Azərbaycan-Meksika əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun "Azərbaycan" qəzetinə müsahibəsi

 

Xəbər verildiyi kimi, bu günlərdə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexikoda Meksika-Azərbaycan Dostluq Parkının, həmin parkda ümummilli lider Heydər Əliyevin abidəsinin, Tlakskoake-Xocalı meydanının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Mexiko şəhərində səfərdə olmuşdur. Əli Həsənovun "Azərbaycan" qəzetinə müsahibəsi də bu mövzudadır.

 

- Əli müəllim, istərdik öncə Azərbaycan-Meksika münasibətlərinin hazırkı vəziyyəti barədə söz açasınız...

- Xarici siyasətdə Qərbə inteqrasiya kursunu əsas prioritetlərdən biri kimi  müəyyən edən müstəqil Azərbaycan Respublikası indiyədək bu istiqamətdə çoxlu sayda uğura imza atıb. Azərbaycanla Avropanın əksər, o cümlədən dünya siyasətində mühüm mövqeyi olan dövlətlər arasında sıx siyasi, iqtisadi, humanitar, mədəni və digər əlaqələr mövcuddur. Hətta bəzi ölkələrlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi günümüzün reallığıdır. Məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu ölkəmizin düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursunun və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsidir ki, Azərbaycan artıq Avropa ailəsinin ayrılmaz hissəsidir.

Eyni zamanda, Azərbaycanın okeanın o tayında olan Amerika ölkələri ilə də əlaqələri durmadan inkişaf edir. Hazırda ABŞ və Kanada kimi dövlətlərlə müxtəlif sahələrdə mühüm ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Enerji təhlükəsizliyi və beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ Azərbaycanı özünün yaxın strateji tərəfdaşı hesab edir. Bütün bunlar Azərbaycan dövlətinin xarici siyasətdə və beynəlxalq münasibətlər sistemində nail olduğu çox mühüm və vacib  uğurlardır.

Qərbə inteqrasiya kursunu uğurla gerçəkləşdirən Azərbaycanın Latın Amerikası dövlətləri ilə də əlaqələrində mühüm irəliləyişlər müşahidə olunmaqdadır. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin uğurunun təzahürü kimi təqdirəlayiqdir. Bu sırada Azərbaycanla Meksika Birləşmiş Ştatları arasındakı əlaqələrin sürətlə inkişafı diqqəti xüsusilə cəlb edir.

Məlum olduğu kimi, Meksika Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. 25 dekabr 1991-ci ildə bu ölkə tərəfindən Azərbaycan Respublikası müstəqil dövlət kimi tanınıb və bir qədər sonra diplomatik münasibətlər qurulub. Son illərdə iki ölkə arasındakı əlaqələrdə böyük bir canlanma müşahidə olunmaqdadır. Belə ki, hər iki ölkənin parlamentlərində işçi qrupları yaradılıb. 2006-cı ildə "Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında (Mexiko şəhərində) səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu quvvəyə minmişdir. 14 aprel 2009-cu ildə isə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında (Mexiko şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" sərəncam imzalamışdır. Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrin inkişafına böyük töhfə olmuşdur.

Müqavilə-hüquq bazasına gəldikdə isə, bugünədək ölkələrimiz arasında 5 sənəd imzalanmış, daha 14 saziş layihəsi baxılmaq üzrədir. Zənnimcə, münasibətlərimizin hüquqi bazasının genişləndirilməsi əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Son vaxtlarda müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin sayının  artması da Meksika ilə Azərbaycan arasında əlaqələrin inkişafının mühüm göstəricilərindən sayılmalıdır. Bu ilin iyulunda Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın və Meksika Senatının sədr müavini Fransisko Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyətlərinin Azərbaycana və mənim rəhbərliyimlə Azərbaycan nümayəndə heyətinin Meksikaya səfərini misal göstərmək olar.

Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanla Meksika arasında siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Əvvəldə deyilənlərlə yanaşı, ötən il noyabrın 4-də Meksika Senatında və dekabrın 8-də ölkənin Deputatlar Palatasında Dağlıq Qarabağ və Xocalı soyqırımına dair sənədlərin qəbulu bunun bariz nümunəsi sayıla bilər. Meksikanın Xocalı soyqırımını rəsmən tanıması bu ölkənin haqq-ədalətə və ölkəmizlə münasibətlərə verdiyi böyük önəmin göstəricisidir. Meksika parlamentinin hər iki palatasının  bu məsələdə həssaslıq və obyektivlik nümayiş etdirməsi, o cümlədən Meksikanın  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olması bütün Azərbaycan ictimaiyyəti tərəfindən dərin razılıq və minnətdarlıq hissi ilə qarşılanır.

- Bəs sürətlə inkişaf edən əlaqələr özünü başqa hansı sahələrdə biruzə verir və gələcək perspektivdə nə vəd edir?

 - Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə yaxınlıqlar və oxşarlıqlar çoxdur. Bu kimi meyarlar ölkələrimiz arasında münasibətlərə bilavasitə təsir edən mühüm amillərdir. Misal üçün, götürək, beynəlxalq münasibətlər sistemində hər iki ölkənin apardığı siyasəti. Meksika da Azərbaycan kimi BMT-də və onun Təhlükəsizlik Şurasında islahatlar aparılmasına çalışır, eləcə də bu qurumun beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında başlıca rol oynamasını dəstəkləyir. Bu kimi məsələlərin ortaya qoyulması ölkələrimiz arasında yaxınlaşmanı təmin edən əsas amillərdir.

Hazırda 110 milyondan çox əhalisi olan Meksika Amerikanın və dünyanın böyük dövlətlərindən biridir. Burada yeyinti, kimyəvi maddələr, dəmir-polad, toxuculuq, avtomobil sənayesi və turizmlə yanaşı, neft və dağ-mədən sənayesi iqtisadiyyatın aparıcı sahələridir. Kənd təsərrüfatında isə taxılçılıq, pambıqçılıq, qəhvə, meyvə-tərəvəz, mal əti, süd məhsulları və ağac məmulatları istehsalı üstünlük təşkil edir. Azərbaycan iqtisadiyyatında da bu sahələr mövcuddur və inkişaf edir. Buradan da görünür ki, Meksika ilə Azərbaycan arasında iqtisadi sahədə də xeyli oxşarlıqlar mövcuddur və bu, əməkdaşlıq üçün geniş meydan açır.

Meksika öz regionunda neft sektoru üzrə lider dövlətlərdən biridir. Azərbaycan da neft ölkəsidir və bizim neft-qaz maşınqayırması, neft təhsili sahəsində böyük təcrübəmiz var. Təsadüfi deyil ki, Meksika Azərbaycanla bir sıra sahələrlə yanaşı, xüsusən neft-qaz sahəsində əməkdaşlıqdan bəhrələnmək, tələbələrin Azərbaycanda bu sahədə təcrübə keçmələrini istəyir. Meksikalı rəsmilər də bu sahədə Azərbaycanla birgə müxtəlif layihələrin həyata keçirilməsinin mümkün olduğunu ifadə ediblər.

Bu gün siyasi müstəvidə əlaqələrimiz sürətlə inkişaf edir. Biz bu yüksəlişi iqtisadi münasibətlərdə də ölkələrimizin potensialına uyğun səviyyədə görmək arzusundayıq. Belə hesab edirik ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün iş adamlarının qarşılıqlı səfərlərinin təşkili, ikitərəfli məsləhətləşmələrin aparılması yaxşı nəticələr verə bilər. Təbii ki, həm Azərbaycanın, həm də Meksikanın iqtisadi potensialı böyükdür. Gələcəkdə bu sahədə geniş əməkdaşlıq əlaqələrinin qurulacağı şübhəsizdir. İyul ayında Meksikanın Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev də qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əlavə imkanların araşdırılmasının zəruriliyini qeyd etdi. Əminik ki, hər iki tərəfin birgə səyi nəticəsində iqtisadi əlaqələrin səviyyəsi yaxın illərdə daha da yüksələcək.

Bir məsələni də qeyd etmək istərdim. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin və ünvanlı dövlət proqramlarının uğurla icrasının nəticəsi olaraq son illərdə Azərbaycanda yoxsulluğun səviyyəsi dəfələrlə aşağı düşüb. Bu, həm də inkişafın Azərbaycan modelinin bariz təcəssümüdür. Artıq dünyanın bir sıra ölkələri bu modellə maraqlanır, ölkələrində tətbiq etmək istəyirlər. Meksikada da yoxsulluğun aradan qaldırılması istiqamətində ölkəmizin təcrübəsini öyrənmək niyyətindədirlər.

