Azərbaycan Prezidenti İlham Əliyev İranın vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İkitərəfli münasibətlərimizin inkişafında mədəni əlaqələrin mühüm əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev "İpək yolunun dadı: kulinariya, mədəniyyət və turizm" mövzusunda Bakıda keçiriləcək konfransın önəmini qeyd etdi. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Seyid Həsən Musəvi Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnun olduğunu dedi. Seyid Həsən Musəvi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını və məktubunu dövlət başçısına çatdırdı. O, Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi  baxımından yaxşı fürsət yaratdığını dedi.

Görüşdə ikitərəfli münasibətlərimizin təməl prinsipi olan xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 6 sentyabr.- S. 2.