Proqnozlar doğrulur

 

Aqrar sektora olunan güzəştlər nəticəsiz qalmır

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Altı ayda kənd təsərrüfatı 10,4 faiz artmışdır. Hesab edirəm ki, bu da son illər üçün rekord göstəricidir. Biz bu göstəricini gözləyirdik, bilirdik. Çünki son müddət ərzində kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı artırır. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri, əlbəttə ki, gələcək illərdə də kənd təsərrüfatının inkişafına daha böyük təkan verəcəkdir".

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari il iyunun 1-i vəziyyətinə ümumi əkin sahəsinin 62,7 faizini dənli və dənli paxlalı bitkilər, 2,9 faizini texniki bitkilər, 10,6 faizini kartof, tərəvəz və bostan bitkiləri, 23,8 faizini yem bitkiləri təşkil etmişdir. Avqustun 1-dək 2564,7 min ton dənli bitkilər (qarğıdalıdan başqa) biçilərək mədaxil olunmuşdur. Hər hektardan orta hesabla 26,3 sentner məhsul götürülmüşdür. İstehsal olunmuş taxılın (qarğıdalısız) 71 faizini payızlıq və yazlıq buğda təşkil etmişdir. Qarğıdalı da daxil olmaqla, taxıl istehsalının ümumi həcmi isə keçən ilin müvafiq dövrünə nisbətən 13,1 faiz çox olmuşdur.

Keçən ilin müvafiq dövrünə nisbətən hektarın orta məhsuldarlığı payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər üzrə (qarğıdalısız) 1,6, dən üçün qarğıdalı üzrə 5,7, dən üçün günəbaxan üzrə 0,5, kartof üzrə 3, ərzaq üçün bostan məhsulları üzrə 1 sentner artmışdır. Mövsüm ərzində təsərrüfatlarda 521,1 min ton kartof, 713,5 min ton tərəvəz, 295,3 min ton bostan məhsulları, 162,7 min ton meyvə və giləmeyvə, 637 ton üzüm, 395,4 ton yaşıl çay yarpağı, 1569,8 ton tütün toplanmışdır. Hazırda sahələrdən məhsul yığımı davam edir.

Heyvandarlıq sahəsi üzrə də məhsul istehsalı artır. Ötən 7 ay ərzində diri çəkidə 251,8 min ton ət, 1008,2 min ton süd, 699,9 milyon ədəd yumurta və 14,8 min ton yun istehsal edilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,5, süd istehsalı 7,1, yumurta istehsalı 18,5 və yun istehsalı 1,5 faiz artmışdır.

Bunlardan əlavə, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür. Belə ki, təkcə cari ilin birinci yarısında damazlıq məqsədilə təsərrüfatlara 974 baş qaramal, 5321 baş qoyunkeçi satılmışdır.

Dövlət Statistika Komitəsinin məlumatında o da bildirilir ki, bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatında ümumi məhsulun sabit qiymətlərlə həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8, o cümlədən bitkiçilik üzrə 7,7 və heyvandarlıq məhsulları üzrə 5,7 faiz artmışdır.

Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması istehsalın səmərəliliyinin yüksəldilməsində, məhsul həcminin və keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Yalnız bu ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,8 milyon manat dəyərində müxtəlif növ 568 traktor, 540 kotan, 120 otbiçən, 79 çiləyici və tozlayıcı maşınlar, 41 taxılyığan kombayn, 25 bağarası frez, 22 ot dırmıqları, 19 gübrəsəpən maşın, 16  səpici aqreqat və 79 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmışdır.

Məhsul istehsalı artdıqca aqrar sektorda çalışanların əməkhaqları da yüksəlir. Məlumata görə, cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatı müəssisə və təşkilatlarında çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artmışdır.

Dövlət aqrar sektorun inkişafında maraqlıdır. Bunun üçün aqrar sektorda çalışan sahibkarlara güzəştli kreditlər, yanacaqsürtgü materialları, gübrə və toxum verilir. Bundan başqa, aqrar sektorun texniki cəhətdən təminatını yaxşılaşdırmaq üçün təsərrüfatlar güzəştli qiymətlərlə müxtəlif maşın və mexanizmlərlə təmin olunur.

Dövlət başçısı Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aqrar sektora bundan sonra da müxtəlif layihələrlə dəstək veriləcəyini vurğulamışdır: "İri fermer təsərrüfatlarının yaradılması prosesi, nəhayət, başlanmışdır. Mən bu barədə hələ bir il bundan əvvəl demişəm, əfsuslar olsun ki, buna o qədər də böyük diqqət verilməmişdir. Ancaq keçən müşavirədə mənim sahibkarlarla bağlı kəskin sözlərim bizim dövlət məmurlarını da hərəkətə gətirdi. Hazırda yerlər müəyyən edildi. Artıq birinci beş min hektar hazırlanıb ki, biz orada iri fermer təsərrüfatlarının yaradılmasına başlayacağıq. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır və biz bundan sonra dövriyyəyə buraxılacaq əkin sahələrinin həcmini böyük dərəcədə artırmalıyıq. Yerlər müəyyən edilib, indi orada aqrotexniki, meliorativ tədbirlər görülməlidir ki, sahibkarlığa daha da güclü təkan verilsin. Bununla paralel olaraq meliorativ tədbirlərin həyata keçirilməsi prosesləri gedir. Bu sahədə iki böyük layihə icra edilir. Samur-Abşeron kanalı - Taxtakörpü su anbarı və Şəmkirçay Dəryaçası tikilir. Hər iki layihə qlobal layihədir. Ölkə iqtisadiyyatına, yəni bir layihəyə qoyulan investisiya baxımından bəlkə də ən böyük layihələrdir və kənd təsərrüfatının inkişafı üçün ən vacib layihələrdir. Bu layihələrin icrası nəticəsində on minlərlə, bəlkə də yüz minlərlə hektar yeni əkin sahəsi dövriyyəyə buraxılacaq, yeni yerləri, yeni istehsal sahələri yaranacaq, yəni o bölgələrdə böyük canlanma məşahidə olunacaqdır".

 

 

R.KAMAL

 

Azərbaycan.- 2012.- 4 sentyabr.- S.6.