- Bu gün Meksika ilə Azərbaycan arasında mədəni-humanitar sahədə də əlaqələr genişlənir. Sizin rəhbərliyinizlə Meksikaya səfər edən Azərbaycan nümayəndə heyəti bu istiqamətdə bir sıra tədbirlərə qatılıb. İstərdik bu barədə oxucularımıza ətraflı məlumat verəsiniz.

- Bəli, Azərbaycanla Meksika arasında əlaqələrdən söz açarkən son vaxtlarda həyata keçirilən mədəni-humanitar layihələri qeyd etməmək olmaz. Hələ 2010-cu ilin martında Meksikada Azərbaycan mədəniyyət günləri keçirilmişdir. Bu möhtəşəm tədbirlə Azərbaycan mədəniyyəti Meksika ictimaiyyətinə daha yaxından tanıtdırılmışdır.

Bu yaxınlarda isə Meksikada ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın təcəssümü olan bir neçə layihə tamamlanmış və Mexikoda Meksika-Azərbaycan Dostluq Parkının, həmin parkda ümummilli lider Heydər Əliyevin abidəsinin, Tlakskoake-Xocalı meydanının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur. Bununla bağlı keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mənim rəhbərliyimlə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.

Qeyd edim ki, bu layihələr Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilmiş və bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iki sərəncam imzalamışdır. 23 noyabr 2011-ci il tarixində imzalanan birinci sərəncama əsasən Meksikada Meksika-Azərbaycan Dostluq Parkının, Xocalı soyqırımına həsr olunmuş parkın salınması, həmin parkların layihə-smeta sənədlərinin hazırlanması və üç abidənin hazırlanması, həmçinin daşınması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 6,9 milyon manat məbləğində vəsait ayrılmışdır.

3 iyul 2012-ci il tarixində imzalanan növbəti sərəncama əsasən Mexiko şəhərində Xocalı soyqırımına həsr olunan abidənin qoyulması üçün nəzərdə tutulan "Tlakskoake" meydanında fəvvarənin yeni konstruksiya üzrə inşa edilməsi işlərinin yerinə yetirilməsinə tələb olunan vəsaitin (əlavə dəyər vergisiz) ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 1 milyon 192 min ABŞ dolları məbləğində vəsaitin manat ekvivalenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ayrılmışdır.

Ərazisi 1,7 hektar olan Meksika-Azərbaycan Dostluq Parkı Azərbaycan hökuməti tərəfindən tamamilə yenidən qurulmuş, burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Ulu öndər Heydər Əliyevin abidəsinin müəllifi xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.

Dostluq Parkının və ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı mərasimində tədbir iştirakçıları öncə ulu öndərin abidəsi önünə əklil dəstəsi qoyaraq xatirəsini yad etdilər. Tədbirdə çıxış edən Mexiko şəhərinin ətraf mühit naziri Marta Delqado Meksika-Azərbaycan Dostluq Parkının açılışı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını şəhərin tarixində əlamətdar hadisə adlandırdı. M.Delqado parkın Mexiko şəhərinin tarixi ərazisində və müxtəlif muzey və digər istirahət mərkəzləri ilə vahid bir kompleksdə yerləşdiyini diqqətə çatdırdı. O, bu ictimai istirahət məkanının Azərbaycan hökuməti tərəfindən Mexiko şəhərinə verilmiş olduqca dəyərli töhfə olduğunu qeyd edərək parkın şəhər əhalisi və turistlərin mənalı istirahət mərkəzinə çevriləcəyinə əminliyini bildirdi.

Mexiko şəhərinin şəhərsalma və inkişaf naziri Felipe Leal isə Meksika-Azərbaycan Dostluq Parkının tikilişi, müasir tipli işıqlandırma və suvarma sistemi barədə məlumat verdi. Nazir parkın ölkələrimiz və paytaxt şəhərlərimiz arasında mövcud əməkdaşlıq və dostluq əlaqələrinin göstəricisi olduğunu və bu münasibətlərin gələcəkdə də inkişaf etməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mən çıxış etdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkının yaradılmasını və bu parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını tarixi hadisə kimi qeyd etdim. Mexiko şəhərinin mərkəzində bu park üçün yer ayrılmasının iki xalqın dostluğu və gələcək əməkdaşlığı üçün gözəl təşəbbüs olduğunu vurğulayaraq bunun üçün şəhərin rəhbərliyinə minnətdarlığımı bildirdim.

