Ramil Səfərovun geri qaytarılması Prezident İlham Əliyevin xarici siyasətindəki çevikliyin, dinamikanın və düşünülmüş strategiyanın məntiqi yekunudur

 

Müsahibimiz Milli Məclisin deputatı Ceyhun OSMANLIDIR

 

- Ceyhun müəllim, bir çoxlarımız üçün təxminən 1 həftə öncə mümkünsüz, əlçatmaz görünən hadisə artıq bu gün hər kəsin sevinclə qarşıladığı gerçəkdir: Azərbaycan ordusunun zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərov ölkəmizə təhvil verilmiş və Prezident İlham Əliyev tərəfindən əfv olunmuşdur...

- Düzgün qeyd etdiniz ki, hamımız üçün, o cümlədən elə mənim üçün də bu xəbər rəsmi açıqlanan ana qədər Ramilin ölkəmizə verilməsinə olan ümid cüzi idi. Bir yandan erməni lobbisinin sonsuz təzyiqləri, digər yandan hər zaman beynəlxalq arenada üzləşdiyimiz ikili standartlar, qərəz Ramilin nə vaxtsa ölkəmizə qaytarılacağına dair fikirlərimizdə bizləri çox da optimist olmamağa vadar edirdi. Sözün düzü bu xəbəri eşitdiyim ilk anda müsbət mənada şok keçirdim və özüm-özümə fikirləşdim ki, doğrudandamı ədalət belə qısa müddətdə zəfər çala bildi? Lakin məsələyə daha təfərrüatlı yanaşdıqda əslində bu uğurun ağır və uzun diplomatik fəaliyyətin bəhrəsi olduğunu hər birimiz yəqin etdik. Bu gün hadisəyə erməni tərəfinin verdiyi isterik reaksiya, Ermənistan prezidentinin Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırması bir daha onu sübut edir ki, Ramil Səfərovun Azərbaycana geri verilməsi ölkəmizin parlaq diplomatik qələbəsidir və Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdəki çevikliyin, dinamikanın və düşünülmüş strategiyanın məntiqi yekunudur. Hər birimizi təbrik edirəm, həqiqətən qürurverici və sevinci uzun müddət qəlbləri fərəhləndirə bilən hadisədir.

Ramil Səfərovun həyatı həqiqətən də bir kitaba, bir filmə mövzu ola biləcək qədər təsirli insanlıq tarixçəsidir. Bir yandan faciəvi, digər yandan isə bundan ikiqat şərəfli, qəhrəmanlıqla və şücaətlə dolu bir tarixçə. Ramilin öz etiraflarından hamımız bilirik ki, o əzizlərinin, yaxın qohumlarının bir qismini uşaq olarkən Qarabağda erməni təcavüzü nəticəsində itirmişdir. Budapeştdə isə o, Marqoryanın simasında növbəti dəfə erməni təxribatı ilə üzləşdi və kiçik yaşlarında yaşadığı dəhşətin psixoloji təsiri altında Azərbaycan bayrağını təhqir edən erməni zabitinə cavab verməli oldu. Doğrudur, ədalətin tərs məntiqi var və hüququn gözləri bəzən onun rəmzi sayılan Femidanın gözləri kimi kor ola bildiyindən Ramil bu cavabına görə ömrünün 8 ilindən keçmək məcburiyyətində qaldı. Kim bilir, Azərbaycan Prezidentinin öz vətəndaşına, Ali Baş Komandanın öz zabitinə dərin bağlılıq və məhəbbəti olmasaydı, bu illərin sayı bəlkə də daha artıq olardı.

Lakin olmadı və həsrət bitdi, Ramil öz xalqına, uğrunda qan tökdüyü bayrağına, əzizlərinə qovuşdu. Ramilin anasının övladının həsrətilə dünyasını dəyişməsi bu tarixçənin digər bir faciəvi səhifəsi olsa da, o dünyaya gətirdiyi övladın mərdliyi, ləyaqəti sayəsində ölməzlik və xalqımızın əbədi məhəbbətini qazandı. Tam səmimi etiraf edim ki, Ramilin vətənə sağ-salamat dönməsi bir insan kimi mənim dünyada hələ də haqqında çox vaxt nağıllarda danışılan ədalətin ölmədiyinə inamımı artırmış oldu.

