Azərbaycan Prezidenti dünya erməniliyinə
növbəti zərbə vurdu
Ölkəmizdə gerçəkləşdirilən
siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət
göstərir. Bu siyasəti yürüdən Azərbaycan
dövləti və onun Prezidenti cənab İlham Əliyevin
siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə
ekstradisiyası və əfv edilməsi ermənilərin
dünyada apardıqları yalançı təbliğata
endirilmiş qüvvətli mənəvi-psixoloji zərbədir.
İnsanlar Ramil Səfərovun gec-tez
ölkəmizə qayıdacağına ümidlərini
itirmirdilər. Çünki hamımız yaxşı bilirik
ki, dövlət başçısı İlham Əliyev
harada olmasından və yaşamasından asılı olmayaraq
vətəndaşlarımızın taleyinə biganə
deyildir. Odur ki, Azərbaycan ordusunun zabitinin vətənə gətirilməsi,
elə hava limanındaca əfv edilməsi hər kəs tərəfindən
Prezident İlham Əliyevin qətiyyətinin və cəsarətinin
təcəssümü, vətənpərvərliyinin, hər
bir vətəndaşımızın təəssübkeşi
olmasının göstəricisi kimi dəyərləndirildi.
Azərbaycan bayrağının şərəfini öz
şərəf və ləyaqəti kimi qoruyan Ramil Səfərovun
vətənə qaytarılması və azad olunması
dövlət başçısının hər bir azərbaycanlının
hüquqlarının, azadlığının və təhlükəsizliyinin
qarantı olduğunu növbəti dəfə sübut etdi.
Bir daha təsdiq olundu ki, Prezident İlham Əliyev başda
olmaqla Azərbaycan dövləti öz vətəndaşlarını
darda qoymur. Bu insanlar harada olsalar, dövlət onları
müdafiə etmək, onların salamatlığı və təhlükəsizliyi
qeydinə qalmaq iqtidarındadır.
Bu məsələ daim Azərbaycan
ictimaiyyətinin diqqətində olmuşdur. Son nəticədə
zabitimizin Vətənə dönməsi yalnız Azərbaycan
vətəndaşlarının hüquq və mənafelərinin
qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən
dövlət başçısının siyasi iradəsi və
beynəlxalq arenada şəxsi nüfuzu sayəsində
mümkün olmuşdur. Məsələnin həlli üçün
bütün zəruri tədbirlər
görülmüşdür və bütün bunların təntənəsi
olaraq Azərbaycan ordusunun zabiti artıq Vətəndədir.
Beləliklə, bu fakt bir daha göstərdi ki, cənab
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti və
Ali Baş Komandan kimi hər bir vətəndaşımızın,
hər bir əsgər və zabitin müdafiəçisidir.
Bu, həm də düşmən qarşısında
bütün Azərbaycan xalqının həmrəyliyi
üçün bir çağırışdır.
Təəssüflə qeyd etməliyik
ki, Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfvi
məsələsində bir sıra Qərb dairələri ermənipərəst
mövqe tuturlar. Türk diplomatlarına qarşı
terrorçuluq edənlərin azadlığa
buraxılmasına, beynəlxalq terrorçu, Qarabağda əli
dinc azərbaycanlıların qanına bulaşan M.Melkomyana
abidə qoyulmasına göz yuman Qərb indi
"narahat"lıq keçirməyə başlayıb. Hətta
bu "narahatçılıq" qərəzli formada
müşahidə olunur. Azərbaycan Silahlı Qüvvələrinin
zabiti Ramil Səfərov "Məhkum olunmuş şəxslərin
verilməsi haqqında" Konvensiyaya uyğun olaraq Azərbaycan
tərəfinə təhvil verilmişdir. Bu konvensiyaya əsasən,
tərəflərin birinin ərazisində məhkum olunmuş
şəxs konvensiyanın müddəalarına uyğun olaraq
digər dövlətə verilə bilər. Yenə də
konvensiyaya uyğun olaraq hökmün icrası onu qəbul edən
dövlətin qanunvericiliyi ilə tənzimlənir və bu
dövlət bütün zəruri qərarları qəbul etməkdə
səlahiyyətlidir.
Ümumiyyətlə isə, bu məsələ
Azərbaycanla Macarıstan arasında ikitərəfli
hüquqi münasibətlərin predmetidir və bütün
beynəlxalq hüquq normaları çərçivəsində
həll edilmişdir. Hansısa dövlətin və siyasi dairənin
bununla bağlı "həyəcan keçirməsi",
"narahat olması" olduqca yersiz və məntiqsizdir.
Ramil Səfərovun Azərbaycana
qayıdışı ölkə əhalisinin böyük
sevincinə səbəb olub. Hər yerdə şadyanalıq
hiss olunur. Hər bir vətəndaş Prezident İlham Əliyevə
bu addımına görə dərin minnətdarlığını
bildirir. Bu günlərdə ətrafımdakı
insanların, həmçinin seçicilərimin bir-birini təbrik
etməsinin şahidi olanda böyük qürur hissi
keçirdim. Sadə vətəndaşlar ürəkdən
sevinib ermənilər üzərindəki bu simvolik qələbənin
dadını çıxarır və bu, Qarabağ probleminin
həll olunacağına olan inam hissini daha da artırır.
Bu gün bir-birinə
gözaydınlığı verən insanlar çox tezliklə
torpaqlarımızın bütövləşməsinə və
işğal olunmuş ərazilərimizin azad olunmasına
görə bir-birilərini təbrik edəcəklər.
Çünki Ramil Səfərovun gəlişi həm də
Dağlıq Qarabağın tezliklə azad
olunacağının müjdəsidir. Bu mənada Ramil Səfərovun
vətənə qaytarılması həm də Ermənistan
üçün bir siqnaldır. Düşmən başa
düşməli və görməlidir ki, güclü Azərbaycan
dövləti ilə qarşılaşmaq ona çox baha
başa gələcək.
Bütün ölkə ictimaiyyəti əmindir
ki, işğal altında olan torpaqlarımız da Prezident
İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində
azad olunacaq. Cənab Prezidentin uğurlu siyasəti bizi sürətlə
həmin möhtəşəm tarixə
yaxınlaşdırır. Prezident İlham Əliyevin
özünün dediyi kimi: "Biz malik olduğumuz,
özümüzə məxsus olan və beynəlxalq aləmin
təsdiq etdiyi bir ərazinin qaytarılmasından
danışırıq və bunun sadəcə gec və ya tez
baş verməsindən danışmaq olar".
Hər birimiz qarşıdakı tarixdə
ərazi bütövlüyümüzün təmin ediləcəyi,
dövlətinin daha güclü, xalqının daha yüksək
rifahda yaşadığı, milli maraqları qoruyan siyasi
lideri ətrafında sıx birləşən Azərbaycan
adının əzəmətinə dünyanın şahidlik
edəcəyi zamanın artıq
başlandığının fərqində olmalıyıq.
Zamanın keşməkeşli zərbələrini dəf edə
bilmək yalnız müdrik liderin xalqla birliyi sayəsində
mümkün olur. Nəticədə, xalq özünün mənəvi
gücünü, mövcudluq haqqını bir daha sübut
edir.
İlham MƏMMƏDOV,
Milli
Məclisin deputatı
Azərbaycan.-
2012.- 4 sentyabr.- S.5.