Azərbaycan-ABŞ əlaqələri
müzakirə edilmişdir
Sentyabrın 4-də Milli Məclisin Sədri Oqtay
Əsədov Azərbaycanda səfərdə olan
ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa
və Avrasiya altkomitəsinin sədri Dan Börton ilə görüşdü. Qonağı salamlayan Oqtay Əsədov
dedi ki, ABŞ Azərbaycanın
dövlət müstəqilliyini
tanıyan ilk dövlətlərdən biridir. Bu il
diplomatik münasibətlərimizin 20 ili tamam olmuşdur
və bu münasibətlə Vaşinqtonda böyük konfrans keçirilib.
Ötən dövr ərzində əlaqələrimiz,
demək olar ki, bütün sahələrdə inkişaf edib.
Azərbaycan Prezidenti İlham Əliyev
Amerika Birləşmiş Ştatları ilə əlaqələrin
inkişafına böyük önəm verir. Azərbaycan
dövlətinin başçısının Amerikaya səfəri,
eləcə də ABŞ-ın yüksək vəzifəli
şəxslərinin ölkəmizə səfərləri
ikitərəfli əlaqələrimizin inkişafında
mühüm rol oynayıb.
Milli Məclisin Sədri Oqtay Əsədov
bildirdi ki, münasibətlərimizin daha da genişlənməsi
üçün möhkəm hüquqi baza da var. Bu günədək
iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əlaqələrimizin
inkişafına dair 75 sənəd imzalanıb. Ötən il
ölkələrimiz arasında ticarət dövriyyəsi 2
milyard ABŞ dollarından çox olub.
Görüşdə qeyd edildi ki,
parlamentlərarası əlaqələrimiz də yüksələn
xətlə inkişaf edir. Milli Məclisdə və Konqresdə
fəaliyyət göstərən işçi qrupları təkcə
qanunverici orqanlar arasında deyil, ölkələrimiz
arasındakı münasibətlərin genişlənməsində
də mühüm rol oynayırlar.
Oqtay Əsədov ümidvar olduğunu
bildirdi ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri
Riçard Morninqstarın fəaliyyəti müddətində
Azərbaycan-ABŞ əlaqələri daha da genişlənəcəkdir.
Dan Börton Azərbaycana səfərindən
məmnun qaldığını bildirdi. Azərbaycanın
dinamik inkişafından danışan konqresmen Milli Məclisin
inzibati binasının, deputatlar üçün
yaradılmış şəraitin onları valeh etdiyini diqqətə
çatdırdı. O, bu cür şəraitin ölkənin
sürətli inkişafının əyani sübutu
olduğunu vurğuladı.
Görüşdə
Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları, qanunvericilik sahəsində
əməkdaşlıq, təcrübə mübadiləsi və
s. məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2012.- 5 sentyabr.-
S.2.