Macarıstanda 8 il müddətində həbsxanada olduğu zaman Ramilin macar dilini öyrənməsi və macar ədəbiyyatının bir sıra incilərini, o cümlədən "Pal küçəsinin oğlanları" əsərini ana dilimizə çevirərək nəşr etməsi isə zabitimizin kifayət qədər intellektual, yüksək mədəni səviyyəyə malik insan olduğunu göstərdi. Bu da öz növbəsində ermənilərin onun ətrafında yaratmaq istədikləri vəhşi obrazını darmadağın edən növbəti sübutdur.

- İkili standartlar, ölkəmizin daima üzləşdiyi qərəz və maneələr mövzusuna toxundunuz. Ramil Səfərov vətənə dönər-dönməz bir sıra dövlətlərin, xüsusilə də ABŞ rəsmilərinin bu hadisəyə göstərdikləri münasibət bəlkə də ölkəmizə qarşı duyulan, lakin çox vaxt nəzakət pərdəsilə maskalanan qərəzi ortaya qoydu. Ceyhun müəllim, nə baş verir, məsələnin kökləri və həqiqi səbəbləri nədir, doğrudandamı dünyanın hər küncündən məlumat almaq, həqiqəti bilmək imkanı olan ABŞ kimi super güc problemin əsl mahiyyətindən xəbərsizdir?

- Sözün düzü, əvvəllər verdiyiniz suallarla qarşılaşdıqda, yaxud bu mövzuda söhbət düşəndə həqiqətən Azərbaycanla bağlı əksər həqiqətlərin ABŞ-da, həmçinin digər Qərb ölkələrində məlum olmadığını, çoxlarının bizi heç xəritədə tapmağa çətinlik çəkdiyini nəzərə alıb, mütəmadi rastlaşdığımız məntiqsiz qərarları, yaxud absurd bəyanat və hesabatları nisbətən təmkinlə qarşılamağa üstünlük verirdim. Mənim kimi çoxları da inanırdı ki, zaman keçdikcə, Azərbaycan dünyaya inteqrasiya etdikcə, xarici ölkələrdə səfirliklərimiz çoxaldıqca, ölkəmiz mötəbər tədbirlərin ev sahibinə çevrildikcə, səs-küylü enerji layihələri gerçəkləşdikcə bizi olduğumuz kimi qəbul etməyə başlayacaqlar. Problemlərimizi və uğurlarımızı tam mənada qəbul edəcək, ortalığa obyektiv yanaşma qoyacaqlar. Lakin bu gün nə qədər təəssüfləndirici də olsa, etiraf edirəm ki, bəslədiyimiz ümidlər heç də tamlığı ilə doğrulmadı.

Doğrudur, ədalət naminə etiraf etməliyik ki, bu gün dövlət başçısının yorulmaz səyləri, diplomatiyamızın fəallığı nəticəsində dünyada ölkəmizi doğru-dürüst şəkildə tanıyanların coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi Qərb ölkələrinin diplomatiyasında mühüm yer tutur. Bizimlə hesablaşırlar, məsləhətləşirlər, bizdən yardım istəyirlər, ölkəmizin bayrağı ən mötəbər yarışlarda, tədbirlərdə dalğalanır, ən nüfuzlu təşkilatlarda təmsil olunuruq. Ancaq əfsus ki, illər öncə rastlaşdığımız qərəzlə, düşmənçilik və ikili standartlarla indi də bir çox hallarda üzləşməli oluruq. Çox doğru dediniz ki, Ramil Səfərov məsələsində biz bunun bir daha və ən riyakar formada şahidi olduq. Beynəlxalq hüququn təntənəsini alqışlamaq əvəzində ABŞ rəsmiləri bizdən məsələ ilə bağlı izahat tələb etməyə, öz narahatçılıqlarını dilə gətirməyə başladılar. Bilirsiz, bəzən elə anlar olur ki, insan həqiqətən də öz hiddətini ifadə etmək üçün söz tapmır, şəxsən mənim üçün bu hadisə həmin o anlardan biridir.

