzun tarixində yeni səhifə
açılır. Bu səhifəni yazan futbolçular, məşqçilər,
klub idarəçiləri hər cür tərifə layiqdirlər.
Eşq olsun!
Dünən Avropa Liqasının qrup mərhələsinin
püşkü atılmışdır. Püşkün nəticələrinə
görə, "Neftçi"
"İnter" (İtaliya), "Rubin" (Rusiya) və
"Partizan" (Serbiya) ilə bir qrupa düşmüşdür.
Komandamızı bir-birindən maraqlı matçlar gözləyir.
Məhz maraqlı! Çünki ilk dəfə
klublarımızdan biri bu cür mötəbər turnirə
qatılır. İlk dəfə "Neftçi" qitənin
güclü klubları ilə qarşılaşacaq. Futbolsevərlər
Bakıda bu klubların matçlarını izləmək
imkanı əldə edəcəklər.
"Neftçi"nin qarşıdakı görüşlərdə
hansı nəticələr göstərəcəyinin elə
bir əhəmiyyəti yoxdur. Bu turnirə qatılmağın
özü hələlik bəsimizdir!
Allahverdi
MEHDİYEV
Azərbaycan.- 2012.- 1 sentyabr.- S.8.