İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1. Bu əsasnamə
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli
1056 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət
Proqramı" (Elektron Azərbaycan)"nın 7.2.4.2-ci
yarımbəndinə əsasən hazırlanmışdır
və idarələrarası elektron sənəd dövriyyəsi
sisteminin (bundan sonra - sistem) yaradılması, idarə
olunması və bu sistemdən istifadə qaydalarını
müəyyən edir.
1.2. Sistemin
təşkilatçısı Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası, operatoru Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.
1.3. Sistemin
iştirakçıları aşağıdakı dövlət
orqanları və qurumlardır:
1.3.1.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının və onlara bərabər
tutulan orqanların, Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında
olan icra hakimiyyəti
orqanlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının aparatları, Azərbaycan
Respublikasının Mərkəzi Bankı, Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti, Azərbaycan
Respublikası Tarif (qiymət)
Şurasının Katibliyi;
1.3.2.
Azərbaycan Respublikası Milli
Məclisinin, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin,
Azərbaycan Respublikası Hesablama
Palatasının, Məhkəmə-Hüquq
Şurasının, Azərbaycan Respublikası İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın),
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının və Milli Televiziya və Radio
Şurasının aparatları, Azərbaycan
Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyasının Katibliyi;
1.3.3.
yerli icra hakimiyyəti
orqanları;
1.3.4.
bu əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulmuş qurumlar.
1.4.
Bu əsasnamədə elektron
sənəd dövriyyəsi dedikdə, sistemin
iştirakçıları arasında elektron
sənədlərin nizamlanmış hərəkəti ilə
bağlı aşağıdakı informasiya
prosesləri nəzərdə tutulur:
1.4.1.
Azərbaycan Respublikası Prezidentinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aktlarının və tapşırıqlarının
(tövsiyələrinin) elektron formada göndərilməsi;
1.4.2. sistemin
iştirakçıları tərəfindən elektron sənədlərə, o
cümlədən Azərbaycan Respublikası Prezidentinin
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
tapşırıqlarına (tövsiyələrinə)
baxılması nəticələri barədə
informasiyanın elektron formada
göndərilməsi;
1.4.3.
sistemin iştirakçıları tərəfindən
Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə müraciətlərin,
o cümlədən hüquqi
aktların layihələrinin elektron formada təqdim edilməsi;
1.4.4.
sistemin iştirakçıları
arasında hüquqi aktların layihələri
üzrə razılaşdırma prosedurlarının elektron formada həyata
keçirilməsi.
1.5.
Bu əsasnamə dövlət sirri təşkil edən məlumatların
dövriyyəsinə şamil edilmir.
1.6.
Sistemin əsas prinsipləri
aşağıdakılardır:
1.6.1. sistemdən eyni zamanda bir
neçə iştirakçının istifadə etməsinin
texnoloji cəhətdən mümkün
olması;
1.6.2.
sistemin iştirakçıları tərəfindən
informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən
texnologiyaların, formatların, protokolların və proqram-texniki vasitələrin tətbiq edilməsi;
1.6.3.
sistemin iştirakçıları tərəfindən
yalnız sertifikatlaşdırılmış proqram
təminatı və proqram-texniki vasitələrindən
istifadə edilməsi;
1.6.4.
verilən məlumatların tamlığının təmin
edilməsi;
1.6.5.
idarələrarası elektron sənəd
dövriyyəsi zamanı informasiya təhlükəsizliyinin
təmin edilməsi;
1.6.6.
elektron sənəd dövriyyəsinin
qanunvericiliklə müəyyən edilmiş
kargüzarlıq standartları və qaydaları əsasında
həyata keçirilməsi.
2. Sistemin texniki-texnoloji infrastrukturu
2.1.
Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı elementlərdən
ibarətdir:
2.1.1.
sistemin əsas qovşağı;
2.1.2.
sistem iştirakçılarının
qovşaqları;
2.1.3.
mühafizə olunan rabitə kanalları.
2.2.
Sistemin əsas
qovşağının texniki vasitələrinə
sənəd dövriyyəsi sistemi, poçt serverləri, sertifikat
mərkəzinin proqram-aparat vasitələri,
informasiyanı mühafizə vasitələri, sistem
iştirakçılarının qarşılıqlı fəaliyyətinin
proqram təminatı və digər proqram-texniki vasitələr aiddir.
2.3.
Sistem iştirakçılarının
qovşaqlarının texniki vasitələrinə
server, kommunikasiya
avadanlığı, informasiyanın mühafizə vasitələri
və avtomatlaşdırılmış iş
yerləri aiddir.
2.4.
Sistem iştirakçılarının
qovşaqlarının texniki vasitələri
sistemin operatoru tərəfindən
onlara müvəqqəti istifadə üçün təmənnasız olaraq verilir. Texniki vasitələrin verilməsi təhvil-təslim
aktı ilə rəsmiləşdirilir. Texniki
vasitələr onların mühafizəsini, həmçinin
göndərilən və qəbul edilən sənədlərin
təhlükəsizliyini təmin edən otaqlarda
yerləşdirilməlidir.
2.5.
Sistem
iştirakçılarının qovşaqlarında əlavə
texniki vasitələrin yerləşdirilməsi
və (və ya) onların yerinin
dəyişdirilməsi zərurəti yarandıqda, rabitə
kanallarının çəkilməsi, avadanlığın və
proqram təminatının alınması
üzrə kompleks işlər sistem iştirakçısının maliyyə
vəsaiti hesabına sistem operatoru
tərəfindən həyata keçirilir.