Çox maraqlıdır, görəsən İraqda və Əfqanıstanda milyona yaxın günahsız insanın ölümünün baiskarı sayılan ABŞ hansı cəsarətlə kimdənsə nəyinsə izahını tələb edir. Hər kəs gözəl xatırlayır ki, 2003-cü ildə İraqa müdaxilə etdiyi zaman ABŞ bu ölkədə nüvə silahının olduğunu səbəb gətirmiş və BMT-nin sanksiyasını almağa ehtiyac belə görməmişdi. İndi sual olunur, hanı nüvə silahı, hanı sizin gətirdiyiniz bəhanələr? Bəs bunun hesabını görəsən bəşəriyyətə nə zaman verəcəksiniz? İraqda müharibəyə başladığınız zaman BMT-ni və beynəlxalq hüquq sistemini tapdaladığınız halda digərlərini hansı üzlə qanunun aliliyinə hörmətlə yanaşmağa dəvət edirsiz?

Nədənsə ABŞ hökuməti özünü qanunun keşikçisi və ədalətin carçısı qismində təqdim edərkən erməni əsgərlərinin atəşkəs zamanı cəbhə xəttində qətlə yetirdikləri kiçik yaşlı azərbaycanlı uşaqların ölümü haqqında Ermənistandan izahat tələb etməyin zəruriliyi barəsində qətiyyən düşünmür. Eynilə ABŞ Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşən 1 milyona yaxın azərbaycanlının taleyi haqqında narahat olmağı da lazım bilmir.

Bəs yaxşı dünyanın bir neçə ölkəsi tərəfindən qəbul edilən və müasir tarixdə baş verən ən amansız insan qırğınlarından olan Xocalı soyqırımı görəsən niyə ABŞ rəsmilərinin "humanizmlə" dolu qəlblərini riqqətə gətirib onları narahat etmir?

Siz çox ritorik bir sual qoydunuz ki, həqiqətənmi ABŞ-ın baş verənlərin həqiqi mahiyyətindən xəbəri yoxdur? Təbii ki, var, özü də çox gözəl və ətraflı şəkildə. Sadəcə, Azərbaycanı bəzi dövlətlər kimi təsir dairəsinə salmaq, məsafədən verilən təlimatlarla yönəldilən ölkəyə çevirmək üçün alışıb-yanan Qərbdəki bəzi dairələr ani olaraq erməni faktorundan istifadə etmək qərarına gəlirlər. Vaxtilə Rusiyanın istifadə etdiyi bu taktikadan belə görünür ki, indi də ABŞ və digər dövlətlər yararlanmağa çalışırlar. Heç şübhəsiz ki, Qərbdə siyasətçilərin və media strukturlarının bir sıra hallarda Azərbaycan həqiqətlərini görə bilməməsinə erməni diasporunun da "zəhməti" böyük olur, ancaq başlıca faktor fövqəlgüclərin enerji resursları ilə zəngin ölkəmizi Qarabağ kartı ilə şantaj etmək istəyidir.

İstər Vaşinqtonda, istərsə də Avropa paytaxtlarında əyləşən cənablar kimin işğalçı, kimin isə zərər çəkən, işğala məruz qalan tərəf olduğunu gözəl anlayırlar. Ən azından bu işdə onlara yol göstərmək üçün BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalda olduğunu sübut edən 4 qətnaməsi var, lakin əfsus ki, bəzən siyasətdə mövcud maraqlar ölkələri həqiqətləri bir kənara qoyub, yalanı həqiqət kimi təqdim etməyə sövq edir. Azərbaycana münasibətdə bəzən biz məhz bu tendensiya ilə rastlaşmalı oluruq. Konkret olaraq Ramil Səfərov məsələsində ABŞ-ın mövqeyi ABŞ-da prezident seçkiləri öncəsi erməni elektoratın xoşuna gəlmək cəhdindən başqa bir şey deyildir.

- Ceyhun müəllim, bəlkə ABŞ hökuməti Azərbaycan və Macarıstandan Ramil Səfərovun azad olunaraq vətəninə qaytarılması haqqında izahat tələb etdiyi zaman biz də onlardan vaxtilə səbəb göstərmədən, məhkəmənin rəsmən terrorçu elan etdiyi kəsləri azadlığa buraxmasının izahını istəyək, necə düşünürsüz?

