Prezident
İlham Əliyev ABŞ-ın Azərbaycanda
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 3-də Amerika Birləşmiş
Ştatlarının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Riçard Morninqstarın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Birləşmiş Ştatların səfiri
Riçard Morninqstar etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Riçard Morninqstar ilk
dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə ölkəmizdə
qarşılıqlı mübadilə proqramları çərçivəsində
həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil
olunan konfransda
xanımı ilə iştirak etdiyini və xalqımızın ümummilli lideri Heydər
Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərini
məmnunluqla xatırladı.
Dövlətimizin
başçısı Riçard
Morninqstarı Azərbaycanda görməyindən məmnunluğunu
ifadə etdi. Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş
Ştatları arasında ikitərəfli əlaqələrin
uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Riçard Morninqstara son 20 ildə münasibətlərimizin
yaxınlaşmasına və eləcə də ölkəmizin
iqtisadi inkişafına verdiyi
töhfəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin
başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması
istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Riçard Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə
ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə
əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.-
2012.- 4 sentyabr.- S.2.