3. Sistemin təşkilatçısı
3.0.
Sistem təşkilatçısının
əsas funksiyaları aşağıdakılardır:
3.0.1. sistem
çərçivəsində elektron sənəd
dövriyyəsini, habelə informasiya
mühafizəsinin təmin edilməsini tənzimləyən hüquqi aktların tələblərinin yerinə
yetirilməsinə nəzarəti həyata keçirmək, bu tələblər pozulduqda
isə elektron sənəd mübadiləsini
qadağan etmək və ya dayandırmaq;
3.0.2.
sistem operatorunun və
iştirakçılarının idarələrarası elektron sənəd dövriyyəsinə məsul
olan rəhbər şəxsləri barədə
məlumatlı olmaq;
3.0.3.
sistemin təşkilati və metodiki təminatını həyata
keçirmək.
4. Sistemin operatoru
4.1. Sistem operatorunun əsas funksiyaları aşağıdakılardır:
4.1.1. sistemin əsas
qovşağında olan
və sistem iştirakçılarının qovşaqlarına mühafizə
olunan rabitə kanalları ilə göndərilən informasiyanı
icazəsiz daxilolmalardan
və təhrifetmələrdən
mühafizə etmək;
4.1.2. sistemin iştirakçıları
arasında elektron sənəd mübadiləsini
həyata keçirmək;
4.1.3. sistemin texniki-texnoloji
infrastrukturunun istismarını
təmin etmək;
4.1.4. sistemin informasiya
təhlükəsizliyini təmin
etmək;
4.1.5. sistem iştirakçılarında
elektron sənəd mübadiləsini bilavasitə
həyata keçirən
məsul şəxslərin
sistemdən istifadə
vərdişlərinin formalaşdırılmasını
və daim təkmilləşdirilməsini sistemin təşkilatçısı
ilə birlikdə təmin etmək.
4.2. Sistemin operatoru sistemin texniki texnoloji infrastrukturunun yaradılmasını sistem
iştirakçılarının qovşaqlarının yaradılması
və sistemin əsas qovşağından
sistem iştirakçılarının
qovşaqlarına qədər
rabitə kanallarının
təşkili yolu ilə həyata keçirir. Sistemin rabitə kanallarının
təşkili üçün
sistem operatorunun rabitə kanallarından istifadə olunur.
4.3. Sistemin operatoru texniki və mühafizə vasitələrinin
sazlanmasını, habelə
xüsusi proqram təminatının quraşdırılmasını
həyata keçirir.
4.4. Sistemin texniki-texnoloji infrastrukturunun istismarının
təmin edilməsi sistemin operatoru tərəfindən aşağıdakı
kompleks işlərin yerinə yetirilməsi yolu ilə həyata
keçirilir:
4.4.1. proqram-texniki vasitələrin
işlək vəziyyətdə
olmasının təmin
edilməsi;
4.4.2. proqram-texniki vasitələrin
istismarı zamanı aşkar edilən səhvlərin və nasazlıqların təhlil
edilməsi və aradan qaldırılması;
4.4.3. sıradan çıxmış
proqram-texniki vasitələrin
təmir edilməsi və ya yenisi
ilə əvəz edilməsi;
4.4.4. informasiya təhlükəsizliyinin
təmin edilməsi;
4.4.5. sistemin əsas
qovşağında yerləşən
məlumat bazalarının
saxlanılması, bərpa
edilməsi və ehtiyat surətinin yaradılması qaydalarının,
habelə virus əleyhinə
bazaların yenilənməsi
qaydasının müəyyən
edilməsi.
4.5. Sistem elektron sənədlərə baxılmasının
gedişatı barədə
sistemin iştirakçıları
üçün xəbərdarlıq
verilməsini təmin
etməlidir.
5. Sistemin iştirakçıları
5.1. Sistem iştirakçılarının
əsas funksiyaları
aşağıdakılardır:
5.1.1. sistem iştirakçılarının
qovşaqlarının və
bu qovşaqların texniki vasitələrinin yerləşdirilməsi üçün
xüsusi otaqlar ayırmaq, həmin otaqlara dair rejim
tədbirlərinin təşkil
edilməsini həyata
keçirmək;
5.1.2. idarələrarası elektron sənəd dövriyyəsi çərçivəsində
elektron sənəd mübadiləsini bilavasitə
həyata keçirəcək
məsul şəxsləri
müəyyən etmək;
5.1.3. mühafizə olunan rabitə kanalı ilə göndərilənədək informasiyanın
icazəsiz daxilolmalardan
və təhrifetmələrdən
mühafizəsini təmin
etmək.
5.2. İşlənilən materialların
(səyyar informasiya daşıyıcıları, printerlər
üçün kartriclər
və s.) alınmasının
maliyyələşdirilməsi sistemin iştirakçıları
tərəfindən həyata
keçirilir.
"İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"yə
əlavə
İdarələrarası elektron
sənəd dövriyyəsi
sisteminin iştirakçısı
olan qurumların siyahısı
1. Azərbaycan Milli Elmlər Akademiyası;
2. Azərbaycan Respublikasının
Dövlət Neft Fondu;
3. Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
4. Azərbaycan Respublikasının
Auditorlar Palatası;
5. Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti;
6. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;
7. Azərbaycan Respublikasının
Ticarət və Sənaye Palatası.
Azərbaycan.- 2012.- 5
sentyabr.- S.2.