- Hər şeydən əvvəl onu deyim ki, özlüyündə bu müqayisə ilə razı deyiləm. Bəli, Ramil Səfərov qətl törədib, lakin bu əsla amerikalı cənabların təqdim etmək istədikləri kimi məqsədli zorakılıq, yaxud əvvəlcədən planlaşdırılmış terror deyil və Budapeşt məhkəməsinin yekun qərarında da baş verən hadisənin terror xarakterli olması haqqında bir kəlmə də olsun yoxdur. Ramil Səfərov affekt vəziyyətində, erməni zabitinin təhrik və təhqirlərinə dözməyərək, psixoloji tarazlığını itirmiş və məlum hadisəni törətmişdir. Artıq qeyd etdiyimiz kimi onu bu işə təhrik edən xeyli psixoloji katalizatorlar olub - Ramilin qohumlarının və yaxınlarının onun gözləri qarşısında ermənilər tərəfindən öldürülməsi. Çox maraqlıdır, görəsən Ramil Səfərovu ittiham edənlər bu müsibətlərin heç olmasa yarısını yaşamış olsaydılar necə hərəkət edərdilər? Yeri gəlmişkən, bir məsələni də xatırladım ki, hələ istintaq prosesində Ramili müayinə edən 4 psixiatrdan 2-si zabitimizin hadisəni törədərkən həqiqətən affekt vəziyyətində olduğunu təsdiq etmişdir. Əfsus ki, məhkəmə qərar verərkən kənar amillərin təsiri altında qalmış və bu iki rəyi nəzərə almaq istəməmişdir.

Erməni terrorçularının Qərb ölkələrində qanlı hadisələr törətdiklərinə baxmayaraq səbəbsiz şəkildə azad edilməsinə gəlincə, bu danılmaz həqiqətdir. Biz bu halla artıq XX əsrin əvvəllərindən başlayaraq rastlaşmağa başlamışıq. 1921-ci ildə İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış dövlət xadimlərindən olan Behbud ağa Cavanşiri qətlə yetirən erməni terrorçusu Torlakyan günahı sübut olunduğu halda ingilis hərbi tribunalı tərəfindən azadlığa buraxılıb. Yaxud, Türkiyənin daxili işlər naziri Tələt paşanı qətlə yetirmiş Teyleryanın alman məhkəməsi tərəfindən azadlığa buraxılmasını yada salaq.

Bu qəbildən olan hadisələr son 20-30 ildə də kifayət qədər baş verib. Onlardan ən məşhurlarını xatırlayaq. 1984-cü ildə ABŞ məhkəməsi bu ölkədəki türk diplomatlarını terror aktı ilə qətlə yetirmiş erməni cinayətkarı Q.Yanukyanı sağlam məntiqə söykənən izahat vermədən azadlığa buraxıb.

2001-ci ildə isə Fransa məhkəməsi Orli hava limanında terror aktı həyata keçirərək 8 nəfərin, o cümlədən 4 fransızın həyatına son qoymuş V.Karapetyanı həbsdən azad etmişdi. Bu cani Ermənistana dönməyə macal tapmamış o vaxt erməni dövlətinə rəhbərlik edən R.Köçəryan onu ölkənin mükafatları ilə təltif etmişdi. Görəsən ABŞ rəsmiləri o zaman hara baxırdılar və məsələyə qiymət verməkdən niyə çəkinmişdilər?