Həmçinin çıxışımda Azərbaycan ilə Meksika arasında müxtəlif sahələrdə inkişaf edən münasibətlərdən söz açaraq ikitərəfli əlaqələrimizin daha da genişlənəcəyinə əminliyimi diqqətə çatdırdım.

Nəzərinizə  çatdırmaq istəyirəm ki, Mexikoda indiyədək  dövlət xadimlərindən yalnız 2 nəfərə - C.Vaşinqton və U.Çörçilə abidə qoyulub.  Ümummilli lider Heydər Əliyevin abidəsi isə sayca 3-cüdür. Bu o deməkdir ki, Heydər Əliyev dünyanın tanınmış dövlət xadimi, dahi siyasətçisi idi. Onun siyasi təcrübəsindən nəinki Azərbaycan xalqı, regionun, hətta dünyanın aparıcı ölkələrinin siyasətçiləri və rəhbərləri də bəhrələnirdilər. Müxtəlif dövlət rəhbərləri ən çətin anlarda onunla məsləhətləşirdilər.

Tədbirin sonunda çıxış edən mer Marselo Ebrard Azərbaycan nümayəndə heyətini Mexiko şəhərində qəbul etdiyindən şərəf duyduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycanın adı ilə bağlı olan bu istirahət məkanı şəhərin digər park və xiyabanlarından daha möhtəşəmdir. Bu park Mexiko şəhərinin əhalisi və qonaqlarının ən sevimli istirahət yerlərindən biri olacaqdır. Şəhərin meri ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu söylədi.

Azərbaycan nümayəndə heyəti Mexikoya səfəri çərçivəsində şəhərin Tarixi Mərkəz adlandırılan ərazisində Tlakskoake-Xocalı meydanının və burada ucaldılmış Xocalı soyqırımına həsr olunmuş abidənin açılışında da iştirak etdi. Tlakskoake-Xocalı meydanının yerləşdiyi Tarixi Mərkəz rayonu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Meydanda Azərbaycan hökuməti tərəfindən təmir-bərpa işləri aparılmış, ərazi əsaslı abadlaşdırılmışdır. Xocalı soyqırımı abidəsinin müəllifi tanınmış xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov mərasimdə çıxış edərək iki il bundan əvvəl Mexiko şəhərinin Tarixi Mərkəz rayonunda Tlakskoake-Xocalı meydanının təmir-bərpa işlərinin və burada Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımına həsr edilmiş abidənin ucaldılması ilə bağlı layihənin uğurla başa çatdığını bildirdi. Diplomat həmçinin meydanın ərazisindəki orta əsrlərə aid tarixi kilsənin də təmir olunduğunu və bu məbədə kilsə zənglərinin hədiyyə edildiyini diqqətə çatdırdı.

Xocalıda erməni vandallarının törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verən İ.Muxtarov qeyd etdi ki, bu soyqırımının beynəlxalq miqyasda tanınması prosesində 2011-ci ildə Meksika Senatı və Deputatlar Palatasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi müzakirə edilmiş və müvafiq qətnamələr qəbul olunmuşdur.

Mexikonun şəhərsalma və inkişaf naziri Felipe Leal, Tarixi Mərkəz rayonunun, habelə Meksika Katolik Kilsəsinin rəhbər nümayəndələri çıxış edərək Azərbaycan hökumətinə şəhərin rəhbərliyi və sakinləri adından minnətdarlıqlarını bildirdilər. Onlar da Xocalı soyqırımı barədə iştirakçılara məlumat verərək Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə, cinayətkarların cəzalarına çatacaqlarına əmin olduqlarını vurğuladılar.

Nazir F.Leal meydanın və buradakı abidənin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımına həsr olunduğunu bildirərək Mexiko şəhər hökumətinin bu addımının Azərbaycan ilə daha sıx əməkdaşlıq etmək niyyətinin göstəricisi olduğunu söylədi.

