Sehrli
barmaqların möcüzəsi
Azərbaycan mədəniyyəti
tarixində özünəməxsus yer tutan Əhməd Bakıxanov milli
musiqimizin inkişafında cəfakeşlik
göstərmiş insanlardan biridir. Onun haqqında xatirələr
söyləyənlər tez-tez bir fikrin üstündə
dayanırlar: "Əhməd Bakıxanov adicə tarzən deyildi. O, sanki tar çalmırdı. Ürəyindən gələnləri
əllərinin sığalı ilə tarın sehrli simlərinə çatdıraraq
onları dilə gətirirdi. Əhməd Bakıxanovun sinəsinə
sıxdığı tar həmişə
dil açıb oxuyurdu".
O, 5 sentyabr 1892-ci ildə Bakıda
dünyaya gəlmişdi. İlk əmək fəaliyyətinə
müəllim kimi başlayıb. İndi
yaradıcılıqları ilə diqqət çəkən
Azərbaycan musiqiçilərinin böyük əksəriyyətinin
müəllimi, onlara dayaq duranı Əhməd müəllim
olub. O, bir tərəfdən musiqiçilər yetişdirirdisə,
digər tərəfdən də müxtəlif
ansamblların, musiqi qruplarının yaradılması
üçün, sözün əsl mənasında, fədakarlıqla
çalışırdı. Ötən əsrin 20-30-cu illərində
musiqi ansamblı yaratmaq, ona rəhbərlik etmək çox
çətin idi. Amma uzaqgörən sənət fədaisi bu
ağır yükün altına girərək Azərbaycan mədəniyyətinə
bütün varlığı ilə xidmət edirdi.
1941-ci ildə Əhməd Bakıxanov Azərbaycan
xalq çalğı alətləri ansamblını təşkil
etdi. Ansamblın tərkibinə tar, saz, ud, kanon,
qoşa-nağara, həmçinin qaboy və fortepiano daxil
etmişdi. Özü də ömrünün sonuna kimi, yəni
1973-cü ilə qədər həmin ansambla rəhbərlik
etdi. Dünyasını dəyişdikdən sonra həmkarları
onun xatirəsini əbədiləşdirmək məqsədilə
ansambla Əhməd Bakıxanovun adını verdilər. Bu
ansambl fəaliyyət göstərdiyi gündən indiyə
kimi Azərbaycanın çox görkəmli xanəndələrini
məharətlə müşayiət edib. Kimlərin səsi
bu musiqi kollektivində eşidilməyib? Fatma Mehrəliyeva,
Rübabə Muradova, Qulu Əsgərov, Əbülfət Əliyev,
Hacıbaba Hüseynov, Sara Qədimova, Zeynəb Xanlarova, Arif
Babayev... kimi sənətkarlar məhz bu ansamblın solistləri
olublar.
Əhməd
Bakıxanov Azərbaycan xalq musiqisinin, xüsusilə də
muğamların təbliğində böyük
xidmətləri olan bir
şəxsiyyət idi. O, respublika
musiqi məktəbləri üçün
muğamat proqramları tərtib etmişdir. Tarzəndən ərməğan
qalan "Azərbaycan xalq
rəngləri", "Azərbaycan ritmik
muğamları", "Muğam,
mahnı, rəng" adlı kitablar bu gün də musiqi məktəblərində mükəmməl
dərs vəsaiti kimi istifadə edilməkdədir.
1929-cu ildən ömrünün sonuna kimi Azərbaycan
Dövlət Konservatoriyasında dərs demişdi.
Əhməd
Bakıxanovu yaxından tanıyanlar söyləyirlər ki, o, çox
qayğıkeş insan olub.
Təkcə musiqi kollektivləri, proqramlar yaratmaq, tar çalmaqla işini bitmiş hesab etmirdi. O, daim yenilik hissi
ilə yaşayır, ansamblların uğurlu
çıxışları üçün
istedadlar axtarırdı. Xalq
artisti, qaboy ustadı Kamil Cəlilov söyləyir: "Mənim
zirvəyə qalxmağımda Əhməd Bakıxanovun rolu böyükdür. Tələbəlik
illərində mən qaboyda ancaq klassik musiqi
çalırdım. Azərbaycan musiqisi çalmağa icazə vermirdilər ki, "zvukun xarab olar". Evdə
başladım özüm üçün
milli musiqimizi çalmağa. Günlərin birində konservatoriyada "Bayatı-Kürd"
çalırdım. Qəfildən sinif
otağının qapısı açıldı, Əhməd
Bakıxanov içəri girdi. Məni
qucaqlayıb fərəhlə dedi: "Əla,
əla". Elə həmin gün məni
evlərinə dəvət etdi. Xeyli söhbətdən sonra
fikrini açıqladı ki,
bizim ansamblda qaboy çalmağını arzulayıram.