Bilirsiz, hər birimiz gözəl başa düşürük ki, ermənilər tarixən güclü dövlətlərin əlində alət kimi istifadə edilib və bu səbəbdən də onların bir çox qeyri-insani davranışlarına nəinki göz yumulur, hətta açıq-aşkar himayə göstərilir. Bu gün də bu siyasət davam etdirilməkdədir, ancaq həmin dövlətlər onu nəzərə almalıdırlar ki, tarixən ermənilər heç kəsə, hətta himayəsində əsrlərlə firavan yaşadıqları ölkələrə münasibətdə sadiqlik, səmimilik nümayiş etdirməyiblər. Osmanlı imperiyasının, Səfəvi dövlətinin tarixi ermənilərin xəyanətkar davranışının nümunələri ilə boldur. Ermənilər heç zaman yaşadığı ölkənin maraqlarını nəzərə almamış, qəlblərində yalnız bir istək - "mifik Ermənistan" arzusu yaşatmışlar. Onlara sərf etməyən qərarlar verildikdə isə himayəsində yaşadıqları ölkəyə qarşı terrora əl atmaqdan belə çəkinməyiblər. Hətta tarixən ermənilərin himayədarı sayılan və müasir Ermənistanın memarı olan Rusiya da bu terrordan sığortalana bilməmişdi. XX əsrin əvvəllərində ermənilərin rus məmurlarına qarşı törətdikləri qəsdlər rus tarixçisi Veliçkonun "Qafqaz" əsərində öz əksini tapmışdır. Maraqlananlar bu əsərə müraciət edə bilərlər. Əminəm ki, erməni sevdası ilə alışıb yanan ABŞ da vaxtı gələndə erməni xislətini öz üzərində hiss edəcək və o zaman kiminlə iş gördüyünü əyani şəkildə anlamış olacaq.

Əslində belə hadisələr ermənilərin yüz ildən artıqdır ki, yaratmaq istədikləri obrazın dağıdılmasına da gətirib çıxarıb. Belə ki, özlərini daima yaşadıqları ölkənin "qanunlarına sadiq", "şirin", "nəcib" vətəndaşları kimi göstərməyə çalışan ermənilər öz istəklərinə çatmadıqda bu ölkənin daxili işlərinə qarışır, nəticə olmadıqda isə ən qəddar, riyakar üsullara əl atmaqdan çəkinmirlər. Misal üçün onların hal-hazırda Argentina, Meksika, ABŞ, Fransa, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin daxili işlərinə qarışmaq istiqamətindəki uğursuz cəhdlərini, həmin cəhdlərin nəticəsindəki aqressiv hərəkətlərini göstərmək olar.

Hazırda isə Macarıstanın beynəlxalq hüquqa, Strasburq konvensiyasına, BMT-nin normalarına, Avropa Şurasının və Avropa Birliyinin hüquqi çərçivələrinə uyğun şəkildə Ramil Səfərovu cəzasının 8 ilini cinayəti törətdiyi ölkədə çəkdikdən sonra vətəndaşı olduğu Azərbaycan Respublikasına ekstradisiya etməsi tam qanunauyğundur. Bu məsələnin Macarıstanın daxili işi olduğunu nəzərə aldıqda ermənilərin belə aqressiv reaksiya verməsi yuxarıda deyilənləri təsdiq edir. Həmçinin gələcəkdə heç bir dövlətin ermənilərin buna bənzər davranışlarından sığortalanmadığından xəbər verir.

- Kimin nə deməsindən asılı olmayaraq, bu hadisə Azərbaycan diplomatiyasının, Azərbaycan Prezidentinin qələbəsidir. Sizcə, bu hadisənin siyasi, psixoloji və tarixi mahiyyəti vətəndaşlarımıza necə təsir göstərəcək?

- Heç kim üçün sirr deyil ki, cənab Prezident son illərdə bizi böyük qələbələrə alışdırıb. Bir zamanlar bizim üçün əlçatmaz olan "Eurovision" qələbəsi, Olimpiya zəfərləri, regional lider ölkəyə çevrilməyimiz, BMT Təhlükəsizlik Şurasına üzvlük, iqtisadi yüksəliş, borc alan ölkədən borc verən ölkəyə çevrilməyimiz məhz cənab İlham Əliyevin prezidentliyi dövründə gerçəkliyə döndü, həmçinin adiləşdi. Ramil Səfərovun ölkəmizə qaytarılması ilə cənab Prezident bu qələbələrin siyahısına daha bir parlaq zəfər əlavə etdi.

