«İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust
tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət
Proqramı" (Elektron Azərbaycan)"nın 7.2.4.2-ci
yarımbəndinə əsasən, dövlət orqanları
arasında elektron sənəd dövriyyəsi sistemi yaratmaq məqsədi
ilə qərara alıram:
1. "İdarələrarası elektron
sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası idarələrarası elektron sənəd
dövriyyəsi sisteminin iştirakçılarında
qovşaqların texniki vasitələrlə təmin edilməsinə
dair tələbatı, elektron imza veriləcək
iştirakçıların rəhbərləri və
müavinləri, habelə elektron sənəd dövriyyəsini
bilavasitə həyata keçirəcək məsul şəxsləri
barədə məlumatı ümumiləşdirərək
müvafiq tədbirlər görməsi üçün bir ay
müddətində Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə Xidmətinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti idarələrarası elektron sənəd dövriyyəsi
sistemi iştirakçılarının
qovşaqlarının texniki vasitələrlə təmin
edilməsi üçün zəruri olan maliyyə vəsaitinin
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə
Xidmətinin müraciəti əsasında on beş gün
müddətində Xidmətə ayrılmasını təmin
etsin.
4. Azərbaycan Respublikasının
Xüsusi Dövlət Mühafizə Xidməti bu fərmanla təsdiq
edilmiş "İdarələrarası elektron sənəd
dövriyyəsi sistemi haqqında Əsasnamə"nin
1.3.1-ci, 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə
tutulmuş iştirakçılarda 2013-cü il iyulun 1-dək,
1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş
iştirakçılarda isə 2014-cü il yanvarın 1-dək
qovşaqların texniki vasitələrlə təmin edilməsini
başa çatdırsın və bu barədə Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.
5. Bu fərmanla təsdiq edilmiş
"İdarələrarası elektron sənəd dövriyyəsi
sistemi haqqında Əsasnamə"nin 1.3.1-ci yarımbəndində
nəzərdə tutulmuş iştirakçılar 2013-cü
il iyulun 1-dən, 1.3.3-cü yarımbəndində nəzərdə
tutulmuş iştirakçılar 2014-cü il yanvarın 1-dən
idarələrarası elektron sənəd dövriyyəsinə
başlanmasını təmin etsinlər.
6. Bu fərmanla təsdiq edilmiş
"İdarələrarası elektron sənəd dövriyyəsi
sistemi haqqında Əsasnamə"nin 1.3.2-ci və
1.3.4-cü yarımbəndlərində nəzərdə
tutulmuş iştirakçılara 2013-cü il iyulun 1-dən
idarələrarası elektron sənəd dövriyyəsinə
başlanmasını təmin etmək tövsiyə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 4 sentyabr 2012-ci il
Azərbaycan.-
2012.- 5 sentyabr.- S.1.