Bakının Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin
və uşaq bağçasının binaları istifadəyə
verilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimlərində
iştirak etmişdir
Sentyabrın 4-də Bakının Səbail
rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329
nömrəli tam orta məktəbin və uşaq
bağçasının binaları istifadəyə
verilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev açılış mərasimlərində
iştirak etmişdir.
Prezident İlham Əliyev 2011-ci ilin
aprelində Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafı istiqamətində görülən
işlərlə tanışlıq məqsədilə
Badamdarda olarkən keçirdiyi görüş zamanı
sakinlər burada yeni məktəbə və uşaq
bağçasına ehtiyac olduğunu bildirmişdilər.
Dövlət başçısı elə həmin gün
Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq
bağçasının və 880 şagird yerlik ümumtəhsil
məktəbinin binalarının tikintisinə başlamaq
haqqında sərəncam imzalamışdı. Sərəncama
uyğun olaraq dövlət büdcəsində Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait
hesabına yeni məktəb və uşaq bağçası
binalarının inşasına
başlanılmışdı. Prezidentin
tapşırıqlarına uyğun olaraq 329 nömrəli tam
orta məktəbin yeni binası qısa vaxt ərzində
yüksək standartlara uyğun tikilmişdir.
Prezident İlham Əliyev əvvəlcə
329 nömrəli tam orta məktəbin yeni binasının
açılış mərasimində iştirak etdi.
Dövlət başçısı rəmzi
açılışı bildirən lenti kəsdi.
Görülən işlərlə
bağlı Prezidentə məlumat verildi. Məktəbin
birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin
və Prezident İlham Əliyevin fəaliyyətini əks
etdirən fotostend yaradılmışdır. Bildirildi ki, 3 əsas
mərtəbədən və zirzəmidən ibarət
binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə
48 sinif, 4 kompyuter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və
hərbi hazırlıq kabinetləri yaradılmışdır.
Kompyuter otaqları internet şəbəkəsinə
qoşulmuşdur. Binanın fasad və divarları
üzlük daşla üzlənmiş, burada böyük
kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və
kütləvi tədbirlərin keçirilməsi
üçün 120 nəfərlik akt zalı
yaradılmışdır.
Dövlət başçısı
ayrı-ayrı sinif otaqlarına baxdı, tədris şəraiti
ilə tanış oldu. Məktəbin həyətində
idman meydançasının
qurulduğu da qeyd olundu. Məktəbin 8 min 800 kvadratmetr
həyətyanı sahəsinin 5 min kvadratmetr hissəsinə
asfalt örtük döşənmiş, abadlıq və
yaşıllaşdırma işləri
görülmüşdür. Məktəbin həyətində
1500 kvadratmetrlik istinad divarı tikilmiş və üzlənmişdir.
Binanın ərazisi abadlaşdırılmış, məktəb
istiqamətində uzanan küçə təmir olunaraq
asfaltlaşdırılmışdır. Məktəb
binasının qarşısındakı pilləkənlər
qranitdən, daxili pilləkənlər isə mərmərdən
qurulmuş, tutacaqlar quraşdırılmışdır. Təhsil
müəssisəsi üçün yeni elektrik, qaz, su və
kanalizasiya xətləri çəkilmiş, istilik sistemi
qurulmuş, müasir qazanxana tikilmişdir. Həyətdə
yeni elektrik transformatoru quraşdırılmış, nasosxana
yaradılmışdır. Binanın bütün gün ərzində
içməli su ilə tam təchizatı üçün
müvafiq işlər görülmüşdür. Məktəbdə
müşahidə kameraları, yanğından xəbərdarlıq
qurğuları da quraşdırılmışdır. Tədris
ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları
ilə tam təmin olunmuşdur.
* * *
Dövlət başçısı məktəb
binasında yaradılan şəraitlə
tanışlıqdan sonra qəsəbədə inşa olunan
120 yerlik yeni uşaq bağçasının
açılış mərasimində iştirak etdi.
Prezident İlham Əliyev rəmzi
açılışı bildirən lenti kəsdi.
Uşaq bağçasında
yaradılan şəraitlə bağlı Prezidentə məlumat
verildi. Binanın foyesində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin
uşaqlara qayğısından bəhs edən stendlər
quraşdırılmışdır. İki mərtəbədən
ibarət binada uşaqların təlim-tərbiyəsi
üçün bütün lazımi şəraitin
yaradıldığı qeyd olundu. Bildirildi ki, ümumi sahəsi
1620 kvadratmetr olan bağça binası qısa müddətdə
tikilərək üzlük daşla üzlənmişdir.
Bağçada 6 qrup fəaliyyət göstərəcəkdir.
Uşaqlar üçün nəzərdə tutulan qrup və
yataq otaqlarından başqa böyük və
işıqlı yeməkxana, musiqi və idman zalları, tibb və
oyun otaqları, mətbəx, yardımçı otaqlar da
yaradılmışdır. Bağça binasında müasir
istilik sistemi qurularaq qazanxanaya birləşdirilmişdir. Yeni
kommunikasiya xətləri çəkilmiş binanın su ilə
daimi təminatı üçün həyətdə 3
çən qurulmuş, nasosxana tikilmişdir. Binada
yanğından xəbərdarlıq sistemi qurulmuşdur.
Dövlət başçısı
bağçada yaradılan şəraitlə yaxından
tanış oldu. Binanın həyətində də
abadlıq işləri görülmüş, 1000 kvadratmetr
sahəyə asfalt döşənmiş, idman və əyləncə
qurğuları quraşdırılmış, istirahət
guşələri, həmçinin yol hərəkəti təhlükəsizliyi
qaydalarının öyrədilməsi üçün
meydança yaradılmışdır. Bağça
binasının qarşısındakı pilləkənlər
qranitdən, daxili pilləkənlər isə mərmərdən
düzəldilmişdir.
Uşaq bağçasında
yaradılan şəraitlə tanış olan Prezident
İlham Əliyev müvafiq tapşırıqlarını
verdi.
AzərTAc
Azərbaycan.-
2012.- 5 sentyabr.- S.1.