Azərbaycan gəncləri ABŞ Prezidentinə etiraz müraciəti ünvanlamışlar

 

"İRƏLİ" İctimai Birliyi Azərbaycana ekstradisiya olunaraq əfv edilən Ramil Səfərovla bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Hüseyn Obamaya müraciət ünvanlamışdır.

Müraciətdə bildirilir ki, avqustun 31-də Macarıstan tərəfinin beynəlxalq hüququn bütün tələblərinə riayət  edərək, həmçinin Azərbaycan Respublikası ilə imzalanmış müvafiq ikitərəfli razılaşma çərçivəsində milli ordumuzun zabiti, Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə affekt vəziyyətində, onu və bayrağımızı təhqir etmiş erməni zabitini qətlə yetirmiş Ramil Səfərovun ölkəmizə təhvil verilməsi zamanı ABŞ rəsmilərinin ikili standartlardan qaynaqlanan bəyanatları hər bir azərbaycanlıda dərin təəssüf hissi doğurmuşdur. Ramil Səfərovun cəzasının 8 ildən artıq hissəsini çəkdikdən sonra cinayətin törəndiyi Macarıstandan beynəlxalq hüquqa, Strasburq konvensiyasına, BMT-nin normalarına, Avropa Şurasının və Avropa İttifaqının hüquqi çərçivələrinə uyğun şəkildə vətəndaşı olduğu Azərbaycan Respublikasına ekstradisiya edilməsi tam qanunauyğundur.

ABŞ tərəfindən Azərbaycana qarşı belə reaksiyanın birinci olmadığının xatırladıldığı müraciətdə deyilir ki, biz Birləşmiş Ştatların Dövlət Departamentinin vaxtilə ölkənizin Qafqaz regionunda müttəfiqləri sayılan Azərbaycan, Gürcüstan və Türkiyənin birgə təşəbbüsü ilə inşasına başladıqları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə verdiyi isterik reaksiyanı unutmamışıq. Erməni lobbisini ələ almaq, seçkilərdə ermənilərin səsini qazanmaq naminə bir çox ABŞ rəsmilərinin ölkənin milli maraqlarını bir kənara qoyaraq, şəxsi istəklərini dövlət siyasəti qismində təqdim etmələri Azərbaycanda, həmçinin Vaşinqtonla ənənəvi müttəfiqlik münasibətlərinə malik qardaş Türkiyədə ancaq təəssüf doğurur.

Azərbaycanda bizə iqtisadi əməkdaşlıq vəd edən ABŞ-ın ölkəmizə hər cür yardımına əngəl olan qərəzli 907-ci düzəlişin hələ də ləğv olunmadığı da bizim nəzərimizdədir. Bütün sadalananları bir Prezident olaraq Siz də bilməmiş deyilsiniz, cənab Obama!

Müraciətdə deyilir: "Sizə çox yaxşı məlumdur ki, Ramil Səfərov Budapeştdə, NATO-nun tərəfdaşlıq proqramı çərçivəsində təlimdə olarkən erməni zabiti Q.Markaryanın davamlı təhdid və təhqirləri ilə üzləşmiş, zabitimizin gözləri qarşısında Azərbaycan Respublikasının dövlət bayrağı təhqir edilmişdir. Nəticədə zabitimiz öz hissləri üzərində nəzarəti itirmiş, affekt vəziyyətində onun vətənpərvərlik duyğularını təhqir etmiş ermənini cəzalandırmışdır. Ramil Səfərovun affekt vəziyyətinə düşməsini sürətləndirən bir çox obyektiv hallar var idi. Zabitimizin özünün də məhkəmə prosesində qeyd etdiyi kimi, onun bir çox yaxın qohumlarının Qarabağda erməni separatçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi yekunda Səfərovun Markaryanın təhqirlərinə bu cür aqressiv reaksiya verməsi üçün münbit psixoloji zəmin hazırlamışdır. Onun çətinliklə göz önündən uzaqlaşdırdığı qanlı anları yenidən zabitimizə xatırladan bu təhqirlərin Markaryan üçün bu cür yekunlaşması tibbpsixologiya qanunları nöqteyi-nəzərindən təbiidir".

