Kamal Abdullayev Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru adına layiq görülmüşdür

 

Bakı Slavyan Universitetinin (BSU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullayev  Poltava İqtisadiyyat Ticarət  Universitetinin (PİTU) fəxri professoru adına layiq görülmüşdür. Bu barədə PİTU-nun Azərbaycan Mədəniyyət-Tədris Mərkəzinin  direktoru Yaşar Alxasov məlumat vermişdir.

 

Bununla əlaqədar olaraq  PİTU-da K.Abdullayevə fəxri professor diplomunun təqdim edilməsi  mərasimi keçirilmişdir. Təqdimat mərasimində PİTU-nun rektoru professor Aleksey Nestulya bildirmişdir ki,  universitetin Elmi Şurasının  qərarı ilə Azərbaycanın tanınmış ictimai və elmi xadimi, yazıçı-dramaturq, akademik Kamal Abdullayev  bu yüksək ada Ukrayna-Azərbaycan mədəniyyət-tədris əlaqələrinin inkişafında böyük xidmətlərinə və Ukrayna ilə Azərbaycanın ali məktəbləri arasında  əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsinə görə  layiq görülmüşdür.

K.Abdullayev mərasimdəki çıxışında Bakı Slavyan Universitetinin rektoru kimi fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirərək qeyd etmişdir ki, BSU-da ukraynaşünaslıq, ukrayna dilindən Azərbaycan dilinə, ukrayna dilindən ingilis dilinə tərcümə və s.  üzrə yüksəkixtisaslı  kadrlar hazırlanır. K.Abdullayev demişdir: "Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə hələ 2001-ci ildə BSU-da Ukrayna Mədəniyyət-Tədris Mərkəzi açılmışdır.  Uğurla fəaliyyət göstərən mərkəz iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.  Mərkəzin nəzdində Ukrayna bazar günü məktəbi fəaliyyət göstərir".

PİTU və BSU arasında əməkdaşlıq haqqında müqavilə mövcuddur. Onun əsasında 2011-ci il sentyabrın 8-də PİTU-da Azərbaycan Mədəniyyət-Tədris Mərkəzi açılmışdır. Mərkəzin məqsədi  Azərbaycandan olan tələbələrin dil və mədəni adaptasiyasına kömək etmək, habelə ukraynalı tələbələr üçün Azərbaycan dili məşğələləri aparmaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 sentyabr.- S.6.