Daha sonra çıxış üçün söz mənə verildi. Qeyd etdim ki, Azərbaycan və Meksika xalqları son iki əsrdə keçdikləri tarixi yolu, müstəqillik əldə etmək uğrunda apardıqları mübarizəni, qədim adət-ənənələrini, mədəniyyətlərini və bir çox digər ümumi dəyərlərini bölüşürlər. Bu isə öz növbəsində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına zəmin yaradır.

Çıxışımda Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə də geniş məlumat verdim. Bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bir daha diqqətə çatdırdım. Meksika ictimaiyyətinin nümayəndələri Xocalıda baş verənlərlə bağlı söylədiklərimi ürək ağrısı ilə dinlədilər. Bu, insanlığa qarşı böyük bir  cinayətdir və heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir.

Xocalı faciəsinə həsr olunmuş bu abidənin Azərbaycandan çox uzaqlarda - Meksika torpağında ucaldılması, Mexiko şəhərinin tarixi mərkəzində yer ayrılması,  Meksika xalqının ədalətli, sülhsevər və demokratik bir cəmiyyət olduğunun bariz nümunəsidir. Biz bu ehtirama görə Mexiko şəhərinin rəhbərliyinə minnətdarlığımızı bildirdik. O cümlədən, ötən il Meksika Konqresində Xocalı faciəsi ilə bağlı məsələnin müzakirə edilməsi və bu cinayətin soyqırımı kimi tanınmasına toxunaraq öz demokratikliyini və ədalət prinsiplərinə sədaqətini nümayiş etdirmiş Meksika Konqresinin üzvlərinə dərin hörmət və ehtiramımızı çatdırdıq.

Mexiko şəhərinin meri Marselo Ebrard çıxışında dedi ki, Tlakskoake-Xocalı meydanının şəhərin Tarixi Mərkəz ərazisində, bir çox digər ölkə və beynəlxalq əhəmiyyətli tarixi abidələr və muzeylərlə bir arada yerləşməsi, buranın gələcəkdə şəhərin sakinləri və qonaqlarının sevimli gəzinti yerinə çevriləcəyinə zəmin yaradır.

Tlakskoake-Xocalı meydanının Mexiko şəhərinin ən möhtəşəm istirahət məkanı olduğunu qeyd edən mer onu da vurğuladı ki, Mexiko şəhərində ilk dəfə olaraq proqramlaşdırılmış 20 metr hündürlüyündə musiqili və rəngli fontan qurğusu yaradılmışdır. Marselo Ebrard bildirdi ki, bu meydanın yaradılması ölkələrimiz arasında qarşılıqlı hörmət və gələcəkdə daha sıx və geniş əməkdaşlıq yaratmaq niyyətlərindən xəbər verir.

Təntənəli açılış mərasimindən sonra Tlakskoake-Xocalı meydanında Mexiko şəhərinin simfonik orkestri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı oldu.

Hər iki tədbirdə Milli Məclisin üzvü Ayaz Orucov, Meksikanın Deputatlar Palatasının sədri Oskar Arse, Meksikanın hökumət və Konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Rusiya, Gürcüstan və Ukrayna səfirləri, Meksikada yaşayan həmyerlilərimiz, habelə türk, rus və Ukrayna cəmiyyətlərinin üzvləri iştirak edirdilər. Həmçinin ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Meksikaya səfəri çərçivəsində onunla görüşmüş Meksikanın yüksək rütbəli diplomatları, keçmiş hökumət və Konqres üzvləri açılış mərasimində yaxından iştirak edərək mətbuat nümayəndələri və görüş iştirakçıları ilə öz təəssüratlarını bölüşdülər.

Meksika-Azərbaycan Dostluq Parkının, ümummilli lider Heydər Əliyevin abidəsinin, Tlakskoake-Xocalı meydanının və burada  ucaldılmış Xocalı soyqırımına həsr olunmuş adibənin açılış mərasimləri Meksikanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı.

- Meksikaya səfəriniz çərçivəsində Deputatlar Palatasında və Senatda görüşlər keçirmisiz. Azərbaycan nümayəndə heyəti necə qarşılandı və nə kimi məsələlər müzakirə olundu?