Müraciətdə daha sonra deyilir: "Çox maraqlı və təəssüfləndirici haldır ki, ABŞ Dövlət Departamenti nədənsə Norveçdə 70-ə yaxın insanı qətlə yetirən və islam dininə olan nifrətini açıq şəkildə dilə gətirən Breyvikə cəmi 21 illik cəzanın kəsilməsinə qətiyyən reaksiya vermədi.

Cənab Prezident, bütün bunlar bir yana, axı, Macarıstanı və Azərbaycanı Ramil Səfərovun azadlığa buraxılması ilə əlaqədar tənqid atəşinə tutduqda niyə ABŞ-ın və digər Qərb ölkələrinin vaxtilə həbs edilmiş erməni terrorçularını məhbəsdən azad edərək cəzasız qoyduğunu unudursunuz? Sizin yadınıza bu qəbildən bir neçə faktı çatdırmaq istəyirik.

1984-cü ildə sizin vətəniniz ABŞ-da türk konsullarını öldürdüyünə görə həbs edilərək ömürlük cəzaya məhkum edilmiş Q.Yanukyan adlı erməni terrorçusu əfv olunaraq azadlığa buraxıldı və bu hadisəyə indiyə qədər heç bir tutarlı, məntiqli, obyektiv izahat verilməyib.

2001-ci ilin aprelində Fransa məhkəməsi Orli hava limanında törətdiyi və 8 nəfərin, o cümlədən 4 fransızın həyatına son qoyan terror aktının təşkilatçısı V.Karapetyanı əfv edərək vətəninə yola  salmışdı. Həmin vaxt Ermənistan prezidenti R.Koçaryan Karapetyanı mükafatlandırmağı da unutmamışdı. Görəsən, onda hansı səbəbdən ABŞ rəsmiləri bu məsələyə biganə qalmışdı?"

İctimai Birliyin müraciətində bildirilir: "Dövlət Departamentinin müvafiq bəyanatı bir daha onu göstərir ki, ABŞ rəsmiləri bəzən terrorçunu günahsız insandan, məzlumu zalımdan, işğalçını işğala məruz qalandan ayıra bilməyəcək qədər qərəzli və subyektiv ola bilir. Lakin unutmayın ki, bu cür davranışlar adətən əks effektə malikdironlar Azərbaycan xalqının qüruruna toxunduğu qədər ABŞ-ın region əhalisi arasında olan nüfuzunu da təhlükə altına qoya bilər. ABŞ-ın birtərəfli, qərəzli davranışları cəmiyyətimizdə səylə təbliğ edilən Qərb dəyərlərinin səmimiliyinə olan etimadı ciddi şəkildə sarsıdır. Bu isə regionda ABŞ-ın güclənməsini istəməyən üçüncü qüvvələr üçün münbit şərait yaradacaqdır. Biz anlayırıq ki, ABŞ-da qarşıdan gələn prezident seçkiləri ərəfəsində Sizin hökumət  üçün erməni elektoratını məmnun etməyə yönəlmiş belə bəyanatlar "zəruri"dir. Lakin düşünürük ki, ABŞ rəsmiləri ABŞ dövlət maraqlarını seçki eyforiyasına qurban verməməlidir".

Ətrafında 24 mindən çox universitet təhsilli gənci birləşdirən "İRƏLİ" İctimai Birliyinin müraciəti bu sözlərlə yekunlaşır: "Biz azərbaycanlılara gəlincə, cəmiyyətimizin hər bir üzvü Ramil Səfərovun ölkəmizə qaytarılmasında əməyi keçən bütün insanlara, Macarıstan dövlətinin rəhbərliyinə, ən əsası isə zabitimizi əfv etmiş dövlət başçısı cənab İlham Əliyevə minnətdardır. Bu addım bir daha Azərbaycan dövlətinin sözdə yox, əməldə müstəqil olduğunu, Prezidentimizin isə öz qətiyyətini hər an nümayiş etdirməyə hazır lider olmasını hər kəsə, bütün dünyaya sübut etdi".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 sentyabr.- S.2.