"Bayatı-Kürd" rənginin solo
hissəsini ifa edəcəksən". Əhməd
müəllim bu rəngi bircə dəfə
tarda çaldı və bu,
mənə bəs etdi. Onun
məharətli ifasını qaboyda
yaratdım. Amma ansamblda
çalmağa ehtiyatlanırdım. Əhməd
müəllim əl çəkmədi ki,
çalacaqsan, vəssalam. Çox
xeyirxah insan idi. Məni səsyazma studiyasına apardı. Bu olub 1963-cü ildə. Özümü itirmişdim,
həyəcandan əllərim əsirdi. Yenə də mənə
ürək-dirək verən,
çaşqınlığımı aradan
götürən Əhməd Bakıxanov oldu.
Məni necə sakitləşdirdisə, bir
də onda ayıldım ki,
gözlərimi yumub gedirəm.
Çalğının şirin yerində
gözlərimi açdım ki,
ansamblın konsertmeysteri durub
yanımda, çalmır".
Sən
demə, Kamilin qaboydakı ifası onu elə əfsunlayıb ki,
öz çalğısını unudub. Əhməd Bakıxanov bu
mənzərəni seyr edərək Kamilə
fərəhlə deyib: "Qaboyda birinci silləni sən
vurdun. Hələ heç
kəs bu alətdə muğamat
çalmamışdı". Görkəmli bəstəkar Nəriman
Məmmədov söyləyir: "Muğamın sirlərini mən
Əhməd Bakıxanovdan öyrənmişəm.
Muğamlarımızın nota
yazılmasında Əhməd Bakıxanovun əməyi çoxdur. Müxtəlif illərdə Əhməd
Bakıxanovun ifasında "Bayatı-Şiraz", "Şur" muğamları Moskvada,
"Rast", "Çahargah",
"Humayun", "Segah-zabul",
"Şahnaz" və "Rahab"
isə Azərbaycanda nəfis şəkildə çap olunmuşdur".
Əhməd
Bakıxanovun həyatından belə ibrətamiz faktlardan çox
danışmaq olar. O, Azərbaycan musiqisinin sabahı naminə yorulmadan
çalışırdı, axtarırdı, qururdu.
Böyük ürək sahibi olduğundan istedadlını görməyi, onun qolundan tutmağı,
kömək göstərməyi bacarırdı. Əhməd
Bakıxanov bütün varlığı
ilə milli musiqimizə bağlı olduğundan istəyirdi ki,
bu sahədə həmişə
istedadlı gənclər fəaliyyət göstərsin.
Bəzən el-el, oba-oba gəzərək gələcək
ardıcıllarını axtarırdı. O vaxtlar
musiqiçilərin əksəriyyəti Əhməd
Bakıxanovun evinə gedib-gəlirdi. Əhməd müəllim
evdə, süfrə başında həmkarları ilə
söhbət etməyi, onlara məsləhət
verməyi daha çox
sevirdi. Elə bu məziyyətlərinə
görə yaddaşlarda iz
salıb Əhməd Bakıxanov. Onunla bir dəfə yaradıcılıq ünsiyyətində
olan insanlar bu böyük musiqi xadimini
unutmayıblar.
Pedaqoq, tarzən, xalq artisti Əhməd
Bakıxanov ikinci musiqi
xadimidir ki, "Əməkdar
müəllim" fəxri adına da layiq görülüb. Belə
bir fəxri adın digər sahibi musiqiçi Nəriman
Əliyevdir. Unudulmaz tarzənin sinəsini
bir sıra orden və
medallar da bəzəyirdi.
Amma onun ən böyük mükafatı bu
gün yüzlərlə qəlbdə qurduğu möhtəşəm abidəsidir.
Dünyasını dəyişməyindən xeyli
vaxt keçsə də, həmkarları,
tələbələri hələ də Əhməd
Bakıxanov haqqında isti sözlər,
xatirələr söyləyir, öz ehtiram və məhəbbətlərini
bildirirlər. Xiffət qarışıq bu
sözlərdən muğam ustasına olan sonsuz pərəstiş
duyulur: Əhməd Bakıxanov adicə tar çalmırdı. Onun
sehrli barmaqları tarın simlərini oxudurdu. Simlərin qopardığı tufansa eşidənlərin ruhuna
sakitlik və qəribə rahatlıq gətirirdi.
Bu möcüzə həmişə
musiqisevərləri düşündürərdi. Əhməd
Bakıxanovun sinəsində tar tamam başqa bir aləm olardı...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 5 sentyabr.- S.5.