- Mexikoya rəsmi səfər çərçivəsində avqustun 22-də bu ölkənin Senatının rəhbərliyi və senatorlarla, o cümlədən Senatın sədr müavini Fransisko Arroyo Vieyra, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi, senator Karlos Ximenes Masias, Senatda çoxluq təşkil edən İnstitusional İnqilab Partiyasının qrup rəhbəri senator Karlos Navarrete Ruiz ilə geniş tərkibdə görüş keçirdik.

Senatın sədr müavini Arroyo Vieyra bu yaxınlarda Azərbaycanda səfərdə olduğunu xatırladaraq ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafından məmnun olduğunu qeyd etdi. O, Azərbaycanda olduğu müddətdə ölkəmizdə demokratik dəyərlərin yüksək qiymətləndirildiyinin, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söylədi, Bakıda Meksika nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

Meksika senatoru həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq xalqımızın yüksək dərəcədə tolerant olduğunu diqqətə çatdırdı. Senator regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi potensialının yüksək olmasına baxmayaraq, ölkəmizin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini qeyd etdi.

Görüşdə iştirak edən senator Karlos Navarrete Ruiz Azərbaycana səfərini xatırlayaraq ölkəmizdə davam edən inkişaf prosesləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat əldə etdiyini diqqətə çatdırdı. O, Azərbaycan torpaqlarının indiyədək işğal altında qalmasını təəssüflə qeyd edərək münaqişənin ədalətli həll ediləcəyinə əmin olduğunu bildirdi. Senator Azərbaycan torpaqları işğaldan azad olunandan sonra həmin ərazilərə səfər etməyi arzuladığını və buna inandığını söylədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi, senator Karlos Ximenes Masias ölkələrimizin parlamentləri arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirdi. O, bu yaxınlarda nümayəndə heyəti ilə birgə Azərbaycana səfərini xatırlayaraq onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi.

Geniş tərkibli görüşdən sonra Azərbaycan nümayəndə heyəti Senatın sədri Xose Qonsales Morfin, habelə Konqresin hər iki palatası - senatorlar və deputatların iştirakı ilə ümumi sessiyalar salonunda təntənəli şəkildə qarşılandı. X.Q.Morfin 2011-ci ildə Senatda Xocalı faciəsi ilə bağlı məsələ müzakirə edilərək qətnamə qəbul olunduğunu, dünya ictimaiyyətinin belə problemlərin həllində ədalətli olmağa çağırıldığını qeyd edərək işğaldan azad olunacaq Qarabağa səfər edəcəyini bildirdi, Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkı və Tlakskoake-Xocalı meydanının açılması ilə əlaqədar təbriklərini çatdırdı.

Avqustun 23-də isə Azərbaycan nümayəndə heyəti Meksikanın Deputatlar Palatasının sədri Oskar Arse ilə görüşdü. Oskar Arse cari ilin iyulunda Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmasından, Milli Məclisin deputatları və hökumətin üzvləri ilə görüşlərindən məmnunluqla söz açdı. O, Azərbaycana səfərinin uğurlu olduğunu və gələcək əməkdaşlıq üçün yeni perspektivlər açdığını söylədi.

Bu görüşlərdə həyata keçirilən mədəni-humanitar layihələrə və yüksək səviyyədə təşkil edilmiş açılış mərasimlərinə, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsində nümayiş etdirilmiş demokratik və ədalətli mövqeyə görə Azərbaycan dövləti və hökuməti adından dərin təşəkkürümüzü bildirdik.

Xüsusi qeyd etmək istərdim ki, Meksikada həyata keçirilmiş bu cür möhtəşəm və  olduqca vacib tədbirlərin yüksək səviyyədə təşkil edilməsində və həyata keçirilməsində Azərbaycanın Meksikadakı Səfirliyinin və  şəxsən səfir İlqar Muxtarovun zəhməti böyükdür.

Təbii ki, görüşlərdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra  məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunmaqla bir çox sahələrdə əməkdaşlıq üçün hər iki ölkənin böyük potensialının olduğu diqqətə çatdırıldı. Həm Azərbaycan, həm də Meksika tərəfi böyük siyasi iradənin olduğuna diqqət çəkərək gələcəkdə əlaqələrin daha da inkişaf etdiriləcəyinə  əminliklərini bildirdilər.

 

 

Müsahibəni yazdı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 4 sentyabr.- S.3.