Həmin zəfər dünyaya Azərbaycanın həqiqətən müstəqil ölkə, Prezidentimizin isə dünyada qətiyyəti və müstəqilliyi ilə seçilən lider olduğunu növbəti dəfə sübut etdi. Bu qələbə bizi bir xalq olaraq bir yerə toplaya bildi və müxalifətindən, iqtidarından asılı olmayaraq hər kəs qələbəmizi sevinclə və qürurla qarşıladı. Bu qələbə bizi Qarabağ zəfərinə bir addım da yaxınlaşdırdı, artıq qələbələrə alışmış xalq olaraq özümüzə güvənimizi kəskin şəkildə artırdı. İndi nə Azərbaycan 20 il öncəki Azərbaycandır, nə də azərbaycanlılar 20 il öncəki azərbaycanlılardır! Biz indi daha böyük, daha güclü, daha güvənliyik. İndi dünyanın təzyiqlərinə sinə gərməyi bacaran Azərbaycan var! Ramilin hadisəsi hər bir azərbaycanlıya onu da sübut etdi ki, ölkəmiz üçün qan tökən, vuruşan kimsənin əməyi yerdə qalmır və həmin şəxs Ali Baş Komandan tərəfindən layiqli qiymətini alır.

- Ceyhun müəllim, bir şeyi də etiraf etmək lazımdır ki, Ramil Səfərov həbsdə olduğu 8 il müddətində bir an belə olsun xalqımızın dilindən düşmədi, unudulmadı, daima xatırlandı...

- Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir, bunu həm xalqımızın ümummilli lideri Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmiş, həm də şəxsi nümunələri ilə təsdiq etmişlər.

Ramil Səfərovun nümunəsində bu tezis öz təsdiqini növbəti dəfə tapmış oldu. Mən fürsətdən istifadə edərək bu məqamda Ramil Səfərov həqiqətlərinin dünyaya düzgün çatdırılmasında, qərəzli erməni təbliğatının önünə sədd çəkilməsində böyük zəhməti keçən Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya ölkə ictimaiyyəti adından təşəkkürümü bildirmək istəyirəm.

Cənab Prezidentin bu məsələdəki qətiyyəti isə hər kəsə bəllidir. Bu hadisə bir daha dünyada soydaşlarımızın haqlı olaraq qürur duyduqları güclü, nüfuzlu və qətiyyətli liderə sahib olduqlarını bütün dünyaya nümayiş etdirdi. Əgər Ramil Səfərovun düçar olduğu bu qədər mürəkkəb problem öz həllini tapdısa, hər bir azərbaycanlının həm öz Prezidenti, həm də birinci xanımı ilə öyünmək haqqı var. Hər kəs bizim gücümüzü sözdə yox, məhz əməldə gördü.

- Bu hadisədən dərhal sonra Sizin təşəbbüsünüzlə gənclərimizin sosial şəbəkələrdə "Macarıstana təşəkkür" kampaniyasına başladığına da şahid olduq. Çox operativ şəkildə həyata keçirilən bu aksiya nəyi hədəfləyir?

- Tamamilə doğrudur. Bu kampaniya "İRƏLİ" İctimai Birliyi və ASAİF (Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumu) tərəfindən başladıldı və qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə Azərbaycan gənci kampaniyaya qoşuldu. Məqsəd sadə və çox önəmli idi - Macarıstan dövlətinə atdığı addıma görə təşəkkür etmək və ermənilərin Macarıstana qarşı təşkil etdikləri aksiyalar qarşısında bu ölkənin tək olmadığını, həmçinin Budapeştin bu jestinin azərbaycanlı gənclər tərəfindən yüksək qiymətləndirildiyini göstərmək idi. Budapeşt hökumətini təmsil edən ayrı-ayrı vəzifəli şəxslərin elektron ünvanlarına gənclərimiz tərəfindən minlərlə təşəkkür məktubu göndərildi.

Yekunda mən bir məsələni xatırlatmaq istəyirəm ki, ermənilərin başqalarının uğurlarına terrorla cavab vermək üzrə böyük və qanlı təcrübəsi var. Bunu nəzərə alıb, mən Macarıstanın hakimiyyət orqanlarını bizim bu ölkədəki diplomatların təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşmasını xahiş edərdim. Biz erməni xislətini gözəl bilirik və onun mənfur təzahürünün özünü yenidən göstərməyəcəyinə kimsə təminat verə bilməz.

 

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 4 sentyabr.- S.5.